Diktaturaların süqutu neft qoxuyurmu?

Foto: Arxiv

İnsanlarda konspirologiyaya maraq həmişə güclü olub. Hansısa hadisənin kökündə gizli bir plan aramaq, hadisələri daha çox qaranlıq müstəvidə şərh etmək, hər yerdə gizli sövdələşmə elementləri görmək – konspiroloji baxışı təxminən belə yozmaq olar. İndi hamının gözü önündə 30-40 ilin diktatura rejimləri çökür. Bunu 21-ci əsrin ruhu, insanlarda baş qaldıran güclü bir azadlıq hissi ilə izah etmək olar. Amma «ərəb baharı»nın əhatə etdiyi ölkələr, hamısı da olmasa, bəzisi neft ölkələridir. O yerdə ki, neft var, orada həmişə qlobal planların izini axtarmaq həvəsi də var.

NEFT NƏDƏN BELƏ AKTUALLAŞIB?

Neft son 150 ildə həmişə aktual olub, bunu etiraf etmək lazımdır. Amma əvvəlcə İraqda, daha sonra Liviyada NATO-nun hərbi müdaxiləsi başlayan andan belə təsəvvür yarandı ki, dünyanın ən güclü ölkələri böyük neft qıtlığı ərəfəsində əsas hövzələri nəzarətə götürürlər. Bu fikirdə rasional element odur ki, neft ehtiyatları həqiqətən də məhduddur, bəzi hesablamalara görə, bu ehtiyatlar bir neçə on ilə ancaq çata bilər. Bəşəriyyət hələ alternativ bir enerji mənbəyi tapmadığından neftlə bağlı bir təlaş keçirilir. Məsələnin qəliz tərəfi həm də ondadır ki, neft ölkələrinin bir çoxunda uzun illər avtoritar və müstəbid rejimlər hökm sürüb. Məsələn, Liviyanı götürsək, bu ölkə neftin hasilatına görə Afrika ölkələri arasında dördüncü yeri tutur. İndi bu rejimlər köhnə divarlar kimi uçurlar. Belə bir hal isə konspiroloji mühakimələrə əsas verir. Məsələnin siyasi tərəfi deyil, onun sırf geoiqtisadi tərəfləri ön plana çəkilərək çökən avtoritar rejimləri az qala neftin qarşısında bir sərhəd kimi təsəvvür edir, Qərb dövlətlərini bir işğalçı, yerli avtoritar liderləri isə milli və dövləti maraqların müdafiəçisi kimi qələmə verməyə cəhd edirlər. Amma ki, məsələnin kökünə baxanda, görürsən ki, əslində neftin əldə edilməsi üçün avtoritar rejimlər daha sərfəlidir, çünki onlarla saziş bağlamaq daha asandır və bu rejimlər tez bir zamanda böyük gəlirlər əldə etmək üçün hasilatın da daim artmasında maraqlı olurlar.

İNQİLABLAR VƏ DEMOKRATİYA NEFT HASİLATINI AZALDIR

İraq, 24 fevral 2011
İndi neftin qiyməti yüksək həddə çatıb. Qərbi Avropa əsasən Liviya neftini istehlak edirdi və ondan asılı idi. Fevral ayında başlayan inqilabdan sonra Liviyada neft hasilatı kəskin şəkildə düşüb. Əvvəllər gündə 1.6 mln barel neft hasil olduğu halda indi bu, 60 min barellə çatıb. İnqilabçılar tez bir müddətdə neftin hasilatını əvvəlki səviyyəyə qaldırmaq niyyətindədir və artıq bəyan edilib ki, neft şirkətlərinin əvvəlki hökumətlə bağlı bağladığı müqavilələr öz gücünü saxlayacaq. Amma ekspertlər belə hesab edir ki, əvvəllər mövcud olmuş səviyyəyə çatmaq üçün ən azı üç il vaxt lazımdır. Daha bir detalı qeyd etmək lazımdır ki, hətta M.Qəddafi dövründə neft 1969-cu ilə nisbətən iki dəfə az hasil edilirdi. Digər tərəfdən, İraqa da elə əvvəlki hasilat potensialını bərpa etmək üçün düz 8 il vaxt lazım gəldi. İranda şahın dövründə neftin gündəlik hasilatı 6 mln. barel idisə, bu gün 4 mln barel təşkil edir. Hətta Rusiyada sovet dövründə mövcud olmuş bir həddə çatmağa son illərdə nail olublar.

Bunları niyə qeyd edirəm? Kiçik bir arayışdan sonra məlum olur ki, avtoritar rejimləri çökdürən proseslər və elə inqilablar da neftin hasilatını dərhal artırmır. Bunun bir səbəbi infrastruktur pozuntularıdırsa, digər səbəbi də neftin hasilatına daha qənaətcil münasibət yaranmasıdır. Avtoritar rejimlərdən sonra demokratik rejimlər bərqərar olursa, vəziyyət bir az da mürəkkəbləşir. Demokratiyalarda qərar qəbul etmə proseduraları bir az çətinləşir, avtoritar rejimlərdə olduğu kimi qərarlar heç də tez qəbul edilmir. Burada bir neçə faktor özünü büruzə verir. Demokratiya vaxtı qərar bir neçə mərkəz tərəfindən qəbul edilir, bu isə sazişlərin hər bir bəndi ilə bağlı ciddi təftiş keçirilməsinə səbəb olur. Demokratiya vaxtı ölkə neftə milli sərvət kimi baxır və onun hasilatı üçün bir limit müəyyən etməyə cəhd edilir. Bundan başqa, ekoloji və digər faktorlar da var. Ona görə də elə əvvəldə qoyulan suala cavab olaraq bildirmək olar ki, bəzi avtoritar rejimlər çökəndən sonra dünya ölkələrinin bu rejimlərdəki sərvətlərə girişi artmır və bəlkə də əksinə azalır. Hər bir ölkənin tarixində neftin ən zorakı və sürətli hasilatı, neft gəlirlərinin səmərəsiz xərclənməsi məhz elə avtoritar rejimlərin vaxtına təsadüf edir. Bu, son illərdə ərsəyə gələn nəticə deyil, neft hasilatı ilə məşğul olan ölkələrin çoxillik təcrübəsi belə qənaətə gəlməyə əsas verir.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.