"Liviya Əjdahası"nın Azərbaycandakı müzakirələri

Liviya lideri Muammar Qaddafi (ortada), Misirk keçmiş prezidenti Hosni Mubarak (sağda), Yəmənin prezidenti Ali Abdullah Saleh (Mubarakdan solda) və Tunisin keçmiş prezidenti Ben Ali Şirtə şəhərində keçirilən Afro-Ərəb birgə sammitində, 10 oktyabr 2010



Artıq Liviyanın Azərbaycandakı səfirliyində belə Qaddafini devirmiş üsyançıların bayrağı dalğalanır, amma Azərbaycandakı “Qaddafisevərlər” öz mövqelərini müdafiə etməkdədirlər.

Məsələn, Milli Məclisin deputatı Gülər Əhmədovanı belə bir prinsipial məsələ narahat edir: Necə olur ki, Britaniyadakı iğtişaşlarda polis camaatı döyə bilər, həbs edə bilər, amma Liviyada eyni şey baş verəndə iğtişaşçılar inqilabçı olurlar, hökumət isə istefaya çağrılır?

Azərbaycanın Liviyadakı səfiri Qərb dövlətlərini Liviyadakı proseslərə qarışmaqda ittiham edir.

YAP rəsmisi Siyavuş Novruzov daha açıq mövqe sərgiləyir. Deyir “hamı bilir ki, Liviya, Misir, Tunis, Suriyada baş verənlər dünyanın yenidən bölüşdürülməsi planının əsas tərkib hissəsidir” və söhbət Qərbin Liviyanın neft sərvətlərini talamasından gedir. Bu da onun yekun qənaəti: “Bu gün İraqın təbii sərvətləri iraqlıların deyil, başqa-başqa xalqların mənafeyinə sərf olunur. Liviyada da belə olacaq”.
Bu söhbətləri emosional edən də odur ki, əslində Azərbaycan cəmiyyəti ərəb ölkələrini müzakirə etmir – bəzən dolayısı, bəzən birbaşa yolla məhz Azərbaycanın özünü müzakirə edir.

Liviyanın Azərbaycana Nə Dəxli?

Bu sualın qısa cavabını “Bəyin Oğurlanması” filmindəki sitatla vermək olar: O əjdahadan bizdə də var, ona görə. Bu söhbətləri emosional edən də odur ki, əslində Azərbaycan cəmiyyəti ərəb ölkələrini müzakirə etmir – bəzən dolayısı, bəzən birbaşa yolla məhz Azərbaycanın özünü müzakirə edir.

“Siyasi Dialoq”

Çoxdan bəri ilk dəfədir ki, Azərbaycan iqtidar nümayəndələri öz siyasi mövqelərini “əcəb edirəm” müstəvisində yox, arqumentlər müstəvisində əsaslandırmağa çalışırlar. Bu da müxalifətin çoxdan tələb etdiyi siyasi dialoq...

İqtidarın çeşidli müdafiəçiləri geopolitikanı iqtisadiyyata, sivilizasiyalararası
münasibətləri dinlərarası münasibətlərə, toplaşma
azadlığını suverenlik prinsipinə qatıb Qərbi ərəb ölkələrini işğal edib talan etməkdə suçlu sayırlar.

Bu arqumentləri nəzəri təhlil etmək olar, ancaq mənasızdır. Demək olar ki, məsələn, adam 42 il hakimiyyətdə oturub özünü, oğul-uşağını, yeznə-qayınını ölkədəki bütün var-dövlətin sahibi elan edəndə camaat nə vaxtsa partlayacaq.

Qərb aranı qızışdırdı-qızışdırmadı, axı cəmiyyətdə 42 il yığılan barıt nə vaxtsa partlamalıdır. Toplaşma azadlığını təhlil edib iğtişaşçı ilə öz siyasi etirazını ifadə edən vətəndaş toplantıları arasındakı fərqi də göstərmək olar. Neft oğurluğu məsələsinə ətraflı aydınlıq gətirmək də olar.

Amma təkrar edirəm, mənasızdır, çünki yuxarıdakı arqumentlərin sahiblərini öz verdikləri sualların cavabları qətiyyən maraqlandırmır. Ortada xalq etirazı ideyasına qarşı bir piar kampaniyası gedir və iki psixoloji fənddən istifadə edilir – ülvi hisslər axtarışı və suverenlik ideyasının təhrifi.
Cəmiyyət pisi dəyişəcək ideal qüvvə axtarışına çıxsa əbədiyyətə qədər gözləməli olacaq. Ancaq narazılıq mənbəyi olan hakimiyyəti müntəzəm qaydada dəyişib hökumətləri xalq qarşısında daha çox cavabdeh etmək olar.

Ülvilik Axtarışı

“Guya biz getsək, yerimizə gələnlər bizdən yaxşı olacaq?” “Guya indi Qərbi ya ərəb ölkələrində, ya Azərbaycanda demokratiya maraqlandırır?” Eyni istiqamətli arqumentlərdir. Ortada xalqı talan edən, onu əzən, haqlarını tapdalayan bir rejim var (məsələn, Liviyada).

Amma camaat belə bir fikir gimnastikasına dəvət edilir: əvvəlcə müəyyən etsin ki, öz ölkəsindəki siyasi etiraz nümayişlərini raket atəşinə tutan manyak hakimiyyəti əvəzləyəcək qüvvə ideal, saf, heç bir şəxsi marağı olmayan, vəzifədə-hakimiyyətdə gözü olmayan gözütox bir qüvvədir, ya yox. Sonra istənilən bir əvəzləyici qüvvədə bir əksiklik aşkar edilir və həmin qüvvə bu səbəbdən işə yararsız sayılır.

Eyni medalın o biri üzündə Qərbin rolu eyni yolla tənqid edilir. Qərbin hakimiyyət dəyişikliyində hansısa bir marağı aşkar edilir və sonra Qərb onda ittiham edilir ki, qaniçən Səddam Hüseyni, dictator Qaddafini və onun taylarını devirmək istəyərkən onu maraqlandıran demokratiya, insan haqları, ümumbəşəri ədalət və s. deyil, konkret siyasi-iqtisadi maraqlardır.

Yenə də bu fikir gimnastikasının nəticəsinə fikir verin – gərək Səddamı asmayaydılar, gərək Qaddafini yıxmayaydılar. Bütün bu “ikili standart” demqogiyasının niyyəti bundadır – “dəyişiklik pisdir, qoyun oturmuşuq yerimizdə”.
Fərz edək ki, Qərb ölkələri yığışıb İraqı və Liviyanı neftə görə işğal edirlər. Məgər Qərbin “taladığı” neft həmin o ölkələrin xalqlarınındır? Sadə iraqlı üçün çoxmu fərqi var ki, nefti Səddam Hüseyn, onun ailəsi satıb varlanır, yoxsa Qərbin hansısa neft şirkəti?


Cəmiyyət pisi dəyişəcək ideal qüvvə axtarışına çıxsa əbədiyyətə qədər gözləməli olacaq. Ancaq narazılıq mənbəyi olan hakimiyyəti müntəzəm qaydada dəyişib hökumətləri xalq qarşısında daha çox cavabdeh etmək olar. Qərbin sırf ülvi hisslərdən çıxış edəcəyini gözləmək də eyni dərəcədə mənasızdır. Ancaq bir ailənin, bir tayfanın yox, xalqın seçdiyi bir hakimiyyət qurmaq olar ki, nə Qərb, nə Şərq o hakimiyyəti əldə oyuncağa çevirə bilməsin.

Suverenlik

“Nefti Liviyanın, İraqın... əlindən almaq istəyirlər”. Fərz edək ki, Qərb ölkələri yığışıb İraqı və Liviyanı neftə görə işğal edirlər. Məgər Qərbin “taladığı” neft həmin o ölkələrin xalqlarınındır? Sadə İraqlı üçün çoxmu fərqi var ki, nefti Səddam Hüseyn, onun ailəsi, tikritli bir neçə iri biznesmen satıb varlanır, yoxsa Qərbin hansısa bir neft şirkəti?

“Qərb Liviyanın suverenliyini pozaraq ora hərbi müdaxilə edir” arqumentindəki “suverenlik” sözünün məna yükünə diqqət yetirək. Deyək ki, Qərb həmin o suverenliyi pozur. Söhbət kimin və nəyin suverenliyindən gedir? Niyə görə Liviya xalqı Qəddafini “özününkü” sayıb onu xarici müdaxilədən müdafiə etməlidir? Əgər Qərb dirəşib nefti bu diktatorun əlindən alırsa (fərz edək ki, Qərb özünü tam yırtıcılığa qoyub), bu davadan xalqa nə?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.