Demokratiyanın təmizlik işləri

Müəmmar Qəddafi və Bəşər Əsəd

Ərəb ölkələrindəki xalq etirazları avtoritarizmə qarşı bir ümid yaratsa da, ortaya çox çətin suallar da qoyub: Bu dalğa ilə hakimiyyətə gələn qüvvələrin özləri əvvəlkilərin yolunu getməzlərmi? Formalaşan hökumət demokratik ideallara sadiq qalsa belə, bu halda həmin hökumətin elə əvvəlki qədər qəddar bir rejimlə əvəzlənməyəcəyinə təminatlar varmı? Qoyulan sualların Azərbaycan oxucusu üçün də maraq doğuracağını nəzərə alıb bir ölkənin nümunəsinə diqqət yetirək.

Bir anlığa təsəvvür edin ki, uzun illər vəhşi bir rejimin zülmü altında əzilən ölkədə, məsələn, Suriyada hakimiyyət sabah dəyişir. Bir Bəşər Əsədin ölümü/həbsi/ölkədən qaçışı problemi həll edirmi? Axı ölkədə on minlərdən ibarət zülm aparatı işçisi var. Bu sıraya insanları həbs edən və onlara işgəncə verməkdə aktiv iştirak etmiş təhlükəsizlik xidməti qüvvələri, onların çoxsaylı agentləri/şərçiləri/üzəduranları, siyasi səhnəni doldurmuş «Bəşərpərəst» siyasətçilər, əmrə tabe hakimlər, məhkəmə işçiləri də aiddir.

Biznesdə də eyni vəziyyətdir. Yalnız rejimdəkilərlə hansısa formada bağlılığı olanlara pul qazanmaq imkanı verilib və nəticədə bütün iri biznes əvvəlki rejimlə bağlı adamlardan ibarətdir. Bütün bu adamlar ortada ola-ola ölkədə normal siyasi sistem qurmaq olarmı?

40 illik rejimlərin cəmiyyətdə yaratdığı zəhərli tullantıları təmizləmək elə o rejimləri yıxmaq qədər çətin bir işdir. Bu sahədə dünya təcrübəsi də bitkin nümunələrlə dolu deyil. Yaxın tarixi keçmişdə bu cür «təmizləmə» əməliyyatları yalnız faşist və kommunist rejimlərinə qarşı həyata keçirilib.

DENASİFİKASİYA

Hitler
Hitler Almaniyası məğlub edildikdən sonra müttəfiq qüvvələr tərəfindən həyata keçirilən bu siyasət cəmi 3 il – 1946-1949-cu illər ərzində davam etdi. Bütün faşistlər cəzalandırılmadı, amma «təmizləmənin» miqyası böyük idi. Tarixçilər arasında konsensus var ki, bu miqyasda işi ölkədəki yerli qüvvələrdən heç biri deyil, məhz torpaqları işğal etmiş xarici bir qüvvə həyata keçirə bilərdi. 1945-46-cı illərdə Almaniyanın Nüremberq şəhərində keçirilən məhkəmə Faşist rejiminin əsas rəhbərlərini ağır cəzalara məhkum etdi. Lakin bu işin asan tərəfi idi. Daha çətini bu «təmizləməni» yerli səviyyələrdə həyata keçirmək idi.

Müttəfiq qüvvələr nəzarət etdikləri ərazilərdə sorğu keçirib müəyyən etmişdilər ki, hətta müharibəni uduzandan sonra belə Almaniyada əhalinin faşizm ideyasına münasibəti birmənalı deyil. Yəni, yeni bir faşist rejiminin yaranmayacağına möhkəm təminat yoxdur. Məsələn, amerikalıların keçirdikləri sorğular göstərirdi ki, 1945-1949-cu illərdə Almaniyada əhalinin çoxluğu belə düşünürmüş ki, faşizm pis ideya deyil, sadəcə, icraatında bəzi səhvlər olub. Belə bir şəraitdə müttəfiqlər çalışırdılar ki, faşistlər kimi düşünənləri dövlət işindən uzaqda saxlasınlar ki, əhali normal bir hökumət görsün və normal ictimai-siyasi həyata öyrəşsin.

Denasifikasiya – Almaniyanın faşist keçmişindən təmizlənməsi planı - 1945-ci ildə müttəfiqlərin Postsdam konfransı zamanı təsdiqlənmişdi. Bu məqsədlə çoxlu yerli məhkəmələr qurulmuşdu ki, faşist hökuməti ilə əməkdaşlıq etməkdə şübhəli bilinənlər cəzalandırılsın. Lakin Almaniyanın müttəfiqlər arasında müxtəlif işğal zonalarına bölünməsi planın tətbiqinə ciddi təsir göstərirdi.

Sovetlərin üsulu bəlli idi. Onlar faşistlərin yerinə alman kommunistlərini irəli çəkirdilər, faşistləri isə ya güllələyirdilər, ya da məcburi əmək düşərgələrinə göndərirdilər. Maliyyə vəsaiti az olan Britaniya və
Benito Mussolini və Adolf Hitler, 1940
Fransa isə Almaniyadakı öz işğal ərazilərində «nümunə» üsulundan istifadə edirdilər. Faşist rejimi dövründə «ağ etmiş» adamlar həbs olunub mühakimə edilirdilər.

Amerikalılar daha metodik yanaşma nümayiş etdirdilər. 1946-cı ildə Almaniyada qəbul etdirilmiş «Nasional Sosializm və Militarizmdən Azad Edilmə» qanunu insanları faşizmlə işbirliyi suçluluğuna görə beş kateqoriyaya bölürdü. Yaşı 18-dən yuxarı bütün əhali Amerika administrasiyasının təqdim etdiyi sorğuları cavablandırıb öz keçmişi haqqında ətraflı məlumat verməliydi. Bu sualların cavabları, habelə şahid ifadələrinə əsasən insanlar beş qrupdan birinə düşürdülər:

• Əsas günahkarlar;
• Aktivistlər, militantlar, rejimdən faydalanmış və onunla işbirliyində olmuş insanlar (günahkarlar);
• Az günahı olanlar;
• Davamçılar (passiv günahkarlar);
• Günahı təmizlənmişlər, yaxud günahı olmayanlar.

Birinci kateqoriyada olan 90 minə yaxın adam həbs edilib cəza evlərində saxlanılırdılar. İkinci kateqoriyaya təqribən iki milyon adam salınmışdı ki, onlara fiziki işdən başqa bütün başqa peşə və məşğuliyyət növləri qadağan edilmişdi. Bu adamlar məsələn, bənna, fəhlə, muzdur işləyə bilərdilər, amma ofis açıb içində otura bilməzdilər. Növbəti iki kateqoriyaya isə bəzi dövlət işlərində çalışmaq qadağan edilmişdi. İdeya ondan ibarət idi ki, yeni Almaniya beşinci kateqoriyada olan insanlar tərəfindən yönəldilsin. Alındımı?

İndinin perspektivindən baxıb demək olar ki, alındı. O vaxt isə faşizmin özü qədər təhlükəli olan bir ideologiya – kommunizm müttəfiqlərə imkan vermədi ki, təmizlənmə tam şəkildə həyata keçirilsin. Uzun illər faşist rejimi qədər totalitar olan SSRİ Qərbi ittiham etdi ki, Qərbi Almaniya hökumətində keçmiş faşistlərə də yer verilib.
Sovet qoşunları Çexoslovakiyada, 1968
Bu ittihamların əsası da var idi. Lakin ideyanın özü – faşistləri öz günahlarına görə dara çəkib öz cinayətlərinə görə cavab verdirmək – öz tərbiyəvi işini gördü. Post-Hitler Almaniyası faşizm ideologiyasından azad edildi.

DEKOMMUNİZASİYA

1989-cu ildə Çexoslovakiyadakı kommunist rejimi yıxılandan sonra ölkədə gərgin bir debat getdi ki, 1948-ci ildən bəri ölkədə tiranlıq etmiş bir rejimin qulluqçuları – kommunistlərlə nə cür davranılsın. 1948-1953-cü illərdə fironluq etmiş Stalin dövrünün cəlladları, 1968-ci ildə Çexoslovakiyaya Sovet qoşunlarını dəvət edib xalqı qırğına verənlər, 1989-cu ildə qalib gəlmiş anti-kommunist hərəkatına qarşı repressiyalarda iştirak etmiş məmurların çoxu ortada idi. Belə bir şəraitdə Çexoslovakiya parlamenti ən sərt yolu seçdi. Parlament Kommunizm Cinayətlərinin Sənədləşdirilməsi və İstintaqı İdarəsini təsis etdi.

Bəzi yüksək rütbəlilər həbsə atıldılar, əksər kommunist rəsmilərinə isə dövlət işində işləmək (istənilən seçkili orqanlar da daxil olmaqla) qadağan edildi. Dekommunizasiya Çexoslovakiyada sınaqdan uğurla çıxandan sonra bir çox başqa ölkələrdə də, o cümlədən Almaniyanın şərqi hissəsi, Macarıstan, Rumıniya və Litvada da tətbiq edildi. Daha çox uğurlar Çexiya (Slovakiya Çexiyadan ayrıldıqdan sonra bu plandan imtina etdi) və Almaniyada müşahidə olundu. Lakin rəsmi dekommunizasiya həyata keçirməmiş ölkələr belə (məsələn, Polşa və Bolqarıstan) sonradan keçmiş kommunist bürokratlarının şişib yenidən ortaya çıxdığını görəndə, Çexiya təcrübəsinin bəzi elementlərini öz ölkələrində tətbiq edəsi oldular.

DİALOQUN YERİ

Yuxarıdan təsvir olunan təcrübələr Avropa cəmiyyətlərinin ağrılı inkişaf yolunu əks etdirir. Ölkədəki qüvvələr arasında heç bir ortaq dəyər olmayanda, dialoq alınmır. Almaniya yəhudiləri ilə faşistlərin dialoqu alınmazdı. Demokratiya ilk növbədə hamının qəbul etdiyi oyun qaydaları (konstitusiya, azad seçkilər, hüququn aliliyi) deməkdir. Totalitar ideyanın daşıyıcıları bu oyun qaydalarını qəbul etmirsə, demokratik cəmiyyətlərin çox elə seçimi qalmır. Bu adamları virus kimi qəbul edib onların cəmiyyətə təsir imkanlarını zərərsizləşdirmək. İdeya sadədir, tətbiqi isə...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.