NATO təyyarələrinin bombardmanı nəticəsində Liviya rəhbərinin oğlu və 3 nəvəsi həlak oldu. Günahsız uşaqların ölümü əlbəttə ki, kədər doğurur. Amma onların ölümü kimin ayağına yazılmalıdır – Qəddafinin yoxsa NATO-nun? İlk baxışda asan görünən bu sual elə də asan deyil...
Qəddafinin özü sağ qalıb, indi yenə də bunkerdə gizlənir. Nümayişçilərə güllə atmaq istəməyən əsgərləri güllələyən Liviya lideri son günlərədək deyirdi ki, onun düşmənlərinin – müxalifətin, amerikalı və avropalıların axırı pis olacaq. Liviyada etiraz tədbirləri başlayandan bir neçə min nəfərdən 30 000 min nəfərədək insanın öldürüldüyü bildirilir.
Yəqin yadınızdadır, Səddam Hüseyn də möhtəşəm bunker tikdirib, müttəfiqlərin aviasiyası İraqa bomba zərbələri endirdiyi zaman orada gizlənirdi. İllər uzunu prezident olan Səddam da deyirdi ki, düşmənlərinin axırına çıxacaq. Amma nə çılğın müharibə şüarları, nə də bunker İraq prezidentini xilas eləyə bildi. O uduzdu və saqqalı uzanıb sinəsinə düşənədək bunkerlərdə gizlənməsinə baxmayaraq axırda onu tapıb asdılar. Boğazından asdılar, dilindən və ya saqqalından yox...
Kot d`İvuar prezidenti, katolik Loran Qbaqbo da bunker tikdirib orada gizlənirdi. Kişinin oğlu on il dalbadal prezident olmuşdu. 2010-cu ildə keçirilən prezident seçkilərində isə başqa namizədin – müsəlman Alassan Uattaranın qələbəsini tanımaqdan imtina etdi. Halbuki, BMT və dünyanın aparıcı dövlətləri seçkinin nəticələrini - Uattaranın qələbəsini tanıdılar. Qarşıdurma vətəndaş müharibəsi həddinə gəlib çatdı, minlərlə insan öldü, on minlərlə, yüz minlərlə insan canlarını qurtarmaq üçün qaçqın düşdü.
Qbaqbonun tərəfdarları ölkə sərhədlərini bağladılar, beynəlxalq KİV-lərin yayımına qadağa qoydular, jurnalistləri hədələyir, həbs edir, sülhməramlılara daş, güllə atırdılar. Axırda bütün dünya Uattara tərəfdarlarının Loran Qbaqbonu şalvarsız tutub apardığını əks etdirən video kadrlarını gördü. Hələ şükür eləsin ki, sağ qaldı.
Hitlerin, faşist Almaniyasının fürerinin də bunkeri vardı, özü də neçəsi... Bunlar da kara gəlmədi, Hitler özünü öldürdü, bu yaxınlarda özünəqəsdin yubileyi də keçirildi.
Mussolininin, Çauşeskunun da bunkerləri vardı, onların da bir xeyir-səmərəsi olmadı. Öz xalqları üsyan edib bu böyük liderləri güllələdi. Həmin xalq ki, liderini sevir, toplantılarda öndərinə gurultu ilə əl çalır, mitinqlərdə portretlərini daşıyır, heykəllərinin önünə gül qoyurdu. Amma mənim heç də xalqları nankorluqda günahlandırmaq fikrim yoxdur. Məsələ xalqda deyil.
Bunkerlərə bu axmaq sevgi nədən yaranır? Bu nə azardı belə - bir belə pulun, varın-dövlətin, mülkün ola-ola Afrikanın qızmarında bunkerə girmək? Olmaz ki ölkəni idarə edəndən sonra sərin kölgəli, dağ və ya dəniz küləyi dəyən eyvanda oturub ləzzət alasan?
Məni düzgün başa düşün. Mən bunkerlərin əleyhinə deyiləm. Onların da lazım olduğunu anlayıram. Stalinin müharibə illərində 40 metr dərinliyində bunkeri olub. Yəqin ki, Vaşinqtondakı Ağ Evin altında da, Bakıda əvvəllər Azərbaycan Kommunist partiyası Mərkəzi Komitəsi yerləşən prezident administrasiyasi binasının altında da zirzəmi və bunker var. Yəqin ki, İngiltərə və Belçika parlamentlərinin altında da, yaxud Holland və İsveç kral saraylarının altında da bunker var. Amma indiyəcən eşidib-bilən olubmu heç, ki İsveç və ya İngiltərənin baş naziri, ya Amerika prezidenti seçkilərin nəticələrini tanımaqdan imtina edib vəzifədə qalmaq üçün ölkəsini vətəndaş müharibəsinə sürükləsin, özü isə bunkerdə gizlənsin?
Bəlkə seçkiləri saxtalaşdırmaq meylindən vazkeçməyi bacarmaq lazımdı? Bəlkə adam özünə, öz əli ilə imza atdığı qanunlara hörmət eləməlidi? Bəlkə vəzifə hərisi olmayasan, kürsüdən dördəlli yapışmayasan gərək? Bəlkə xalqın seçiminə sayğı ilə yanaşmaq lazımdı? Bəlkə bir az ağıllı, bir az da abırlı olub vaxtında üzüsulu getməyi bacarmaq lazımdı? Bəlkə öz nəvələrini hakimiyyətdən daha çox sevmək lazımdı?
Vikipediya da yazır ki, diktatorlarin həmişə bunkerlərdən xoşu gəlir, tikilməsinə nəhəng pullar xərcləyirlər. Görəsən niyə? Nə üçün bunkerləri məhz ulu öndərlər, böyük diktatorlar, dahi rəhbərlər, millət ataları belə çox sevir? Bu nə bunker azarıdı belə?
Uzaq gəncliyimdə aspiranturada oxumuşam, yarımçıq qoymuşam. Bəlkə ona görə anlaya bilmirəm bu bunker aludəçiliyini? Bəlkə hansısa ağıllı bir adam, bizim professor, akademiklərdən biri mənə başa salsın bu məsələni? Mənə izah eləsin ki, dövlət başçısının, ümummilli prezidentin böyüklüyü ilə bu bunker şakərinin, bunker ehtirasının arasında nə əlaqə var? Nə bilim, psixoloji, siyasi, riyazi və ya mistik bir əlaqə? Axırda bir şeyə yaramayan bu dəli bunker sevgisi nədən qaynaqlanır?
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir