«Trubalar» arasında sıxılanlar

İlham Şaban

Ötən həftə Bakıda «Caspian Oil & Gas-2011» beynəlxalq konfransının əsas müzakirə mövzusu Xəzər qazının dünya bazarına çıxarılması məsələsinin siyasətçilər, hasilatçı şirkətlər, infrastruktur sərmayəçiləri, mümkün alıcılar və ekspertlərin iştirakı ilə müzakirəsi oldu. Şəxsən mən son dəfə belə qızğın debatları «Azəri-Çıraq-Günəşli» yataqlarından hasil ediləcək böyük neftin hansı marşrutla dünya bazarına çıxarılması zamanı müşahidə etmişdim. O zaman ortada 5 mümkün marşrut vardı, indi isə mübahisə predmeti 3 marşrut üzərində (Nabucco, İTGİ, TAP) cəmlənmişdi.

Qısa şəkildə «Caspian Oil & Gas-2011»-də səslənən fikirləri aşağıdakı kimi çeşidləyərdim:

DİPLOMATLARIN SEÇİMİ

Qərb diplomatları, əsasən də ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Richard Morningstar və Avropanın enerji komissarı Ottinger birmənalı olaraq Azərbaycanı öz qazını «Nabucco» vasitəsilə dünya bazarına çıxarmağa çağırış etdilər və bu zaman layihənin kommersiya baxımından özünü hansı şəraitdə doğrulda biləcəyini nədənsə açıb-ağartmaqdan vaz keçdilər. Digər «Avropalı qonaqlar» isə «Nabucco»nun Qərbin enerji təhlükəsizliyi və diversifikasiya siyasətindəki rolundan danışmaqla öz seçimlərini dolayısı ilə konfrans iştirakşılarının diqqətinə çatdırdılar.

BORU KƏMƏRLƏRİ SAHİBLƏRİNİN ARZUSU

Bakı konfransına «Nabucco Pipeline İnternational Co».-nun icraçı direktoru Mitschek Reinhard nədənsə qatlmadı və şirkətin mətbuat katibi əvvəlki illərdəki slaydları nümayiş etdirməklə konfrans iştirakçıları arasında «xala xətrin qalmasın» təəssüratı yaratdı – onun sözlərindən belə çıxdı ki, «Nabucco» boru kəmərinin resursla bağlı heç bir problemi yoxdur. Kəmər Azərbaycan, İraq və Türkmənistandan ildə minimum 30 mlrd kub metr, maksimum isə 60 mlrd kub metr qaz almağı planlaşdırır.

Elə bu fikri səsləndirdiyinə görə, konfrans iştirakçıları «Nabucco»-nun mətbuat katibinə ümumiyyətlə heç bir sual verməməyi qərara aldılar və növbəti iştirakçı ilə diskusiyanı davam etdirdilər. TAP (Trans-Adriatik Kəməri - Albaniya-İtaliya) hamını inandırmağa çalışırdı ki, uzunluğu cəmi 520 km olan bu boru xətti elə 10 mlrd kub metr qazla tam effektiv işləyə bilər və bu həcm də «Şah-dəniz-2»də var, rəsmi Bakı qərar versin və biz 2017-də borunu heç bir Avropa qurumundan maliyyə yardımı almadan cəmi 3 mlrd avroya inşa edib təhvil verək.

Caspian Oil & Gas-2011 sərgisində çıxış edən İlham Əliyev

İTGİ-ın (Interconnection Turkey Greece Italy (ITGI) Pipeline) dərdi isə bir qədər böyük idi: onun nümayəndəsi Elio Rujeri də «Şah-dəniz»in bütün azad həcmli qazını almağa hazır olduqlarını dilə gətirdi. Ancaq bəlli oldu ki, TAP-dan 300 km uzun olan İTGİ layıhəsinin daha effektli işləməsi üçün ona ildə 20 mlrd kub metr qaz gərəkdir. Bundan başqa Rujerinin xoşuna o da gəlmədi ki, rəsmi Brüssel «Nabucco»-ya daha çox önəm verir, baxmayaraq ki, sözügedən hər 3 kəmər Avropa Birliyinin dəstəklədiyi «Cənub dəhlizi»nə daxildir. Bir sözlə, kəmərlər arasında əməmlli-başlı mübarizənin getdiyi bir gerçəklikdir.

HASİLATÇILAR NƏ DÜŞÜNÜR

Konfransda «BP-Azərbaycan» şirkətinin prezidenti Rəşid Cavanşir çox maraqlı nitq söylədi. Onun mahiyyəti birbaşa ixracla bağlı deyildi – «Mərhələ-2» layihəsinin mürəkkəbliyini, xərclərinin çox olmasını (təkcə kapital qoyuluşu $20 mlrd), tətbiq ediləcək texnologiyaların unikallığını və suyun dərinliyinin 750 metr, məhsuldar qatların isə 7 min metrədək olmasını göstərməkdi. Rəşid Cavanşirin təqdimatının sətiraltı mənası hamıya aydın idi: hasilatçı şirkətlər bu qədər vəsaiti o zaman yatırmağa razılıq verəcəklər ki, onların çıxardıqları qazı müxtəlif bazarlarda rəqabətədavamlı şəraitdə uzun müddətə satmaq mümkün olsun. Yəni, bizim üçün nəqletmənin kommersiya şərtləri olduqca vacib amildir, bundan bizim, həm də Azərbaycan Respublikasının gələcək gəlirləri asılıdır.

BƏYLƏRBƏYOV AÇMASI

Ancaq qaz ixracı məsələsində faktiki olaraq Azərbaycan dövlətinin mövqeyinin «xırdalıqlarının» beynəlxalq ictimaiyyətə çatdırılması məsələsi SOCAR rəsmisi Vitali Bəylərbəyova həvalə edilmişdi. Bəylərbəyov moderator oladuğu «qaz nəqli» panelində 40 dəqiqə bu məsələnin müxtəlif aspektləri üzərində durdu. Onun çıxışında maraq doğuracaq məqamlar:

«Mərhələ-2» üçün qazın hasilatına başlamaq üçün $20 mlrd vəsait gərəkdir, təqribən bu qədər də vəsait (BP-nin hesablamalarına görə, onların texniki göstəricilərinə cavab verən 3300 km-lik boru xəttinin qiyməti $20,8-22 mlrd arasında başa gələ bilər – İ.Ş.) «Nabucco» boru kəmərinin Avstriyadan Türkiyənin şərq hissəsinə qədərini tikmək üçün gərək olacaq. Bəs, axı Səngəçaldan qazı «Nabucco»nun başlanğıcına çatdırmaq da lazımdır? (Sonrakı çıxışlar zamanı bəlli oldu ki, «Nabucco»-ya ildə 31 mlrd kub metr qaz daxil olsa, ona çəkilən xərcləri ən yaxşı halda 8 ilə geri qaytarmaq mümkün olar – İ.Ş.) Siz indi ola bilər ancaq «Mərhələ-2» qazı barədə düşünürsünüz, ancaq biz SOCAR-da məsələyə daha qlobal yanaşırıq və hazırda nəzərlərimizi 2025-2030-cu illərdə bizim qaz sənayemizdə ola biləcək dəyişikliklər və bununla əlaqədar olaraq yeni, daha optimal ixrac variantları üzərində də işləyirik (SOCAR və BP ekspertləri artıq Azərbaycan ərazisində Qərbə döğru yeni bir qaz kəmərinin tikintisi barədə məsələləri təhlil edirlər).

Xəzər dənizi

Bəylərbəyov daha sonra bunları söylədi: «2017-ci ilin əvvəlinə həm qaz çıxmalıdır, həm də müvafiq boru kəməri və ya kəmərləri istifadəyə verilməlidir. Artıq 2011-ci ilin yarısıdır və göründüyü kimi işlər ən tezi gələn il başlaya bilər. Belə isə bu qısa vaxtda bu qədər nəhəng kapitalın tapılması Sizcə çox sadə bir məsələmi olacaq?» Təbii ki, maliyyə qurumlarından gələcəyi müəyyən risklərlə müşahidə oluna biləcək layihələrə «yumşaq» şərtlərlə vəsait cəlb edilməsi inandırıcı deyil. Ona görə də, biz layihələrin kommersiya baxımından cəlbediciliyi deyəndə məsələyə kompleks yanaşırıq: hasilatçı-nəqledici-alıcı, bunlar hamısı rentabelli və bir-birləri ilə bir vəhdətdə işləməlidirlər.

NƏTİCƏ

1 oktyabr 2011-ci il tarixinədək Azərbaycan qazını daşımaq istəyən şirkətlər rəsmi Bakıya öz təkliflərini verməlidirlər. Və bunun nəticəsində cari ilin IV rübündə Azərbaycan hökuməti «Şah-dəniz» yatağının «Mərhələ-2» layihəsini sanksiyalaşdırmalıdır (yəni hökumət hüquqi öhdəlik götürür ki, şirkətlərin layihə çərçivəsindəki xərclərini PSA müqaqviləsi şərtlərinə uyğun olaraq qaytaracaq).

Bütün həftə boyu əksər yerli çap KİV-lərin mövzusu «Azərbaycan qazı hara axacaq» tipindəydi. Bu zaman onların bəziləri də nəticə çıxarırdı ki, rəsmi Bakı Qərbdən «küsüb» qazını Rusiyaya yönəldir. Maraqlıdır ki, bu zaman onların istinad nöqtəsi rolunda «Nabucco» çıxış edirdi. Tutaq ki, bizim qaz «Nabucco» ilə deyil, İTGİ və ya TAP-la dünya bazarına çıxsa, onda görəsən hansı istiqamətdə azacaq Azərbaycan qazı? Yoxsa onlar «Qazprom»a bağlı bir layihələrdilər?

Əgər SOCAR bəyan edirsə ki, hətta Qərbə yönəlik Azərbaycan ərazisində yeni bir qaz kəməri tikmək niyyəti var, bundan o nəticə çıxırmı ki, rəsmi Bakı qaz ixracı siyasətində Kremlə yaxınlaşır? Başqa bir tərəfdən, Rusiya «Şah-dəniz» qazını tam almaq niyyəti güdürsə, onda Bakı konfransında nədən «Qazprom» iştirak etmirdi?