Azərbaycan neytral olmağa hazırlaşır

Ötən həftə uzaq İndoneziyadan qəribə xəbər gəldi. Bu ölkənin XİN rəsmisi Maykl Ten mayın 25-27-də Balidə Bloklara Qoşulmayanlar Hərəkatının 16-cı toplantısında Azərbaycanın təşkilata üzv qəbul olunacağını açıqladı. Buna qədər qurumda müşahidəçi statusu ilə iştirak edən Azərbaycan, sən demə, təşkilata üzvlük ərizəsi göndərib.

Əlbəttə, önəmli beynəlxalq təşkilatlara üzvlük mübahisə doğurmur, sadəcə, «Torpaqları işğal altında olan, sağı, solu barıt çəlləyinə çevrilən Azərbaycanın neytral qalan ölkələrə qoşulmasının mənası nədir» sualına cavab tapmaqda çətinlik çəkirəm.


YENƏ BELARUSLA EYNİ CƏRGƏDƏ...

Bloklara Qoşulmayanlar Hərəkatı 1961-ci ildə 25 dövlət tərəfindən təsis olunub. Keçmiş Yuqoslaviya prezidenti İosif Broz Tito, misirli həmkarı Camal Əbdül Nasir və Hindistanın baş naziri Cəvahirlər Nehru ilə məsləhətləşərək təşkilatın xeyir-duasını veriblər. Bu o ölkələr idi ki, soyuq müharibə dövründə nə ABŞ-ın, nə də SSRİ-nin tərəfini tutmaq istəyirdilər. Yəni yeni qurumun məqsədi ABŞ-la SSRİ arasındakı gərgin rəqabətdən, başqa sözlə, NATO ilə Varşava Müqaviləsindən uzaq durmaq idi.

Hazırda təşkilatın 118 üzvü var. Quruma üzv olan ölkələr əsasən Afrika, Cənubi Amerika və Karib hövzəsini əhatə edir. Təşkilatda yalnız bir Avropa dövləti var – Belarus. Azərbaycan təşkilata qoşulmaqla Belarusla eyni sırada yer alacaq. Avropanın sonuncu diktaturası kimi qələmə verilən Belarusla son zamanlar eyni sırada addımlamaq sanki alnımıza yazılıb.

MOSKVA, YEREVAN VƏ TEHRANIN ARZUSU GERÇƏKLƏŞDİ

Azərbaycanın Bloklara Qoşulmayanlar Hərəkatına üzv olmaq istəyi ilə bağlı İndoneziyadan gələn xəbər Bakıda təsdiqlənib. Xarici işlər naziri Elmar Məmmədyarov İndeneziyaya səfərə hazırlaşır. XİN-in mətbuat xidmətinin rəhbəri Elxan Poluxov isə «Zerkalo» qəzetinə verdiyi açıqlamada belə deyib: «Azərbaycan bu üzvlüklə onu göstərir ki, heç bir hərbi-siyasi blokda yer almaq istəmir və bütün problemlərin həllində öz gücünə arxayındır». XİN rəsmisi açıqlamasında zəruri əlavəsini də unutmayıb: «Azərbaycan istədiyi anda bu qurumu tərk edə bilər».

Elxan Poluxov
Qəribə məntiqdir. E.Poluxovun sözlərindən belə çıxır ki, bölgədə şəraitin dəyişəcəyi halda qurumu tərk etmək rəsmi Bakı üçün problem deyil. Belədirsə, Azərbaycanı bu quruma üzvlüyə məcbur edən səbəb nədir? Axı Azərbaycan neytrallığını çoxdan elan edən Türkmənistan deyil ki, «mən nə səninləyəm, nə də onunla» siyasətinə üstünlük versin. Azərbaycan ona görə neytrallığını elan edə bilməz ki, torpaqları işğal altındadır və daim ərazi bütövlüyünün bərpası haqqında düşünməlidir. Azərbaycan torpaqlarını işğal edən Ermənistan isə həm Rusiyanın hərbi-strateji müttəfiqi, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvüdür. Rusiyanın Ermənistandakı hərbi bazasının müddətinin uzadılması da Azərbaycanın əleyhinə yönəlib.

İndi bir tərəfdə Rusiya-Ermənistan hərbi tandemi, digər tərəfdə Azərbaycanın müstəqilliyini hələ də həzm edə bilməyən İran, o biri tərəfdə «öz gücünə istinad edən» neytral Azərbaycan var.

Qayıdaq E.Poluxovun açıqlamasının əvvəllinə. O deyib ki, Azərbaycan heç bir hərbi-siyasi blokda yer almaq istəmir. Demək, rəsmi Bakı Bloklara Qoşulmayanlar Hərəkatına üzv olmaqla Qərbə mesaj yollayır ki, o nə indi, nə də sonra NATO-ya üzv olacaq. Azərbaycanın yeni quruma üzvlük istəyinin Türkiyənin siyasi və ekspert dairələrində də suallar doğuracağı şəksizdir. Cənubi Qafqazda hərbi-siyasi durumun hər keçən gün mürəkkəbləşdiyi və Azərbaycanın yeganə müttəfiqi Türkiyə ilə hərbi anlaşmaya ehtiyac duyulduğu halda, neytral qalacağımızın elanı Ankarada başa düşülməyəcək.

Əslində İndoneziyadan gələn və Bakıda təsdiq olunan xəbər Rusiya, Ermənistan və İranı sevindirməlidir. Azərbaycanı NATO və Türkiyə ilə eyni hərbi məkanda görmək istəməyən bu üç ölkə məmləkətimiz üçün bəlkə də ən münasib yeri Bloklara Qoşulmayanlar Hərəkatını – neytrallığımızı arzulayardılar.

Arzuları ürəklərində qalmadı.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.