İnhisarı təkcə ... toyuqlar yaradır?

Prezidentin göstərişilə bir gün ərzində yumurtanın qiyməti özünün əvvəlki həddinə qayıtdı

Rus filosofu A.Rozanov yazırdı ki, Rusiyada həmişə rəzil həyat və böyük bir ədəbiyyat mövcud olub. Buna cavab olaraq digər bir rus yazıçısı da demişdi ki, kaş, Rusiyada da Skandinaviya ölkələrində olduğu kimi normal bir həyat olaydı, onda biz böyük ədəbiyyatsız, «rus milli ideyası» və «Rusiyanın tarixi missiyası» olmadan da keçinərdik!... Bunu niyə xatırladım? Həmişə böyük tələbləri sonda gətirib ya kartofa, ya kolbasaya, ya da elə bizdə olduğu kimi yumurtaya bağlayırlar. Məşhur hüquq müdafiəçisi M.Novitski ciddi şəkildə iddia edirdi ki, bütün Polşa üsyanları bu və ya digər formada elə kolbasa ilə bağlı olub. İndi bizim hökumət də bir aşağı, bir yuxarı baxdı, sosial şəbəkə üzvlərindən əndişələndi və təlaş keçirdi, əvvəlcə korrupsiyanı ləğv etmək fikrinə düşdü, sonra yumurta üzərində dayandı – prezidentin göstərişilə bir gün ərzində yumurtanın qiyməti özünün əvvəlki həddinə qayıtdı. Sən demə, bütün problemlərin çox sadə həlli varmış. Olsun. Amma məni başqa detal düşünməyə vadar etdi. Bu da öz fikirlərini əsaslandırmaq üçün prezidentin gətirdiyi arqumentlər idi.

TƏKCƏ YUMURTA ÖLKƏDƏ İSTEHSAL OLUNUR?


İ.Əliyev öz məmurlarına xitabən dedi ki, yumurta ölkədə istehsal olunursa, onun qiyməti niyə artmalıdır? Təbii ki, haqlı sualdır. Amma sual həmişə elə başqa suallar doğurur. Benzin də ölkədə istehsal olunur! Bəs onun qiyməti niyə belə bahadır? Qaz da ölkədə hasil olunur! Niyə bahadır? Elə elektrik və su da ölkədə istehsal olunur! Onlar niyə bahadır?... Doğrudan da bütün bunlar niyə bahadır?... Bəli, düz bir neçə il bundan əvvəl baş vermiş qiymət artımına qədər insanlar azacıq da olsa, normal yaşamağa başlamışdılar, 200 manatla bir ailə dolana bilirdi. Amma qiymətlər artırıldı. Buna etiraz edən müxalifət də «naftalin iyi verməkdə» suçlandı. İndisə soruşulur ki, yumurta niyə bahalaşıb? Biz haradan bilək?! Eyni sual bizi də narahat edir ki, bu ölkədə benzin, elə qətərlilər demişkən, ayağımızın altından çıxırsa, niyə belə
Benzin də ölkədə istehsal olunur! Bəs onun qiyməti niyə belə bahadır?
baha olmalıdır?

İNHİSAR TƏKCƏ ... YUMURTA SATIŞINDA MÖVCUDDURMU?


Bu da maraqlı sualdır. Yəqin çox adam xatırlayır ki, korrupsiyadan da əvvəl hökumət inhisarçılıqla mübarizə aparmaq fikrinə düşmüşdü. Elə indiki kimi inhisara qarşı böyük kampaniyaya başlamışdılar. Nəticəsi nə oldu? Bir az danışdılar, danışdılar və sonda da İ.Əliyev bəyan etdi ki, bu da təbii proses hesab edilməlidir, çünki bütün iş adamları inhisara can atırlar!... Yəni onları belə hüquqdan məhrum etmək lazım deyil, qoy, biri – birini məhv etsinlər və axırda bu qovğadan kim salamat çıxsa, qoy, elə o da inhisarçılıq etsin! Bəli, doğrudan da maraqlı məntiqdir. Hər şey belə «sadə»dirsə, bəs niyə bu və ya digər ölkələrdə anti-inhisar qanunları qüvvədədir? Doğrudan da axı niyə? Onlar niyə bunsuz keçinə bilməyiblər?... Rəsmi iqtisadçıların hələ bu suallara cavabı yoxdur, olsaydı, bu vaxta qədər eşidərdik. İrəlicədən hansısa proqnoz vermək heç də həmişə dürüst addım deyil. Amma qorxulusu budur ki, korrupsiya ilə mübarizə aylığı da inhisarçılıqla mübarizə kimi bitsin. Axı, elə dövlət rəsmilərinin özləri tez – tez deyirdi ki, korrupsiya bütün dünyada var! İndi bir filmdə deyildiyi kimi: «O əjdahadan oralarda varsa, burada niyə olmasın!».

KİÇİK SÖZARDI


Bu yazı iqtisadiyyatdan da daha çox hakimiyyətin iqtisadi məntiqi haqdadır. Bunların həqiqətən də qəribə məntiqi var. Etirazlardan söhbət düşəndə gör nə deyirlər: «Ölkəmiz dinamik inkişaf edir!», «Gəlirlərimiz artır!». Anlamaq olmur, gəlirlər artırsa və ölkə inkişaf edirsə, insanlar kölə olmalıdırlar?

Sistem haqda düşünmək istəmirlər, əslində isə hər şey sistemin yaratdığı problemlərdir – bir tərəfdən düzəltmək, yoluna qoymaq istəyəndə, digər bir tərəfdən problem çıxır. Belə hal tək bu ölkədə olubmu? Bütün avtoritar rejim ölkələri eyni problemlərdən əziyyət çəkirlər. Bəlkə problemin ətrafında şou yaratmaqdansa, onu sistemli islahatlarla həll etməyin vaxtıdır?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.