Siyasətdən vaxtında getmək məharəti

M.Qəddafi

Onun daha bir neçə il hakimiyyətdə qalmasına heç nə mane olmurdu, lakin o, dostlarının və yaxınlarının məsləhətinə qulaq asaraq hakimiyyəti tərk etdi və öz addımı ilə ABŞ siyasətində ənənəyə çevrilən qaydanın əsasını qoydu. Ondan sonra bütün prezidentlər yalnız iki müddətə seçilmək məhdudiyyəti ilə barışmalı oldular. Bəli, söhbət ABŞ prezidenti C.Vaşinqtondan gedir. İndi bunu xatırlamağın əsl məqamıdır. Vaxtında irəli çıxmaq və elə vaxtındaca öz hisslərini cilovlayaraq geri çəkilə bilmək! Bu iki cəhətin hər ikisi siyasətçilər üçün çox vacibdir. Bacarmayanlar da olub, məsələn, Ş.De Qoll. Elə bu son dövrlərdən də misallar tapmaq mümkündür. L. Valensa məğlubiyyəti ilə çox çətin barışdı, siyasi gündəmdə qalmaq üçün daha nələr etmədi, inqilabadək çalışdığı tərsanədə elektrik kimi fəaliyyətə başlamaq istədi, Ağ Evin önündə aclıq aksiyası keçirməyə çalışdı. Azacıq emosional tonda olsa da? B.Yeltsin də vaxtında getməyə özündə güc tapdı. Amma V.Putin bacarmır, ölkənin öz içi və ətrafı üçün əsl problemə çevrilib. İndi hansı tip siyasətçilərə daha çox təsadüf edir? Dünyada demokratik dövlətlər daha çox olduğundan gedənlər qalanlardan daha çoxdur və artıq bu, normaya çevrildiyindən ciddi şəkildə nəzərə də çarpmır. İndi daha çox diqqət çəkən, yadda qalan gedə bilməyən siyasətçilərdir. Onların adlarını sadalamaq da olar, lakin gözlərimiz önündə hal – hazırda bu proses cərəyan etdiyindən buna elə bir ehtiyac yoxdur.

ONLAR ÖLKƏ VƏ MİLLƏT ÜÇÜN VURUŞDUQLARINI DÜŞÜNÜRLƏR?


Onlar doğrudanmı bu qədər sadəlövhdürlər? Doğrudanmı başa düşmürlər ki, onların uğrunda vuruşduğu «millət və vətən» artıq onları istəmir, onlarla birlikdə olmaq istəmir? Tunis prezidenti bir az tez və sakit getdi. H. Mübarək çox müqavimət göstərdi, Misirdə və Misir uğrunda öləcəyini bəyan etdi, zira bunu heç vaxt bacarmadığından nəhayət o, da postunu tərk etməli oldu. Elə onun hərbi karyerası da bir qədər sual doğurur. Misirin qalib olduğu savaş şəxsən mənim yadıma gəlmir. Amma bu, Mübarəkə marşal olmaq üçün elə bir əngəl törətməmişdi...
V.Putin zəifləsə, D.Medvedev üstün gəlsə, MDB diktatorlarının mövqeləri bir qədər sarsılacaq
İndi M.Qəddafinin məqamıdır. Özünü 20-ci əsrin Napoleonu adlandıran bir kəsin. Amma Napoleon belə edərdimi? Vaterloo döyüşündə məğlub olandan sonra o, Parisə qayıdır və Lafayet ona islahat aparıb respublikanı bərpa etmək və cəmi xalqı mübarizəyə qaldırmaq təklifi edir. Napoleonun cavabı çox qısa olur:«Mən imperatoram!». İndicə Qəddafini, öz xalqına qarşı afrikalı muzdluları döyüşə göndərən Qəddafini düşünərkən adam gülmək və «Napoleona bir bax!» - demək istəyir, amma nə yazıqlar ki, Liviyadakı vəziyyət heç də gülməli deyil. Gülməli olan isə elə Qəddafinin özüdür – hakimiyyət və milyardlar hərisi bədəvi... Bəlkə də onun üçün də öz «Yaşıl kitab»ını qoltuğuna vurub getmək gec deyildi və bəlkə də liviyalılar ona 41 ili bağışlayardılar, amma bacarmadı, o da «Liviya uğrunda ölməyi» üstün tutdu. Necə də gülməlidir, ilahi!..

DİKTATORLAR QORUĞU


Dünyanın marağına səbəb olacaq hadisələr baş verərkən, Yaxın Şərqdən bir neçə paralel yuxarıdaca «gənc» diktatorlar mürgüləyir. Onlara ona görə gənc deyirik ki, müddətləri hələ 40 – a çatmayıb. Doğurdanmı, hələ 20 – 30 il gözləmək lazım gələcək? Yox, ən azı ona görə ki, diktatorların ömrü təkcə millətindən asılı deyil, göylər də var. Bəli, S.Türkmənbaşının da M.Qəddafi kimi «Ruhnamə»si vardı. Bir vaxt hamı onu oxumağa borclu idi. Amma indi qədirbilməz türkmənlər həmin kitabın harada olmasından da xəbərsizdirlər. Yazının əvvəlində V.Putinin adını qeyd etdik. Rusiyadakı proseslərdən çox şey asılıdır. V.Putin zəifləsə, D.Medvedev üstün gəlsə, MDB diktatorlarının mövqeləri bir qədər sarsılacaq. Bu gün əlamətdar olan nədir? Diktaturalara qarşı bir münasibət formalaşır. Açığını etiraf edək, ərəb diktatorlarına qarşı Qərb də dözümlə yanaşırdı. İndi bunun da hesabatını vermək lazım gələcək, çox güman ki, bu hadisələrdən sonra diktatorları tumarlamaq daha dəbdə olmayacaq və Qərb bəzi ölkələrin demokratiya istiqamətindəki addımlarını daha diqqətlə ölçəcək, daha geriyə gedirkən, «irəliyə doğru bir addım da atılıb» - deyən tapılmayacaq.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.