Sorğusuz – sualsız milyonlar

Aleksandr Lukaşenko və İlham Əliyev - 3 iyun 2010

Mən də bir vaxtlar hamı kimi «Azadlıq» meydanında keçirilən bütün mitinqlərə gedirdim. O vaxt hələ müstəqillik haqqında poetik – şairanə təsəvvürlər var idi. Hamı müstəqilliyə bir qurtuluş və ümumi rifah yolu kimi baxırdı. İnsanlar neftdən gələcək gəlirləri hesablamağı sevirdilər. Hətta bir dəfə tribunadakı çıxışçılardan biri dedi ki, neftdən gələn gəlirlərin hesabına Azərbaycanın elə bütün ərazisini bir neçə santimetr qızıl təbəqə ilə örtmək olar! Bəli, şişirtmə çox idi, amma deyilənlər tam əsassız da deyildi. Sadəcə, o vaxtlar meydana toplaşan yüz minlərlə insan nəzər almırdı ki, ölkənin təkcə sərvətinin olması hələ azdır, bu sərvəti ədalətlə xərcləmək üçün effektiv siyasi sistem, normal hökumət də lazımdır. Bəlkə də o vaxtlar öz gücünə inan yüz minlərlə insan bunu norma kimi qəbul edirdi, onlar hətta güman da etmirdilər ki, onların və övladlarının qismətinə pis hökumət də düşə bilər. Çox güman ki, bunu çox yerdə ehtimal etmirdilər, amma bəzilərinin ehtimalı düz çıxdı, bəzilərinin isə əksinə...

Mən bu sətirləri burada təsadüfən yazmadım. Bu günlərdə məlum oldu ki, Azərbaycan hökuməti növbəti dəfə də Belarusa özünün yardım əlini uzadıb – ona hədsiz dərəcədə az faizlə 300 milyon dollar kredit ayırıb. Ötən ay Belarusun Baş naziri ölkəyə səfər edərkən hamı duymuşdu ki, bəyaz rus xalqı bu dəfə də kredit dalınca gəlib. Elə bundan bir-iki ay əvvəl də həmin Belarus hökumətinin xahişilə bu ölkəyə fantastik bir sürətlə böyük yardım edilmişdi. O vaxt bunu qəribə məntiqlə əsaslandırdılar – bu, Azərbaycanın mövqelərini möhkəmlədəcək. Bəlkə də. Amma harada? Belarusun indiki siyasi rejimini hətta Rusiya da sevmir. Qərbdənsə danışmağa belə dəyməz.

OTUZ İL HAKİMİYYƏTDƏ, İNDİ İSƏ XƏRƏKDƏ

Bəli, bu, çox miskin mənzərə idi. Otuz il hakimiyyətdə olan H.Mübarək indi məhkəmə qarşısına xərəkdə çıxarılır. Onun səhhətinin həqiqi vəziyyəti ilə bağlı dəqiq məlumatım yoxdur. Bir epizodda üzündən – gözündən qəzəb və hökm yağan serb generalı Mladiç də indi özünü xəstə kimi aparır. Mən digər detala diqqət yetirmək istəyirəm. Bir vaxt Azərbaycan hökuməti H.Mübarəkə də çox isti münasibət bəsləyirdi. Xırdalanda onun heykəli qoyulmuşdu, elə qadınının adına da məktəb açılmışdı.
Hüsnü Mübarək Moskvada, 2 noyabr 2006
Axırı, sonu nə oldu? H.Mübarək özünü hakimiyyətdə saxlaya bilmədi və heykəl də götürüldü, məktəbin adı başqa bir ada dəyişdirildi. Bir vaxt bu hakimiyyət özünü H.Mübarəkin, Misir xalqının dostu hesab edirdi, amma indi Azərbaycan nə Mübarəkin, nə də Misirin və onun xalqının yadına düşür.

Buradan hansı nəticə hasil olur? Avtoritar bir rejimlə yaxınlıq etmək həqiqətən də siyasi risk tələb edir, onların liderləri də bu gün var, sabah yoxdur... Kim bilir, A.Lukaşenkonu hansı aqibət gözləyir? Hətta Rusiya mətbuatı bir neçə il bundan əvvəl bu adama Belarusbaşı adını verib. Avropa bu adamdan dad edir, onu öz tarixlərinin ən mürtəce liderləri ilə müqayisə edirlər. Belaruslar artıq onun haqqında ciddi danışmaq istəmir, çünki keçmiş sovxoz direktoru hakimiyyətin ən yüksək pilləsinə adlasa belə, yenə də sovxoz direktoru olaraq qalır, siyasətin ən elementar etiketlərinə də əməl etmir. Onun hakimiyyətdə qalması üçün heç bir zərurət yoxdur, çünki o, ölkəni kazak atamanlarından da pis idarə edir. Ümumiyyətlə, rəsmi Bakı son vaxtlar sanki demonstrasiya ilə məşğuldur - Serbiyaya böyük bir dəstək verir, A.Lukaşenkonu maliyyələşdirir. Burada bir məntiq varmı? Onlar bunu sanki kiminsə acığına edirlər. Məntiq budursa, buna ancaq gülmək olar və təbii ki, gülməyə taqət varsa...

MİLYONLARA HARADA EHTİYAC VAR?

Milyon Azərbaycanda artıq hesaba alınmayan vahiddir, elə bir də görürsən ki, harasa, ən adi bir layihəyə bir neçə milyon ayrılıb. Xüsusən yol çəkilişi pulların «yuyulması» vasitəsinə çevrilib. Amma bu pullara bir çox problemi həll etmək olardı. Mənzil problemini yoluna qoymaq olardı, çünki indi Bakı boş mənzillərin sayına görə bəlkə də birinci şəhər olsa da, insanların çoxu bu mənzilləri ala bilmir. Təhsil haqları qaldırıldığından təhsil bir imtiyaza və arzuya çevrilmək üzrədir, halbuki xüsusi təhsil fondu yaradıla bilərdi, tələbə də bu fondan təhsil haqqını ödəmək üçün kredit götürər və sonrakı əmək fəaliyyəti dövründə bu vəsaiti dövlətə qaytarardı. Nəhayət, milyonlar sovet vaxtı banklarda batmış əmanətlərin qaytarılmasına sərf oluna bilərdi, artıq bir neçə keçmiş sovet respublikasında bu problem özünün həllini tapmaq üzrədir. Qərəz, xərcləməyə vacib ünvanlar çoxdur, elə pul da çoxdur, amma sahibi yoxdur...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.