İnsanları dəyişikliklər niyə qorxudur?

Rəşid Şərifin karikaturası - Déjà vu

Bəri başdan deyim ki, təbiətən mühafizəkar insanlar olur. Onlara hər yerdə, bütün ölkələrdə təsadüf olunur. Bu insanlar ənənələrə, mövcud ictimai və siyasi münasibətlərə bağlı olur, onların dəyişməsini arzulamır, bu dəyişiklik onlarda böyük müqavimət hissi oyadır. Təsadüfi deyil ki, mühafizəkarlıq o qədər təkmil forma alıb ki, hətta müasir dünyanın əsas ideoloji və siyasi, eləcə də kulturoloji cərəyanlarından biridir. Amma məqsədimiz burada heç də dünyada konservatizm və bəzən neo – konservatizm adlandırılan cərəyan və ideyaları tədqiq etmək deyil, bizim üçün insanların sadəcə, dəyişikliklərə, reformalara reaksiyası maraq kəsb edir.

Bəli, ilk baxışda mühafizəkar insan üçün sübut – dəlil ola biləcək bir dünya nizamı var – ətrafımızdakı təbiət və başımızın üstündəki səma, ulduzlar... Bizə elə gəlir ki, bütün bunlar min illər boyu dəyişməz nizam və qanunla idarə olunur. Lakin bu, ilk baxışda belədir və elmlə hətta epizodik tanışlıq göstərir ki, əslində onlar çox gur evolyusiya prosesi yaşayırlar, sadəcə sürət və xarakterik zaman fərqlidir və bir insanın ömrü bəzən həmin dəyişiklikləri hiss etməyə kifayət etmir. Elə bu səbəbdən dəyişikliyi həyatın ayrılmaz bir atributu kimi qəbul etmək lazımdır. Bəs niyə insanlar bir çox hallarda dəyişikliyə çox çətin alışırlar, onları ağır qəbul edir və bunların baş verməməsini istəyirlər?

İNSAN PSİXOLOGİYASI VƏ SİYASİ REALLIQLAR

Bütün varlıqlar kimi insana da bir ətalət hissi xasdır, «hərəkətə gəlmək» və yeni bir şeyi qəbul etmək üçün bir vaxt, zaman tələb olunur – elə təbiətdəcə də belədir, sistem bir haldan başqa ani olaraq keçmir. Həm də demək olar ki, bütün insanlarda bir inamsızlıq, tərəddüd hissi olur. İnsan tez-tez özünəcə sual verir: mən bunu bacararammı? Məhz iqtisadi islahatlar zamanı, dövlət özünün paternalist funksiyasından imtina edərək öz həyatı üçün qayğıları insanın özünün öhdəsinə buraxanda belə, bir psixologiya özünü büruzə verir və təzahür etdirir. Mən totalitar sovet quruluşundan demokratik cəmiyyətə keçid dövrünü xatırlayıram. İnsanlar çox tərəddüd edirdilər, bəzən onlar bir totalitar utopiyanı başqa biri ilə əvəz etməyə çalışırdılar. Məsələn, elə həmin dövrdə azərbaycanlılar sovet quruluşunun süqutundan sonra baş verəcək iqtisadi azadlıqlara deyil, utopiyaya can artırdılar – hamı neftdən və qazdan gələcək gəlirləri hesablayır, bunun adambaşına düşəcək hissəsini müəyyən etməyə tələsirdilər.
Rəşid Şerifin karikaturası - Tunel
Hətta Azadlıq meydanındakı çıxışlar da elə bu motivdə idi – ruslar bizim sərvətimizi talan edir, indi bu sərvət özümüzə qalacaq və Azərbaycan Küveyt olacaq!

Bəli, çıxışların əsas motivi bu idi. Amma digər səbəblər də var. İnsanlar daha nəyə görə dəyişikliyi sevmir? Onların əksər hissəsinin təsəvvüründə dəyişiklik həm də itkilərlə assosiasiya yaradır və ona görə də insanlar dəyişikliyi sevmirlər. Çar imperiyası süqut etdi və elə o vaxt insanların bir hissəsi nəyi vardısa hamısını itirdi. Sovet quruluşu da elə bunun kimi! İnsanlar çox çətinliklə sovet quruluşunda bəzi imtiyazlar, eləcə də hüquqlar qazanmışdılar (sosial hüquqlar!), onun süqutu ilə bunlar itdi və bütün bunun yerində böyük boşluq yarandı...

İNSANLARA HANSI DƏYİŞİKLİKLƏR LAZIMDIR?

İnsanlar ilk növbədə əmin olmalıdırlar ki, dəyişiklik onlara məhrumiyyətlər, yeni problemlər gətirməyəcək. Onlar bilməlidirlər ki, dəyişikliklərdən sonra onların azadlığı daha da möhkəmlənəcək, daha da genişlənəcək. Bəli, təməl hüquqlar bir daha toxunulmaz qalacaq. Mülkiyyət institutu möhkəmlənəcək.

Dəyişiklik insanların malik olduqlarını azaltmayacaq, əksinə onları artıracaq və çoxaldacaq. Təməl hüquqlar, toxunulmaz mülkiyyət və bir də yüksək bir rifah – dəyişiklik bunu vəd edərsə, güman ki, o dəstəklənər. Qərbdə insanlar niyə görə daha liberal olurlar? Ona görə ki, orada dəyişməz bir tendensiya var – hüquq və azadlıqlar daim genişlənir, əhatə dairəsi artır və onlar daha çox insana şamil olunur. Bircə anlığa hüquqların inkişaf mənzərəsini yada salaq: aristokratizmin aradan qaldırılması, irqi seqreqasiyanın ləğvi, gender bərabərsizliyinə son qoyulması! Diqqət etdinizsə, zaman keçdikcə, azadlıq öz sferası daim genişləndirib. Elə buna görə də, məsələn, Qərbi Avropanın bəzi ölkələrində insanlar post – liberal bir cəmiyyətdə yaşayırlar və reforma onları qorxutmur... İnsanlar əmindir ki, dəyişiklik onları üçün yeni hüquqlar, yeni imkanlar gətirəcək və onlar itirmək əvəzinə qazanacaqlar...

Sözsüz ki, bu, hər yerdə belə deyil. Avropanın da böhran yaşayan ölkələri var. İndi o ölkələr sərt iqtisadi siyasət yürütməyə məhkumdurlar. Bu, isə bir çox sosial hüquqların məhdudlaşdırılması və bir çox qayğıların insanların öz öhdəsinə buraxılması deməkdir. Ona görə də insanlar bir çox hallarda bu dəyişikliyi qəbul etmək istəmir, etiraz edirlər. Amma bu da müvəqqətidir, bir zamandan sonra hər şey öz yerini tapacaq, əlahəzrət azadlıq öz sözünü deyəcək...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.