Cəmi beş gündən sonra

R.T.Ərdoğan ucadan danışmağı çox sevir, amma Türkiyənin bölgədə ucadan danışması üçün hələ çox iş görmək lazımdır

Həftənin sonunda qonşu Türkiyədə parlament seçkisi keçiriləcək. Bəlkə də bu qədər maraqlı və rəngarəng hadisələrin fonunda hansısa bir ölkədə cari parlament seçkisinin keçirilməsi o qədər də əhəmiyyətli və diqqətəlayiq bir hadisə təsiri bağışlamır. Amma bu, ilk baxışda belədir və aldadıcı təəssürat hesab edilməlidir. Bu seçkidə ən azı müsəlman dövlətlərinə öyrənmək üçün çox şey var. Seçki aksiyalarının keçirilməsi, reklamlar, partiya liderlərinin və fəallarının televiziya ilə çıxışları...

Getdikcə bu, çox ölkələr, elə Azərbaycan üçün bir ekzotika kimi görünür. Amma seçkinin təkcə bu tərəfi dünya və bölgə ölkələri üçün maraq kəsb etmir. İndi hakim partiya öz qarşısına iki məqsəd qoyub: parlamentdə hökumət formalaşdırmaq üçün zəruri olan qədər səslər toplamaq və bir də konstitusiyaya düzəlişlər etməyə nail olmaq. Aydın olan budur ki, ölkə əbədi olaraq 20 – 30 il bundan əvvəl hərbi çevriliş zamanında qəbul olunmuş konstitusiya ilə yaşaya bilməz. Amma bu məsələyə baxışda da partiyalar və siyasi qüvvələr arasında yekcins münasibət yoxdur – biri daha total dəyişikliklərin, digərləri isə qismən dəyişikliyin tərəfdarıdır. Onu da qeyd etmək lazımdır ki, bu seçki hakim partiyanın iki müddətlik idarəçilik dövrünə son da qoya bilər və ya onu uzada da bilər. Hər halda, cəmi beşcə gün sonra hər şey aydın olacaq.

İndi həm də hakim AKP üçün bir hesabatlıq dövrüdür. İki seçki müddəti ərzində nə baş verdi? Türkiyə mötədil islamçı hökumət dövründə nə qazandı?

İstanbulda polis kürdlərin etiraz aksiyasını dağıdır, 19 aprel 2011
YAXIN VƏ HƏM DƏ UZAQ AVROPA

Bəli, Türkiyə Avropa ölkəsi ola bilmədi. Çalışmalar oldu. Amma bir nəticə və ümidverici addım olmadı. Avropanın Türkiyəyə hələlik son sözü bu oldu: nə Avropanın Türkiyəyə ehtiyacı var, nə də Türkiyənin Avropaya! Əslində bunu rədd cavabı kimi də qəbul etmək olar. Amma Türkiyə inteqrasiya prosesini davam etdirməkdə israrlıdır. Təbii ki, bundan Türkiyə itirmir, ölkə qanunları təkmilləşir, Avropa standartlarına uyğunlaşır, cəmiyyət demokratikləşir. Zira bu proses lazım olduğundan çox ləng gedir. Bir çox hallarda hamı belə bir fikirdə israr edir ki, guya Türkiyə Avropa standartlarına tam cavab verir və digər AB üzvlərindən heç də geridə qalmır. Amma məsələyə obyektiv baxış sərgiləyəndə, görürsən ki, ölkənin AB-yə inteqrasiyasını ləngidən təkcə elə geosiyasi amillər deyil.

Türkiyə böyük dövlətdir, siyasi və iqtisadi sistemləri o qədər də mükəmməl deyil. Təsəvvür edin, indi seçki vaxtı müxtəlif partiya təmsilçiləri insanlara söz verirlər ki, seçiləcəkləri təqdirdə telefonlara qulaq asılmayacaq, onlar dinlənilməyəcək, dinc aksiyalar keçirməyə imkan, eləcə də şərait veriləcək. Avropa ölkələrinin prizmasından baxanda, bu, çox təzad təsiri bağışlayan mənzərədir. Və təəssüf ki, ölkənin siyasi və iqtisadi həyatı belə təzadlarla zəngindir. Türkiyə daha çox digər müsəlman dövlətləri və bir də bəzi bölgə dövlətləri ilə müqayisədə demokratik ölkə təsiri bağışlayır. O, hələ çox mükəmməlləşməlidir, bir seçki ilə ölkəni demokratik hesab etmək, yumşaq şəkildə desək, bir az tələsmək
Türkiyə bölgənin lider dövləti olmağa can atır.
deməkdir.

ƏSKİ OSMANLI HÜDUDLARINDA....

Türkiyə bölgənin lider dövləti olmağa can atır. Prinsipcə, burada yanlış heç nə yoxdur. Milli təhlükəsizlik təlimlərinin hamısındaca dövlətin öz yerləşdiyi bölgədəki prosesləri öz maraqlarına tabe etdirmək səyləri təqdir olunur. Bu mənada Türkiyənin ətraf müsəlman ölkələri ilə siyasətini artırmaq cəhdi təbii hesab edilməlidir. Amma AKP hökuməti bir çox yanlışlıqlara yol verdi. İsrail ilə münasibətlər tam korlandı. Bu prosesdə diqqətçəkən ən çox o oldu ki, AKP Türkiyəsi aciz bir dövlət təsiri bağışladı və onun diplomatik ritorikadan savayı heç nəyə qadir olmadığı üzə çıxdı: türk diplomatik nümayəndəsi bir qədər aşağılandı, ölkənin gəmisi basqıya məruz qaldı... Bəli, ərəb ölkələrinə Türkiyənin təsirini müsbət hesab etmək, onun siyasi modelinin bu ölkələrə yayılmasını təqdir etmək olar. Amma Türkiyənin «ərəb baharı»na münasibəti də bir qədər gecikmiş və ziddiyyətli oldu. AKP lideri, Baş nazir R.T.Ərdoğan ucadan danışmağı çox sevir, amma Türkiyənin bölgədə ucadan danışması üçün hələ çox iş görmək lazımdır, çox...

SEÇKİNİN ALİ QANUNU

Beş gündən sonra bütün hallarda biz demokratik seçkinin şahidi olacağıq. Bu da bir dərsdir. Uduzmuş partiyalar məğlubiyyətlərini etiraf edəcək və siyasi səhnəni qaliblərin öhdəsinə buraxacaqlar. İndi aydın olanı budur ki, bura Misir, Yəmən, Suriya, Səudiyyə Ərəbistanı deyil, bura heç Azərbaycan da deyil. İnsanlar seçməyi, seçilməyi və seçilməməyi bacarırlar. Sadəcə, bir az da irəli getmək lazımdır...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.