Qazda yay endirimləri

Foto: Arxiv

Ötən ayın ortalarında mənim Azərbaycanla Türkiyə arasında paket qaz sazişinin imzalanması ilə əlaqədar olaraq aparılan danışıqların növbəti raundunun sonuncu olmayacağı ilə bağlı güman etdiklərim düz oldu. Avqustun 26-da İstanbulda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Türkiyənin dövlət boru şirkəti BOTAŞ arasında başlayan danışıqlara 3 gün sonra yekun vuruldu. Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç jurnalistlərə açıqlamasında bildirib ki, «Azərbaycan və Türkiyə imzalanmağa hazırlanan Paket qaz sazişinin texniki məsələlərini uzlaşdırırlar». Bundan sonra türkiyəli diplomat əlavə edib ki, danışıqların növbəti raundu sentyabr ayında olacaq.

YAY ENDİRİMLƏRİ

Avropanın enerji bazarında ikinci rübün nəticələri açıqlanandan sonra qaz istehlakçı ölkələr bir-birinin ardınca endirim edilməsi təklifləri ilə çıxış etməyə başladılar. Özü də bu o zaman baş verirdi ki, birjalarda neftin 1 barelinin qiyməti $110 ətrafında satılırdı. Yəni, kifayət qədər baha idi. İstehlakçı şirkətlər bu zaman o mövqedən çıxış edirdilər ki, Rusiyanın boru kəməri ilə Avropaya satdığı qazın qiyməti digər ölkələrdən tankerlərlə idxal edilən analoji həcmdəki maye qazın qiymətini nə az, nə çox – düz $100 üstələyir. Ona görə də onlar «Qazprom» şirkətindən daha ədalətli qiymətlə qaz alqı-satqısını həyata keçirmək üçün danışıqlara başlamağı tələb etdilər. Bir neçəsi isə əks təqdirdə məsələnin iqtisad məhkəmələrində baxılması ilə xəbərdarlıq etdilər. Artıq avqustun 18-nə kimi «RWE Transgas» (Polşa), SPP (Slovakiya), «Sheеll Energy Europe B.V.» (Hollandiya), «E.On Rurhgas» (Almaniya), «Eni» (İtaliya), «GDFSuez» (Fransa), «EconGas» (Avstriya), «GWH Gashandel» (Avstriya), «Centrex» (Avstriya) və DEPA (Yunanıstan) «Qazprom»a qiymətin endirilməsi ilə bağlı öz təkliflərini vermişdilər.



«Qazprom» 2011-ci ilin I yarısında özünün qaz ixracını əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24.6% artırmağa nail olub. Bu zaman təkcə Avropa bazarında satışın həcmi 15.9% artıb. Cari ildə Rusiyanın qaz ixracı görünməmiş tempdə 3 ölkədə artıb: İtaliyaya (85.9%), Türkiyəyə (65.6%) və Böyük Britaniyaya (30.8%). Ancaq buna baxmayaraq, Rusiya öz mövqelərini Avropanın əsas qaz idxalçısı olan iri ölkələrində itirməyə başlayıb: Almaniyada satış həcmləri 1.8% azalıb, Fransada isə 6.7%.

«Qazprom»un bazar qiymətləri əsasında keçmiş Sovet ölkələrinə qaz ixracı ($/1000 m3)

2011-ci ilin I rübü 2011-ci ilin II rübü
Baltikyanı ölkələr 337.24 391.13
Belarus 223.15 244.80
Ukrayna 264.05 297.10
Moldova 292.88 316.71

Baxmayaraq ki, «Qazprom» hər bir şirkətlə qaz alqı-satqısına dair uzunmüddətli saziş imzalayıb, o, çox həssaslıqla yanaşır bu məsələlərə. Belə ki, Rusiyanın qaz nəhəngi bazarda mövqelərinin itirilməsindən çox narahatdır: nə olsun ki, az qala bütün Avropa Rusiyanın ayağına «mavi yanacağa» görə gəlməyə və onun müəyyən istəyi ilə «oynamağa» da razıdır (hətta bu günlərdə dünyanın 1 nömrəli neft nəhəngi «ExxonMobil» Rusiyanın Arktik sularında kəşfiyyata başlamaq üçün Xodorkovskiyə məxsus YUKOS-un aktivləri əsasında yaradılmış «Rosneft»lə işbirliyinə qərar verdi). Reallıqda isə bazar çox mütəhərrikdir, onu itirmək, qazanmaqdan qat-qat çətindir.

«Qazprom»
Elə bu baxımdan da diqqətimi DEPA şirkəti ilə «Qazprom» arasında əldə olunmuş yeni razılaşma çəkdi. Avqustun 31-də DEPA şirkətinin qaz alışı üzrə direktoru Leonidas Drakatakis «Reuters»ə bildirib ki, «Qazprom»la əldə edilən yeni anlaşmaya əsasən, həm qazın qiymətinin aşağı salınmasına nail olunub, həm də 2012-ci ildən qazın idxal öhdəlik həcmlərində düzəlişlər edilib (ancaq yeni rəqəmləri kommersiya sirri kimi açıqlamayıb). Belə ki, əvvəlki sazişə əsasən, DEPA hər il «Qazprom» dan 3 mlrd kubmetr qaz idxal etməliydi, ancaq 2010-da Yunanıstan Rusiyadan cəmi 2.1 mlrd kubmetr qaz idxal etmişdi.

Bu arada Türkiyənin təbii sərvətlər və enerji naziri Taner Yıldız da «Reuters»ə açıqlamasında «Qazprom»dan gileylənib ki, son 29 ayda aldıqları mavi yanacağın qiyməti 39% artıb. Ona görə də Rusiya tərəfi ilə yeni qaz sövdələşməsində israrlıdırlar. Rusiyanın isə Türkiyədən öz istəkləri var...

AZƏRBAYCAN KİMİ YAMSILAYIR

Rusiya artıq çoxdandır ki, (Vladimir Putinin hakimiyyətini möhkəmlətməsindən sonra) «mavi yanacaq»dan bir təsir vasitəsi kimi həm xarici siyasətində, həm də xarici iqtisadi əlaqələrində ustalıqla istifadə edir. Azərbaycan da 2008-ci ilin mayından özü üçün yeni bir sahə tapıb – qaz danışıqları. Düzdür, hələ ki, biz bunun Rusiya variantını - «xarici siyasət + qaz diplomatiyası = qaz biznesi» formulunu həyata keçirə bilməmişik, ancaq yerimizdə də saymırıq. İldən ilə qaz ehtiyatımız da çoxalır, mümkün alıcılarımız da, infrastruktur layihələrimiz də uzana-uzana gedir... Qalır bircə «texniki məsələləri» yekunlaşdırmaq.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.