Bakının BMT dilemması: İran, yoxsa ABŞ?

Elxan Şahinoğlu


Rəsmi Bakı yeni layihəsini işə salıb – Azərbaycanı 2012-2013-cü illərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasındakı qeyri-daimi 15 ölkəsindən birinə çevirmək. Xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ-a səfərinin və okeanın o tayında keçirdiyi görüşlərinin əsas qayələrindən birini məhz bu mövzu təşkil edib. Müddəti cəmi iki il çəksə də, Azərbaycan dünyanın qərar verən 15 ölkəsindən biri olmaq istəyir.

“Qoşulmayanalara” qoşulmağın məqsədi bəlli oldu

Elmar Məmmədyarov Azərbaycanın yeni istəyi ilə bağlı artıq BMT baş katibi Ban Ki-moonla müzakirə aparıb. Ayrıca, nazir dəstək qazanmaq məqsədilə İslam Konfransı Təşkilatına üzv ölkələrin BMT-dəki təmsilçiləri ilə bir araya gəlib. Məmmdəyarov New Yorkdan sonra Washingtona keçərək amerikalı rəsmilərin də dəstəyini qazanmağa çalışıb.

Bakının vaxtı azdır. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə yeni ölkələrin seçkisi bu ilin oktyabrında keçiriləcək. Azərbaycan BMT-dəki ölkələrin böyük əksəriyyətinin səsini qazanmaq üçün indidən qollarını çirmələməlidir.

Hələ ki, Bakının sürəti pis deyil. Ən azı, İslam Konfransı Təşkilatına üzv ölkələrin böyük əksəriyyətinin səsinə bel bağlaya bilər. Bu sıraya Azərbaycanın qoşulduğu “Qoşulmayanlar Hərəkatı”nın bir qrup ölkəsinin səsini də əlavə etmək olar. Görünür, rəsmi Bakı xeyli mübahisə doğuran “Qoşulmayanlar Hərəkatı”na Azərbaycanın qatılmasını BMT-dəki səsvermədə gərəkli sayda səsə yiyələnməsi ilə də izah edəcək.

Sadəcə, bu izahın da məntiqi anlaşılmayacaq. BMT Təhlükəsizlik Şurasında cəmi iki il var olmaq üçün “Qoşulmayanlar Hərəkatı”na müddətsiz qatılmağa nə ehtiyac var idi? Bu sualdan bir başqa vacib sual da doğur: BMT Təhlükəsizlik Şurasında iki illik üzvlük Azərbaycana nə verəcək?

Azərbaycanın çətin seçimi

Əlbəttə, BMT Təhlükəsizlik Şurasında üzvlük prestijlidir – dünyəvi məsələlərdə söz sahibi olursan, səninlə hesablaşırlar və s. Ancaq elə bu səbəblərin özü Azərbaycanın hazırki “balanslaşdırılmış xarici siyasəti”nə əlavə problemlər yarada bilər.

Qarşımızda Türkiyə örnəyi var. Ankara BMT Təhlükəsizlik Şurasında yer almağa çox çalışdı və 2009-cu ildə istəyinə nail oldu. Ancaq elə birinci məsələnin müzakirəsindəcə Türkiyə çətin vəziyyətə düşərək Qərblə münasibətlərini bir az daha gərginləşdirdi. Söhbət İrandan gedir. Ankara 2010-cu ildə Təhlükəsizlik Şurasında İranın nüvə çalışmalarını davam etdirməsi ilə bağlı qonşu dövlətə qarşı qəbul edilən qətnamənin əleyhinə səs verdi. Təhlükəsizlik Şurasının 15 üzvündən yalnız Türkiyə və Braziliya sənədin əleyhinə çıxdılar.

Türkiyə böyük dövlətdir və bölgədə fəal rol oynayır, kifayət qədər resurslara malikdir. Odur ki, Qərblə İran arasındakı seçimdə hardasa itkisiz çıxa bildi.

Bəs, Azərbaycan belə bir müzakirənin mərkəzinə yuvarlansa, nə edəcək, hansı addımı atacaq? Yəni tutaq ki, Azərbaycan oktyabr ayındakı səsvermədə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi və bir müddət sonra İranla bağlı növbəti qətnamənin müzakirəsinə start verildi. Rəsmi Bakı Qərbin istəyi əsasında İran hakimiyyətinin əleyhinə olan sənədə səs verərmi? Çətin.

Birincisi, Bakı Tehranın mümkün şantajından çəkinəcək, ikincisi, BMT Təhlükəsizlik Şurasına üzvlük məqsədilə İslam Konfransı Təşkilatına üzv ölkələrin dəstəyi alınıbsa, quruma üzv olan İranın maraqları nəzər alınmalıdır. İranın maraqlarını nəzərə almaq isə avtomatik olaraq Qərb və ilk növbədə ABŞ-la münasibətləri gərginləşdirməkdir.

İndi bir tərəfdə qonşu İran, o biri tərəfdə isə ABŞ-dır. Azərbaycanı BMT Təhlükəsizlik Şurasının səsverməsində bu və buna bənzər mürəkkəb seçimlər gözləyə bilər. Belə olan halda Azərbaycanın Təhlükəsizlik Şurasında iki illik üzvlüyünün risqlərini də vurğulamaq lazım gəlir.

Bəziləri deyə bilər ki, Azərbaycanın Təhlükəsizlik Şurasındakı üzvlükdən yararlanaraq Dağlıq Qarabağ probleminin bu mötəbər qurumun müzakirəsinə çıxarmaq imkanları artar. Ancaq unutmayaq ki, qurumun 5 daimi üzvü var və onlardan bircəciyinin məsələnin əleyhinə səs verməsi yetərlidir ki, sənəd gündəlikdən çıxarılsın. Daimi üzvlərdən tək elə Rusiya strateji ortağı Ermənistanı nəyəsə məcbur edəcək sənədin Təhlükəsizlik Şurasının iclasında müzakirəsinə yaşıl işıq yandırarmı?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.