Yaxşı olmaq çətindir (ona görə də arqument lazımdır)

Niyazi Mehti

MİN NANKOR OLAYDAN BİRİ

Bir dostumun (tanıyanlar üçün Şahbaz Xuduoğlunun) başına gəlmiş əhvalat məni əxlaqın ciddi sualı qarşısında qoydu: «niyə bu dünyada ki yaxşı olmaq çox vaxt sərfəli deyil, biz özümüzə zülm edib yaxşılıq etməliyik, yəni yaxşı adam olmalıyıq»? Əhvalat isə belə idi. Dostum əlil uşaqlar məktəbinə görüş üçün gedəndə «Jiquli» sürən bir kişi (yanında arvad-uşağı da vardı) qəfildən döndərib onun «Prado»sunun qabağını əzmişdi. Sonra isə yalvar-yaxar salmışdı ki, kasıbam, sənin maşınını düzəltdirə bilmərəm. Dostum «yaxşı-yaxşı» deyəndən sonra, xala xətrin qalmasın vizit kartını verib ki, «zəng vurarsan». Kişi də görmüşdü ki, bu dostum onun maşının nömrəsini götürməyib. Əhvalatın baş verdiyi yerdən uzaqlaşanda sonra aydın olmuşdu ki, qəzada cipin qabaq nömrəsi düşüb. Nömrəni götürmək üçün geri qayıdanda isə dostuma demişdilər ki, «Jiquli»nin yiyəsi sənin nömrəni də götürüb getdi. Yaxşılığın qədrini bilən zəng vurub nömrənin onda olduğunu deməliydi. Zəng vurmadığı və nömrəni apardığı üçün dostum xeyli pul və vaxt sərf edib yeni nömrə almalı oldu.

BƏ, YAXŞILIQ NƏDİR Kİ

Fəlsəfədə və əxlaq nəzəriyyələrində «yaxşılıq» kateqoriysından çox yazıblar, ancaq mən ilk dəfə sadə tanımı-tərifi Kantda oxudum. «Yaxşı yaralı olandır». Doğrudan da hansı stul yaxşıdır, oturacağı hamar olan, yoxsa gələ-kötür, dıbır-dıbır olan? Sözsüz, hamar olan. Bizim «yaxşı» sözümüzün kökündə «yararlı»nın olmasını Türkcənin «yakışıklı», yəni “yaraşıqlı” sözü açır. “Yakışıklı” “yaxışıqlı”nın variantıdır, “yaxışıklı/yaraşıqlı” cütü isə göstərir ki, «yax» “yararlı”dakı «yar»la eynidir. Deməli, Azərbaycan türkcəsi Kantsız da bu fəlsəfi ideyanı tutmuşdu ki, yaxşı olanlar yararlı olanlardır.

ƏXLAQDA YAXŞILIQ

Deməli, əxlaqda yaxşı adam yararlı adamdır (ziyansız adamın yaxşı sayıldığı toplumlar isə onu göstərir ki, pisliklər o qədər çoxdur ki, pislik etmiyənə də sevinirsən). Əslində yaxşı adamın yaxşılıq dərəcəsi onunla ölçülür ki, nə qədər özündən kəsib başqalarına verərək yararlı olur.

NANKORLUQ

Yaxşılığa yamanlıq nankorluqdur və onunla bağlı bir problem var. İnsanın başqasından yaxşılığa çox böyük gərəyi var. Di gəl yaxşılığı götürəndən sonra çox vaxt minnətdar olmaq borcu ağır bir yükə çevrilir. Bu fakta görə də psixoanlizdə belə bir düşüncə var ki, insan psixolojisində nankorluğa güclü meyl var. Bizim camaat nankorluğu nadir yaramazlıq sayıb qızır, ancaq əslində nankorluq çoxumuz üçün xarakterik haldır. İnsan çox vaxt ona yaxşılıq edənə nifrət etməsə də minnətdarlığını bildirmək yükünün altında əyilir, çalışır o küçədən gələndə bu küçə ilə getsin ki, rastlaşıb salam verəndə üzünə minnətdarlıq maskası taxmasın. Yalnız bir adamın yaxşılığı insana yük olmur, sevən adamın. Ona görə də yaxşılığının başqasına yük olmasını istəmirsənsə, bu başqası sənin sevgini və sevgidən yaxşılıq etdiyini bilməlidir. Hərçənd bu zaman başqa bir şey də çıxır. Buna xalqda «qudurğanlıq» deyirlər. Ata-ananın sevgisinin uşaqlarda (elə qadının, ərin də o birisində) hansı «qudurğanlıq» yaratdığı yaxşı bəllidir.

Beləliklə, «bu qədər nankorluq və pisliklər qarşısında niyə yaxşı olmalıyıq» sualının cavabsızlığı qarşısında duruxmuş qalırıq. Yalnız bir variantda nəsə cavab alınır, Allaha inananda və yaxşı adam olmağa görə mükafatınn Onda olmasını düşünəndə. Ancaq iş odadır ki, burada da çətinliklər var. Hətta ən mömin adamlar da tez-tez Allahdan «uzaq düşürlər» - ona görə də yaramazlıqların «müəllifləri» arasında bu qədər hacılar, mollalar var. O biri yandan, axı, xeyli adam var ki, din məsələsini arxa planda saxlayaraq yaxşı olmağa dünyamızın özündən arqument istəyir...

«HEÇ NƏ ETMƏ!»FƏLSƏFƏSİ VƏ YAXŞILIQ

Dao fəlsəfəsində u-vey, yəni heç nə etməmək, eyləmsizlik ideyası var. Bu ideya özünü «yaxşı adam olmaq lazımdır» pafosuna tutmaq istəyənlərə ağıl qoyur. Arqument budur: sən heç vaxt etdiyin yaxşılığın sonuclarını əlində saxlayammaz, onun üçün də nə bilirsən, yaxşılığının kontroldan çıxmış nəticələri hansı bəlaları gətirəcək? Hitlerin həyatında bir yəhudinin böyük rolu olmuşdu və onun ağlına da gəlməzdi ki, bu yaxşılığı Holokosta gətirib çıxaracaq. Söylədiklərim sənətə də aiddir. Qötenin Verteri 19-cu yüzildə neçə gəncə özünü öldürmək həvəsini vermişdi.

Bax, bu nəsnələrə görə də Daos fəlsəfəsi deyir, yaxşılıq etmək sənə nəfəs almaq kimi bir şey olmalıdır. Ancaq yaxşılığınla dünyanı yaxşı edəcəyinə bel bağlama, xüsusi məqsədlər qoyma.

BƏS ONDA NƏ ÜÇÜN YAXŞI OLMALIYIQ

«Niyə yaxşılıq etməliyik» sorusunun cavabını dörd yanımızdan üfüqlərəcən yayılan adamlar qatı ilə bağlama. Biz yaxşılıq etməliyik ki, üstümüzdə duran «yaxşı adam olmaq lazımdır» normasına, «yaxşılıq» ideyasına can verək. Biz yaxşılıq etməliyik ki, yaxşının ulduzu sönməsin!

Bu normanı dünyada nankorlar, fırıldaqçılar hörmətdən salırlar. Elə yaxşı adam iddiasında olan kəslər də görürsən ki, bilər-bilməz o normaya adda-budda xəyanət edirlər. Axı, heç kimin yaxşılığa axıracan gücü çatmır! Biz hər yaxşılıq edəndə isə o normaya can, təpər, enerji veririk. «Yaxşılıq» ideyasının ulduzunu yanılı saxlayırıq. Özü da o normadan bizə nankorluq olmaz. Mükafatımız isə odur ki, hansı bir möhtac halımızdasa, o normaya əməl edən kimsə dadımıza çatır.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir