Sürücüləri əsgər kimi, əsgərləri bağban kimi Naxçıvan...(II yazı)

PAY- PİYADA...

İranla həmsərhəd olan Şahtaxtı kəndi ilə mərkəz Naxçıvan şəhəri arasındakı məsafə 35 km-dir. Kənddən şəhərə gün ərzində cəmi bir marşrut avtobusu gedir. Səhər saat 8-də kənddən çıxan avtobusa gecikirəm. Şəhərə getmək üçün Sədərək-Naxçıvan magistral yoluna kimi olan 5 km məsafəni piyada getməli oluram.

Nəhayət yola çatıb, «Lifan» markalı, göy nömrə nişanlı bir taksiyə yaxınlaşıb, 30-35 yaşlı sürücüdən məni şəhərə neçəyə aparacağını soruşuram.

Uzun bazarlıqdan sonra 10 manata razılaşırıq. O da yol boyu gileylənir:

- Elə bilmə ki, baha qiymətə aparıram. Məcbur oluruq. Bu taksi maşınını və göy nömrəni almaq üçün 20 min manata kimi xərcim çıxıb. Bunları almasan, taksi sürə bilməzsən. Gündəlik maksimum qazancım isə 20 manatı keçmir. Belə çıxır ki, 3- 4 il durmadan işləməliyəm ki, qoyduğum xərci çıxara bilim. Alandan sonra peşman olmuşam. Elə qanun qoyublar nə maşını sata bilərsən, nə də nömrəni.

Müsahibim taksi sürücülərinə tətbiq edilən qanun və qadağalardan da gileylənir:

«ÜZÜ BİR BALACA TÜKLÜ OLAN SÜRÜCÜNÜ YOL POLİSİ CƏRİMƏLƏYİR»

- Bizi məcbur elədilər, hamımız eyni geyimdən aldıq. Dəst paltardı, gödəkçəsi də var. Bizə deyirlər, maşında oturanda da gödəkçəni çıxarmayın. Hətta axıra kimi düymələtdirirlər. Bu vəziyyətdə isə maşını idarə etmək çətinləşir. Mən əvvəllər saqqal saxlayırdım. Taksiçiliyə başlayanda şərt qoydular ki, saqqalı qırxmalısan. İndi hər gün dayanacaqlarda yoxlanılırıq. Üzü bir balaca tüklü olan sürücünü yol polisi cərimələyir. Hər gün üzümüzü qırxmalıyıq. Nə başını ağrıdım, elə bil, əsgərlikdəyik. Maşında siqaret çəkməyə də qoymurlar.

Sürücüyə diqqətlə baxıram. Üzü həqiqətən də tərtəmizdi, gödəkçəsi də axıra kimi düymələnib.

Şəhərə çatırıq. Öncə Bakı və Naxçıvan dükanları arasında olan qiymət fərqiylə maraqlanmaq qərarına gəlirəm. Bunun üçün şəhəri piyada gəzirəm.

ƏSGƏRLƏR YENƏ İŞ BAŞINDA

Şəhərin küçələri geniş və təmizdi. Yeni tikilən inzibati binalar, təmirdən çıxmış yaşayış binaları göz oxşayır. Şəhərin dizaynı müasir üslubdadı. Tarixi binalar, abidələr xüsusi zövqlə təmir olunub. Rəqəmli işıqforlar yollara xüsusi gözəllik verir. Bir anlığa özümü hansısa Avropa şəhərində hiss edirəm.

Təmirinə yeni başlanmış arxiv binasının yanından keçirəm. Binanın təmir işlərini 50 nəfərə yaxın əsgər həyata keçirir.

MƏCBURİ İMƏCLİK


Dövlət qulluğunda çalışan bir tanışımla rastlaşıram. Deyir, iməciliyə gedirəm. Onun deməsinə görə hər bazar günü bütün dövlət qulluğunda olanları məcburi iməciliyə çıxarırlar:

-Hər idarənin öz sahəsi var. Kimini çuğundur sahəsinə aparırlar, kimini ağac əkməyə, kimini də bizim kimi şəhər yollarını süpürməyə aparırlar. Lap, bezmişəm. İşdən çıxmağa da qoymurlar. Dəfələrlə ərizə yazmışam, işdən çıxarmayıblar.

Avropa ölkələrində iməcilik anlayışı yoxdu. Demək ilkin təsəvvürlərimdə xeyli yanılmışam.

UN SATIŞINA QADAĞA

Dükanların birinə keçib, qiymətlərlə maraqlanıram. Öncə, bir kisə unun qiymətini soruşuram. Satıcı gülümsəyir:

-Yəqin buralı deyilsiz. Artıq iki ildir muxtar respublikada un satışına qadağa qoyulub. Yalnız, bir kiloqramlıq yüksək keyfiyyətli un satırıq ki, onun da ən ucuzunun qiyməti 1 manatadı.

Unun kisəylə satışına qoyulan qadağanın səbəbini soruşuram. Satıcı sussa da orta yaşlı alıcı qadın söhbətə müdaxilə edir:

- Niyə qadağa qoyacaqlar? Naxçıvanın hər yerində özlərinin çörək sexləri var. Məcbur eləyirlər ki, hamı həmin sexlərdən çörək alsın. Naxçıvan camaatının əksəriyyəti adətən un alıb, evlərində lavaş bişirməklə çörəyə olan təlabatlarını ödəyiblər. Bu həm də ucuz başa gəlir. Çörək sexləri açılandan unu da yığışdırdılar.

Digər ərzaq məhsullarının qiymətləri ilə maraqlanıram. Bakıdakı qiymətlərlə elə bir fərq hiss olunmur.

Sürücüləri əsgər kimi, əsgərləri bağban kimi Naxçıvan... Birinci hissə

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.