Qırmızı don, güllü yaylıq... bir də canlı kəpənəklər

Sevda İsmayıllı

Həftə nə yaman ağır keçdi. Həm də bitmək bilmirdi. Üstəlik, çox isti oldu.
Bizim bayram -- Mətbuat Bayramı da lap istidən-isti günə tuş gəldi -- meteohəssas insanlara küçəyə çıxmaq yasaqlandı. Jurnalistlər meteohəssas insanların ön cərgəsində durmurmu?

Di gəl, bayram günü evdən çıxma. Bəs sevimli Həsən bəy Zərdabinin adına bağlı günü kondisionerli evdə tək-tənha necə qutlayasan? Evdən çıxdım və iki gün özümə gəlmədim...

DÜNYA HEÇ KİMİN?

Amma gözəlim dünya öz işindəydi.
Avropanın iflasdan qurtara bilməyəcəyi barədə söhbətlər gəzirdi.
Afrikada yenə acından ölənlər vardı.
NASA kosmosda sonsuzluq işarəsi gördüyünü bəyan edirdi.
Norveçdə 32 yaşlı cavan 100-ə yaxın insanın qatili olmuşdu.
«Fənərbaxça»lı Əziz İldırım həbsxana ilə xəstəxananın arasında qalmışdı.
Diffamasiya haqqında qanunun bu il qəbul olunacağı xəbəri yayılmışdı.
Bəxtiyar Hacıyevi Şüvəlandan Qızıldaşa köçürmək istəmişdilər.
Və s. və i.a.

MONRONUN ƏTƏYİ...

Ötən ay Merilin Monronun filmdəki məşhur paltarını auksionda satışa çıxaran, beş-on gün öncə onun ətəyinə heykəl qoyan amerikanlar indi də bu sönməyən ulduzun pornokasetini avqustda satışa buraxmaq hayındadılar.

Yazıq Merilin! Ölüsündən də əl çəkmirlər.
Ölüsü də pul qazandırır.
Filmdəki erotik pozu da heykələ çevrilir.
Bu bir yana, bəs bu 1947-ci ildə çəkilmiş ağ-qara kaset söhbəti nədir?
Onsuz olmazdımı? Həəə?

ŞAİQ VƏLİNİİN ÜSYANI...

YAP üzvü şair Şaiq Vəlinin Yazıçılar Birliyindəki aksiyası həftənin ən önəmli, ən illginc xəbəri oldu.

Uşaqlarına çörək tapmayan şair üç məktəbli uşağını da yanında gətirdi. Uşaqların boynundakı şüarlar da maraqlıydı.

Birində -- oğlanda – «Mən sənin sabahının əsgəriyəm, Vətən!» -- yazılmışdı. O birində -- qızın boynunda – «Qırmızı don, güllü yaylıq, qotazlı başmaq istəyirəm!» -- sözü vardı.
Və... lap kiçik oğlanın boynundan «İlhamla irəli!» şüarı asılmışdı...

Şaiq Vəli
Adını çəkmək istəmədiyim media ekspertinin bir qəzetə verdiyi intervyü yadıma düşdü. O bu cür olayları «bir beyində plüralizm» adlandırırdı.

SORAĞINI GÜL-ÇİÇƏKDƏN ALINCA MƏN... GÖRDÜM YOXSAN!

Elə də oldu. Mediada çıxan xəbərə inansaq, təxminən Şaiq Vəli üsyana qalxanda, ölkənin imkanlı nazirlərindən biri (təbii ki, eynən Şaiq Vəli kimi YAP üzvü) oğluna dəbdəbəli nişan mərasimi keçirib.

Yenə yazılanlara dayansaq, nişanda orijinallığı ilə seçilən çox şeylər yaşanıb. Onlardan biri xüsusilə yaddaqalan olub: havaya canlı kəpənəklər buraxılıb!..
Biri 40 manata!

Və beləcə, yəqin ki, Azərbaycanın nişan tarixində bir ilkə imza atılıb.

Kəpənəklər eynən məşhur mahnıdakı kimi uçub yox olublar.

Yalan-gerçək, bu kəpənəklərə yarım milyon pul xərcləndiyi deyilir...

SUMQAYITDA BİR «EV» VAR...

Amma nə deyirsən-de, bu həftə yadımda Mətbuat Bayramı kimi qalmadı.
Heç Merilin Monronun ətəyinin heykəlini görmək üçün Çikaqoya da getmək istəmədim.

Heç 40 manatlıq nişan kəpənəklərinin uçuşuna da heyrətlənmədim.
İki gün azarlamağıma da dözdüm.
Amma saytımızdakı video məni dəli elədi...
O videoda müxbirimiz Ülkər Şaiq Vəlinin Sumqayıtdakı evinə qonaq getmişdi.
Bimirəm, o evə ev demək olardımı?
Ülkərin qarşısına qonşudan alınan qəndlə-çay qoymuşdular.
Odur ki, şənbə-bazarı Şaiq Vəlinin bu şeirini astadan deyərək keçirdim:

«Qırmızı don, güllü yaylıq
Qotazlı başmaq istəyirəm,
Ölmək istəmirəm,
Mən yaşamaq istəyirəm...
...Mən sənin sabahının əsgəriyəm,
Böyüt məni, Vətən!»


P.S. Hə, bir də Ülkər deyirdi ki, Şaiq Vəlinin şeirləri heç də pis deyildi...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.