«Eurovision»da birinci, Avropaya inteqrasiyada neçənciyik?

Ukrayna, Moldova və Gürcüstan Avropa Birliyinə inteqrasiya siyasətində Azərbaycandan daha israrlı və istəklidirlər

Azərbaycan «Eurovision» müsabiqəsində qələbəsini alnının təri ilə qazandı. Müsabiqədə iştirak etdiyimiz 4 ildə birinci onluqdan aşağı yer tutmadıq. Bu, böyük nəticədir. Avropa müğənnilərimizin və müsabiqəyə hazırlıq, o cümlədən təşkilatçılıq imkanlarımızın nəyə qadir olduğunu əyani gördü.

Əlbəttə, bu yerdə müğənnilərin geyimindən tutmuş, onlara musiqi bəstələyən xarici bəstəkarlara qonorarların verilməsinə qədər təşkilati işləri də vurğulamaq lazım gəlir. Sadəcə, «Eurovision»da birinciliyin əldə edilməsi üçün bütün imkanları səfərbər edən zümrə nədən Azərbaycanın həmin müsabiqənin tərkib hissəsi olan Avropaya inteqrasiyada bu qədər istəkli deyil?

AVROPANIN İRADLARININ ARXASINDA MƏKRLİ MƏQSƏD AXTARILIR

Avropa Birliyinin «Şərq Tərəfdaşlığı» Proqramının 6 üzvü var. Belarusu nəzərə almasaq, Azərbaycan bu proqram çərçivəsində Birliklə əməkdaşlıqda digər üzvlərdən geri qalır. Ukrayna, Moldova və Gürcüstan Avropa Birliyinə inteqrasiya siyasətində Azərbaycandan daha israrlı və istəklidirlər.

Bu 3 ölkə Avropa Birliyi ilə viza rejiminin sadələşdirilməsi ilə bağlı anlaşmalar imzalayıb, rəsmi Bakıdan isə hələ xəbər yoxdur. Digər tərəfdən, «Şərq Tərəfdaşlığı» Proqramına üzv ölkələrdən yalnız Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv deyil və bu istiqamətdəki danışıqlar da ləng gedir. İş o yerə çatıb ki, hətta Rusiyanın Cənubi Qafqazdakı strateji müttəfiqi sayılan Ermənistan belə Avropa Birliyi ilə aparılan danışıqların bir neçə istiqamətində Azərbaycanı qabaqlamağa çalışır.

Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu bu il yanvarın 13-də Azərbaycana səfəri zamanı İlham Əliyevlə iki memorandum imzalamışdı. «Azərbaycan Respublikası və Avropa Komissiyası arasında 2011-2013-cü illər üzrə Milli İndikativ Proqrama dair anlaşma memorandumu»
İlham Əliyev və Joze Manuel Barrozu, 7 noyabr 2006
və «Azərbaycan Respublikası və Avropa Komissiyası arasında hərtərəfli institusional quruculuq proqramının çərçivə sənədi üzrə anlaşma memorandumu» Azərbaycanla Avropa Birliyi arasındakı məsafəni qısaltmağa xidmət etməlidir.

Avropa Birliyi ilə imzalanan İndikativ Proqram o deməkdir ki, Azərbaycan siyasi və iqtisadi islahatları dərinləşdirdikcə, demokratik institutları inkişaf etdirdikcə, Avropaya daha çox yaxınlaşacaq. Ancaq İndikativ Proqramın hazırlanmasının ləngliyi bir tərəfə qalsın, Avropa Birliyi Azərbaycanda fundamental hüquqların pozulmasından narahatdır. Məsələ burasındadır ki, qurumun tərəfdaşlarla önəm verdiyi əməkdaşlıq istiqamətlərindən başlıcası demokratik institutların inkişafı və insan haqlarının qorunması sayılır. Bu istiqamətlərdə irəliləyişə nail olmadan Avropa Birliyi ilə ümumi əməkdaşlığın inkişafından danışmaq çətindir.

Bakıda müxalifətin 2 aprel və 18 aprel aksiyaları dağıdıldıqda, ən kəskin reaksiya Avropa Birliyindən gəldi. Avropa Qonşuluq Siyasəti və Genişlənmə üzrə Komissarlıq Azərbaycan rəsmilərini münasib yerlərdə dinc nümayişlər keçirməyə icazə verməyə, demokratiya və insan haqları sahəsində öhdəliklərinə hörmət etməyə çağırdı. Avropa Parlamentinin Azərbaycanla bağlı son qətnaməsi də tənqidi notlar üzərində köklənmişdi. Rəsmi Bakı sənədlərdə deyilənləri araşdırmaq həvəsində deyil, iradlar inkar edilir, məkrli məqsədlər axtarılır.

«EUROVISION» MÜSABİQƏSİNƏ HANSI İMİCLƏ EV SAHİBLİYİ EDƏCƏYİK?

Azərbaycan 2012-ci ilin may ayında «Eurovision» yarışmasına ev sahibliyi edəcək. Avropa bu kimi mötəbər tədbirin insan haqlarına və demokratiyaya hörmət edən, Avropaya sözdə deyil, əməldə inteqrasiya olunmaq istəyən dövlətdə gerçəkləşməsini istəyər.
17 aprel aksiyasında tutulanlar
Buna görə də bu bir ildə Avropanın gözü və qulağı Azərbaycanda olacaq. Zəruri islahatlara meylli olduğumuzu Avropaya sübut etməyin yolu iqtidar-müxalifət dialoqundan, mitinqlərə qadağanın götürülməsindən və Avropa İnsan Haqları Məhkəməsinin qərarı ilə jurnalist Eynulla Fətullayevin azadlığından keçir. Ən azı bu sadalananlar yaxın bir ildə həll edilməlidir ki, «Eurovision» yarışması həqiqətən Azərbaycanın müsbət imicinə işləsin.

Almaniyanın «Şpigel» jurnalında «Eurovision»dakı qələbəmizlə bağlı məqalə də buna əyani sübutdur. Jurnal «Eurovision»dakı qələbəmizlə yanaşı, Azərbaycanda insan haqlarının pozulmasından, Eynulla Fətullayev və sosial şəbəkələrdə aktiv olanların həbslərindən, varlılarla kasıblar arasındakı dərin təbəqələşmədən yazıb.

Bu istiqamətdə köklü dəyişikliklər olmazsa, Azərbaycanda keçiriləcək musiqi yarışması ilə bərabər bizə yenə köhnə problemlərimizi xatırladacaqlar. Bu isə növbəti dəfə Azərbaycanın imicinin əleyhinə işləyəcək.

Bunu Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin başçısı Roland Kobianın «Eurovision»dakı qələbə ilə bağlı yaydığı açıqlama da sübut edir. Kobia açıqlamada Azərbaycan xalqını təbrik etməklə yanaşı, zəruri əlavəsini də unutmayıb: «Mən əminəm ki, 2012-ci ildə bu tədbirin Bakıda keçirilməsi beynəlxalq ictimaiyyətin diqqətinin ölkəyə cəlb edilməsi baxımından əlamətdar hadisə olacaq.

Bu, Azərbaycan cəmiyyətinin qəti və radikal şəkildə müasirləşdiyini dünyaya göstərmək üçün gözəl fürsətdir». Yerdə qalır ələ düşən bu fürsətdən istifadə etmək. Hələ gec deyil...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir