Alternativ enerjinin Azərbaycan modeli

Prezident alternativ enerjinin bünövrəsini qoymaqda maraqlıdır. Onun bununla bağlı ilk təşəbbüsü 7 il əvvəl olub

Azərbaycan iqtisadiyyatının şah damarının neft sektoruna aid olduğu hamıya bəllidir. 2011-ci il dövlət büdcəsində neft, qaz və neft məhsullarından gələn gəlirlərin, həmçinin Neft Fondundan edilən transferlərin xüsusi çəkisi 70% ətrafındadır. Ancaq nədənsə neftin iqtisadiyyatımızda rolu artdıqca, bu sahəyə məsul şəxslərin ictimaiyyət qarşısında hesabatlığı da zəifləyir. Baxmayaraq ki, Azərbaycan rəhbərliyi «Mədən sənayesində şəffaflıq təşəbbüsü» çərçivəsində ölkənin əldə etdiyi nailiyyətləri daim həm ölkə içində, həm də xaricdə fərəhlə qeyd edir. Bu deyilənlərlə əməllər arasında vəziyyətin reallıqda necə olmasını görmək üçün sadəcə, Azərbaycan prezidentinin yanında hər rübün yekunlarına həsr edilmiş Nazirlər Kabinetinin iclaslarının «cansız rejimdə» yayımlarını seyr etmək yetər.

ÇƏTİN SUALLAR ÇOXALIR

Artıq 2 ildən çoxdur ki, bu iclaslarda neft və qaz sektorun «kapitanları» məruzə ilə çıxış etmirlər. Bu baxımdan çoxlu suallar yaranıb. Məsələn, milli neft şirkətimiz 2008-ci ildən xaricdəki layihələrinə $2.5 mlrd investisiya yatırıb və onun özünün açıqladığına görə, yaxın 5 ildə ölkə hüdudlarından kənarda daha $5-6 mlrd vəsait xərcləyəcək. Hətta ekspertlər səviyyəsində belə bilən yoxdur ki, bunun müqabilində Azərbaycan büdcəsinə nəsə daxil olurmu? Olmursa, bəs nə vaxt olacaq? Axı, xaricilər bizim layihələrə pul qoyanda, hamısını əvvəlcədən 20-25 il üçün hesablamışdılar. Elə isə onların təcrübəsindən niyə yararlanmayaq? Çətin belə şeyləri Azərbaycan hökuməti öz vətəndaşlarına açıqlasın. Ona görə də ümid qalır yenə də xarici mənbələrə.

Nə isə, reallıq budur ki, son zamanlar dövlət başçısına enerji sektorundan məlumat verən ən aktiv məmur «Azərenerji»nin sədri Etibar Pirverdiyevdir. Onu da qeyd edim ki, 2008-ci ildən Dövlət Bayrağı meydanındakı möhtəşəm layihələrin irəliləməsində (bu proje hələ bitməyib) cənab Pirverdiyevin xüsusi rolu var: TV süjetlərdən görünür ki, o, həmişə nəyisə izah edir və ya buna cəhd edir.

Ancaq bu günlərdə Azərbaycanda bir hadisə ortaya çıxıb ki, bunu çətin ki, Lütfi-zadənin qeyri-səlis nəzəriyyəsilə belə izah etmək mümkün olsun.

ENERJİNİN ALTERNATİVİ – ELƏ HƏMİN ENERJİ

Təsəvvür edirsinizmi, 2009-cu ildə prezident İlham Əliyevin sərəncamı ilə Alternativ Energetika üzrə Dövlət Agentliyi yaradılıb. Düzdür, o, hüquqi baxımdan Sənaye və Energetika Nazirliyinin tərkibində olsa da, reallıqda müstəqil bir qurumdur.
Günəş batareyası
O zamandan bu günə kimi dövlət başçısı Nazirlər Kabinetinin iclaslarında düz 3 dəfə ölkədə alternativ enerji mənbələrindən istifadənin vaxtının çatdığını xüsusilə vurğulayıb və özünün gileyini bildirib ki, bu sahədə hələ ki bir irəliləyiş sezilmir: yeganə gözlə görüləsi alternativ enerji mənbəyi Mərkəzi Seçki Komissiyasının həyətində quraşdırılmış kiçik günəş kollektorudur. İlham Əliyev hətta bir dəfə bunu bürokratik əngəlliklərlə də əlaqələndirdi. Prezidentin sözündən belə anlamaq olardı ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu sahənin inkişafı üçün gərəkli olan «lazımsız» torpaq sahələrinin (külək turbinlərinin və günəş kollektorlarının quraşdırılması üçün boş sahələr gərəkdir) ayrılmasını ləngidir.

Sözün düzü, mən həmin iclaslarda Dövlət Agentliyinin rəhbərinin iştirakına rast gəlməmişəm. Çünki Prezident kimin adını çəkirsə, adətən həmin şəxs ayağa durur. Bir sözlə, görünür, yuxarılarda bu sahədə bir tərpəniş yaradılmasına ümidli olmadıqlarından alternativ enerjinin inkişaf etdirilməsini də tapşırıblar c-b Pirverdiyevə. Yəni, o şəxsə ki, onun əsas vəzifəsi ölkədə ənənəvi energetikanı inkişaf etdirməkdir. Özü də bunu «centlmensayağı» deyil, hüquqi baxımdan ediblər. Hə, təəccüblənməyin. Hökumətin 2010-cu ildəki fəaliyyətinin Milli Məclisdə müzakirəsi üçün deputatlara əvvəlcədən tanış olunmaq üçün verilmiş məlumatlarda bu, öz əksini tapıb. Sən demə, 2010-cu ilin dövlət büdcəsindən «Alternativ energetikanın inkişaf etdirilməsi» Dövlət proqramı çərçivəsində «Azərenerji»yə nə az, nə çox – düz 15 mln manat vəsait ayrılıb. C-b Pirverdiyev də həmin vəsaiti ümumi gücü 16.3 Meqavat olan 10 mini-su elektrik stansiyasının (MSES) tikintisinə yönəldib. Bunlardan üçünü – «Göyçay-1» MSES (gücü 3 MVt-dır), «Balakən-1» MSES (1.5 MVt) və «Qusar-1» MSES (1 MVt) - bu ilin yayınadək istifadəyə vermək planlaşdırılır. Bundan başqa, Naxçıvan Muxtar Respublikasında da «Azərenerji» alternativ energetikanın tətbiqi ilə bağlı işlər görür.

Bax, buna həqiqətən də deyirlər «iqtisadiyyatın Azərbaycan modeli»: qalır onun nəzəriyyəsinə patent almaq.

HÖKUMƏTİN KÖNLÜNDƏN KEÇƏNLƏR

Məni daha çox məsələnin mahiyyəti düşündürür. Prezident alternativ enerjinin bünövrəsini qoymaqda maraqlıdır. Onun bununla bağlı ilk təşəbbüsü 7 il əvvəl olub. Məncə, bu, həm gələcəyə (post-neft dövrünə) hazırlıqdır, həm də Azərbaycanın qonşularından bu sahədə geriliyinin aradan qaldırılmasına bir addımdır - Ermənistan İranın köməyi ilə 2006-cı ildən külək enerjisinin istehsalına başlayıb, Gürcüstan isə mini SES-lərin tətbiqinə görə Qafqazda liderdir. Ancaq hökumət ciddi-cəhdlə dövlət başçısının arzularının həyata keçirilməsinə qarşı çıxmasa da, onu gerçəkləşdirməkdə də həvəsli deyil. Görünür, artan neft gəlirlərinin xərclənməsi üzrə meqa-layihələr icad edən məmurlarımız üçün ildə cəmi-cümlətanı 15-20 milyonluq layihə mənasız bir şeydir axı. Bu cür intellekt tələb edən layihə əvəzinə qısa zamanda gör nə qədər vəsait əldə etmək olar, özü də problemsiz: təkcə Səbail rayonundakı 6 nömrəli məktəbin təmirinə 10.8 mln manat xərclənmişdi, az sonra onu bünövrəsindən söküb yenidən tikmək qərarına gəldilər. Vəssalam – Azərbaycan iri addımlarla irəliləməkdədir!

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.