İlham Əliyevin Yaxın Şərq siyasəti niyə dəyişdi?

Mahmud Abbas və İlham Əliyev

Bakıda sual qoymaq və ona cavab tapmaq çətindir, xüsusən də bu suallar xarici siyasətlə bağlı olanda. Amma bir məsələ də var ki, siyasəti də xarici siyasət olmadan təsəvvür etmək mümkün deyil. Qərəz, yerli telekanallar və hakimiyyətə yaxın mətbuat ikicə gün ərzində İlham Əliyevi dünyanın ən cəsarətli siyasi bəyanatının müəllifi etdi. Söhbət onun Fələstin prezidenti Mahmud Abbasla keçirdiyi birgə mətbuat konfransında dediyi sözlərdən gedir. İ.Əliyev dedi ki, Azərbaycan paytaxtı Şərqi Qüdsdə olan suveren Fələstin dövlətinin elan olunmasının və yaradılmasının tərəfdarıdır. Artıq üç gündür ki, görüş başa çatıb, M.Abbas öz vətəninə qayıdıb, amma İ.Əliyevin bu bəyanatı hələ də bir çoxlarını düşündürməkdədir.

Bəli, bəyanat Azərbaycan rəhbəri üçün bir o qədər də xarakterik deyildi. Çünki bu ölkənin İsraildə səfirliyi hələ açılmasa və bu, müəyyən səbəblərdən yubansa da, müqayisə edildikdə İsrail Azərbaycanın xarici siyasətində daha üstün çəkiyə malikdir, nəinki Fələstin. Bəs onda İ.Əliyevi bu bəyanatı verməyə nə vadar etdi?

«WİKİLEAKS» BİR ŞEY YAZIRDI, İ.ƏLİYEV BAŞQA ŞEY DEDİ

Çox maraqlıdır ki, məşhur «Wikileaks» saytının açıqlamalarında İ.Əliyev hətta Türkiyəni İsrailə qarşı apardığı siyasətə görə tənqid də etmişdi. Bəlli olduğu kimi, son vaxtlar Türkiyənin İsrail ilə münasibətlərində ciddi bir soyuqluq var.
İsrail polisi Qüdsdə fələstinli etirazçıları saxlayır, 15 may 2011
İ.Əliyev məhz bu amili nəzərdə tutaraq Türkiyənin bu siyasətini tənqid etmişdi. Amma indi o, özü siyasətin əqrəbini Fələstinə tərəf çevirməkdən o qədər də ehtiyat etmir. Prinsipcə, o, beynəlxalq hüquq normalarını və BMT tərəfindən qəbul edilən sənədləri müdafiə etdiyini deyə bilər. Amma məsələ də elə bundadır ki, bu normalar və sənədlər bu gün qəbul edilməyib, onlar əvvəllər də vardı və onlar elə əvvəllər də Azərbaycan prezidentinin diqqətini cəlb edə bilərdi. Amma nədənsə bu, indi baş verdi, üstəlik, Bakıda Fələstinin ilk səfirliyi də açıldı. Hər halda, əlaqələrdə ciddi bir sıçrayış baş verdi. Məhz bu səbəbdən motivlər hələ bir qədər dumanlı qalır. İsraillə də Azərbaycanın çox geniş əlaqələri var, İsrail hətta Azərbaycan neftinin əsas alıcılarından biridir. Təsadüfi deyil ki, Bakının yəhudi icmasının nümayəndələri artıq bu bəyanatın yüngül formada desək, İsraillə Azərbaycan arasında bir incikliyə gətirib çıxaracağını deyirlər. Amma ən ağlabatan versiya budur ki, bu vaxta qədər İsrailin dostu elan edilən Azərbaycan o qədər də təmənnasız deyil və bəyanatın məhz indi səsləndirilməsi də təsadüfi deyil.

AZƏRBAYCAN TŞ-NİN QEYR-DAİMİ ÜZVÜ OLMAQ İSTƏYİR...

Bəli, Azərbaycan BMT Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvü olmağa can atır. Fələstin də bu il BMT-də 1967-ci il sərhədlərinin tanınmasına çalışır. Göründüyü kimi, hər iki dövlətin qarşısında kifayət qədər ciddi məqsədlər var. Həm də bir detalı qeyd etmək lazımdır ki, Azərbaycanın öz istəyini reallaşdırmaq və
BMT Təhlükəsizlik Şurası
buna nail olmaq yolu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) rəğbətini və razılığını almaqdan keçir. Bütün islam dövlətləri Azərbaycanın namizədliyini müdafiə edərsə, bu, həqiqətən də böyük siyasi dəstək olar, çünki İƏT BMT-dən sonra ən böyük təşkilatlardan biridir. Fələstinin də dəstəyi o qədər də zəif deyil. İndiyədək ancaq ABŞ bildirib ki, 1967-ci il sərhədlərinin tam tanınması haqda qətnamə qəbul edilərsə, bunun əleyhinə olacaq, digərləri isə çox güman ki, Fələstini müdafiə edəcəklər.

Burada digər bir amili də qeyd etmək lazımdır. Hətta Türkiyənin yerli müşahidəçiləri R.T.Ərdoğanın siyasətində ərəb vektorunun türk amilindən daha üstün olmasından giley edir və bunu tənqid edirlər. Amma bu, bir reallıqdır və bu gün də Türkiyədə həmin siyasət və həmin kabinet qüvvədədir. Çox güman ki, Azərbaycanın öz Yaxın Şərq siyasətini bir qədər korrektə etməsi həm də Türkiyənin təsiri ilə bağlıdır, çünki axır vaxtlar münasibətlərdə bir soyuqluq vardı. Sözsüz ki, rəsmi Bakı başa düşür ki, onun böyük siyasi planlarını ilk növbədə islam dövlətləri və xüsusən də Türkiyə müdafiə edə bilər. Amma Azərbaycan bir detalı nəzərə almaq istəmir, böyük siyasətdə iştirak təkcə imtiyazlar deyil, həm də öhdəliklər verir və bəzən mürəkkəb seçim etməyə vadar edir. İndi Azərbaycan belə mürəkkəb siyasətə hazırdırmı? Bax, elə bu suala da cavab vermək o qədər də asan deyil. Hər halda, rəsmi Bakı hesab edir ki, onlar bu gün artıq buna hazırdırlar...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.