Demokratiya müqayisə olunsa...

Yerevanda müxalifətin aksiyası, 30 iyun 2011

«Freedom House» təşkilatının rəhbərinin Azərbaycanda insan haqlarının və demokratiyanın vəziyyəti ilə bağlı iradlarını dövlət rəsmiləri dərhal birtərəfli və subyektiv fikirlər kimi qiymətləndirsələr də, təxminən eyni bir məzmunda ABŞ Konqresinin alt komitəsinin təmsilçiləri də çıxış ediblər. Maraqlıdır ki, iradlarda Ermənistandakı vəziyyətin xoşagəlməz olduğu bildirilsə də, bunun Azərbaycanda daha ağır haldaca olduğu qeyd olunur. Azərbaycan rəsmiləri, xüsusən də İ.Əliyev, tez – tez iki ölkədəki demoqrafik, hərbi, iqtisadi, siyasi göstəriciləri müqayisə etməyi sevir. Təbii ki, belə müqayisələr olmalıdır, zira onlar iki dövlətin vəziyyətini düzgün qiymətləndirməyə imkan verir. Amma müqayisə bütün parametrlər üzrə aparılmalıdır. Sözsüz ki, Ermənistanda da demokratiyanın vəziyyəti xoşagələn halda deyil, lakin son vaxtlar müxalifət ilə hakimiyyət arasında ciddi bir anlaşmanın təzahürlərini sezmək olar.

Bəli, bu gün Azərbaycanda inflyasiyaya məruz qalmış anlayışlardan biri də dialoq və bununla bağlı tədbirlərdir. ATƏT-in Bakı bürosunun keçmiş rəhbəri tez-tez müxalifətlə iqtidar arasında «dialoq» keçirməyi sevirdi. Lakin daha çox belə təəssürat yaranırdı ki, cənab Ə.Çankorel bu «dialoq»ları öz hesabatları üçün keçirir, çünki orada hansı məsələlərin müzakirə olunduğu, nə qərarlar qəbul olunduğundan baş açmaq olmurdu. Müxalifət istəyirdi ki, hakimiyyət belə tədbirlərdə daha sanballı nümayəndə heyəti ilə təmsil olunsun. Amma hakimiyyət müxalifəti ciddi bir siyasi qüvvə kimi nəzərə almadığından buna əməl etmirdi və beləcə «dialoqlar» da bir neçə saat adi danışıqlarla müşayiət olunur və heç bir nəticə olmadan bitirdi. İndi isə hətta bu da yoxdur. Amma Ermənistanda isə vəziyyət fərqlidir.

ƏYALƏT ELİTASI ÖZÜNÜN SEVİLMƏDİYİNİ BAŞA DÜŞÜR

Bəli, Ermənistandakı indiki siyasi elita əyalət elitasıdır. Erməni siyasətində tez-tez «Qarabağ klanı» adlandırılan bu adamlar özlərinin yerli, mərkəzi elita tərəfindən sevilmədiyini başa düşürlər.
Azərbaycanda müxalifət hələ də özü üçün «Günəş altda bir yer» qazana bilməyib
Düzdür, indi Ermənistanda elə mərkəzi elitanın özü də bir qədər dəyişikliyə məruz qalıb, çünki bu ölkədən güclü mühacirət axını var. Amma paytaxt əhalisi hələ də qalır. Daha çox elə Qarabağ döyüşlərində iştirak etmiş hərbi elita indi Ermənistan Milli Hərəkatı timsalında, necə deyərlər, yerlilərlə dil tapmağa çalışır. Amma mübaliğəsiz demək olar ki, bu gün Cənubi Qafqazda ən güclü müxalifət Ermənistandadır və güman edirik ki, heç kim bununla mübahisə etməz. Hətta rus analitikləri də tez-tez Ermənistanda «ərəb baharı»nın baş verə bilməsi haqda yazırlar.

Müxalifət artıq irəliləyişlərə nail ola bilib. O, istədiyi yerdə aksiya keçirə bilir və hətta ölkənin «Azadlıq» meydanında da toplaşır. Siyasi məhbuslar haqda da razılaşma əldə olunub. İndi isə müxalifətin əsas tələbi – növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi təklifi müzakirə olunur. Təbii ki, Ermənistanın hakim siyasi qüvvəsi bunu ürəkdən etmir, amma o, ölkədə siyasi vəziyyəti və eləcə də dünyadakı prosesləri qiymətləndirməyi bacarır.

Azərbaycanda isə məhz bu çatışmır, hakim siyasi qüvvə ölkəni uzaq, tənha ada kimi təsəvvür edir, sanki regiondakı və dünyadakı proseslərin bura elə də dəxli yoxdur.

MÜXALİFƏTİN «GÜNƏŞ ALTINDA YERİ»

Bir qrup azərbaycanlı jurnalist hədə dolu məktublar alıb. Təbii ki, mən bunu dərhal hakimiyyətlə bağlamaq fikrindən uzağam. Amma elə ən qorxulusu da budur ki, bəzi hallardaca insanlara qarşı zorakılığı hakimiyyətin təəssübkeşi və ya kölgə strukturları timsalında çıxış edən insanlar edirlər. Üstəlik, bu da ölkə siyasətinin yeganə özəlliyi deyil. İndi aprel aksiyalarının iştirakçılarının məhkəməsi gedir, gündə bir adamı məhkum edirlər. Burada növbədənkənar parlament və ya prezident seçkisi haqda heç danışmağa dəyməz. Müxalifət qonşu ölkələrin müxalifətindən fərqli olaraq hələ də özü üçün «Günəş altda bir yer» qazana bilməyib, hətta aksiyalarını da keçirə bilmir. E.Heminqueyin məşhur «Qoca və dəniz» əsərində qoca dənizçi yuxularında dəniz sahilində oynaşan şir balalarını görürdü. İndi Bakıda da «Azadlıq» meydanı ancaq və ancaq yuxularda görünür...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.