Sözün gələcəyi

Foto: Arxiv

Mətbuat gününün ərəfəsi həmişə təzadlı olur. Ömrünü bu sənətə bağlamış onlarla insan özlərinin etirafına görə, qarışıq hisslər keçirir. Nə təltiflər, nə jurnalistlərin cəmiyyətdə rolu haqda bəlağətli nitqlər, nə vəd olunan sosial proqramlar onların gələcəklə bağlı narahatlığını aradan qaldıra bilmir. Bəlkə onlar başqa bir ölkədə doğulsaydılar, bu qədər narahatlığa əsas da olmazdı. Hər dəfə həbsdən azad olunan jurnalistlər deyir ki, onların fikrincə, bir daha jurnalistləri həbs etməyəcəklər və onların hər biri özünü sonuncu məhbus jurnalist sayır. Hər bir jurnalist bilir ki, artıq ölkədə rəsmi senzura da yoxdur, amma onlar yazılı sözə görə təqiblərdən və təcavüzlərdən özlərini sığortalanmış hesab etmirlər. Beləcə, həyat davam edir, qarışıq, mürəkkəb.

Elə peşənin özü də yeni formatlar və formalardaca təzahür etməkdə davam edir. Təqiblərlə və təzyiqlərlə bərabər həm də jurnalistika kütləviləşməkdə və dairəsini genişləndirməkdədir. İndi oxunmaq da böyük fərasət tələb edir və hamının yazdığı dünyada oxunan müəllif olmaq hamıya müyəssər olmur. Yaxud bəlkə də az bir vaxt keçəcək yeni media ilə bahəm «nanoqəzet»lər yaranacaq. Adam bunu hələ hətta təsəvvür edə bilmir. Amma bu da yaxın gələcəyin sürprizidir. Çox qəribədir, indi «nanoqəzet»lərdən danışırıq və bunu tamam real hesab edirik, amma Azərbaycanda rəngli formatda qəzet yaranmadı, qəzetlərin hamısı ən yaxşı halda ikicə rəngdən istifadə edir.

Elə başqa bir detal da az düşündürmür. Bütün dünyada, əksər ölkələrdə qəzet həm də böyük biznesdir, redaksiyalar böyük korporasiyalardır. Amma indi belə bu Azərbaycan üçün qeyri-adi görünür, qəzet deyəndə, hamının gözü önünə bir – iki otaqda çalışan iki – üç fədakar gəlir. Beləcə, müqayisələri və tutuşdurmaları davam etdirmək olar. Amma görünür kiçik ölkələrin mediası üçün də kiçik tale ölçülüb – biçilib. Bəlkə də bunun səbəbini ölkələrin ölçü və coğrafi xüsusiyyətlərində deyil, kiçik ölkələrin siyasi elitasının böyük və sərhədsiz iddialarında axtarmaq
Qəzet deyəndə, hamının gözü önünə bir – iki otaqda çalışan iki – üç fədakar gəlir
lazımdır.

MEDİAYA DÖVLƏTİN ƏN YAXŞI DƏSTƏYİ NƏ OLA BİLƏRDİ?

İndi ölkədə mediaya dövlət dəstəyi proqramları həyata keçirilir. Prinsipcə, bunun özü elə də pis hal deyil. Hərçənd, başqa azad ölkələrdə bəlkə də bu hal medianın azadlığını məhdudlaşdıran detal kimi qiymətləndirilə bilərdi. Dövlətin bu maddi dəstəyini başqa tədbirlərlə də əvəz etmək olardı. Mətbuat azad olsaydı, azad reklam bazarı formalaşsaydı, dövlətdən heç bir maddi dəstək ummağa ehtiyac qalmazdı. Amma dövlət bunu etmək istəmir. Bunu özünün paternalist görüntüsü ilə əvəz edir. Bəlkə də bu, əski sovet üsulunu xatırladır, totalitar rejimlərdə dövlət mediaya birbaşa maddi yardım edir. Əsl dəstək isə, bir daha qeyd edirik ki, azad media mühiti yaratmaqdır. İndi təzə formalaşmaqda olan yeni media – internet mediası üçün də dövlət dəstəyi umulur. Amma bircə detalı yada salmaq lazımdır ki, indilər hamının və eləcə də dövlətlərin marağına səbəb olan internet layihələri heç bir dövlət dəstəyi olmadan yaranıb. Onların hamısının yaranması üçün əvvəldə bircə şərt olub – azadlıq...

DAHA BÖYÜK YUBİLEY ÜÇÜN TÖVSİYƏ

Bəli, ötən il mətbuat günü təmtəraqla qeyd olundu. Çox güman ki, bu il bir qədər sönük olacaq tədbirlər. Amma məsələ bunda deyil. Jurnalistlərin də mənzil şəraitinin yaxşılaşdırılması çox yaxşı işdir. Amma jurnalistlər həm də diffamasiya haqqında qanunun qəbul olunmasını gözləyirlər. Rəsmilər bir neçə dəfə öz müsahibələrində deyiblər ki, qanun qəbul oluna bilər. Amma o nə vaxt qəbul olunacaq? Bunu heç kim bilmir. Bir neçə jurnalist də onlara edilən zorakılığın araşdırılmasını, bu hallara son qoyulmasını, müqəssirləri cəzalandırmağı tələb edirlər. Amma bu da hələ sükutla müşayiət olunur. Bir neçə qəzet də üzücü məhkəmə prosesinə cəlb olunub və onlar bu mənasız proseslərin bitməsini gözləyirlər. Amma bunun da bitib – bitməyəcəyi hələ məlum deyil... Bəlkə də növbəti mətbuat günü ərəfəsində jurnalistlər, media özünün ənənəvi həyatını yaşayır desək yanılmarıq. Amma bu ənənələri də dəyişməyin vaxtı deyilmi?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.