Diktaturalar ideologiyadan asılı idarəetmə rejimləridir. Xalq ideologiyaya inandıqca, diktatura güclü olur. İnam zəiflədikdə isə, rejim çürüyür və bir qayda olaraq çökür.
Bu prosesi dünya boyu müşahidə etmək olar və təbii ki, Azərbaycana da eyni dərəcədə aiddir.
DİKTATURALARI İDEOLOGİYADAN ASILI EDƏN NƏDİR?
Azadlıqsız yaşamaq insanın qeyri-təbii halı olduğu üçün müəyyən bir səbəb lazımdır ki, həmin insanı öz azadlıqlarının məhdudlaşdırılması ilə barışdırsın.
Bu səbəb yaxud izahat real faktlara da söykənə bilər (məsələn, müharibə dövründə demokratik dövlətlərdə tətbiq edilən məhdudiyyətlər kimi), reallıqla əlaqəsi olmayan mifik ideyalara da. Əsas odur ki, real yaxud mifik olmasından asılı olmayaraq, camaat həmin bu izahata inansın və öz azadlığının itməsinə boyun əysin. Bu işi də ancaq ideologiya edə bilir.
TOTALİTAR SİSTEMLƏR VƏ İDEOLOGİYA
Bu tezisə ən parlaq nümunələri diktaturaların ultra-təmiz formaları - totalitar sistemlər verir. Əhalinin varlı-kasıba bölünməyəcəyi bir cəmiyyət uğrunda xalqa olmazın zülmlər edən kommunizm də eyni işi görürdü, Ari irqinin dünya ağalığına nail olmaq üçün cəmiyyətə öz diktəsini edən faşizm də. Bu işin adı xalqı əzmək «zərurətinə» xalqın özünü inandırmaq idi. Bu olmadan zəngin tarixə malik xalqları köləliyə boyun əydirmək mümkün olmazdı.
DİKTATURA İZAHATI: UQO ÇAVEZ
Avtoritar ölkələrdə ideoloji zəmin eyni rolu oynayır – amma daha az faizli məhlul qismində (buna görə də o rejimlər totalitar yox, məhz avtoritardırlar). Məsələn, kommunizm ideologiyasının az-faizli konsentratından istifadə edənlərdən biri Venesuela prezidenti Uqo Çavezdir. Camaata qəbul etdirmək istədiyi ideya isə odur ki, acgöz kapitalistlər onun ölkəsini soymaq istəyirlər, demokratiya adı altında istismarçı kapitalistləri hakimiyyətə gətirmək istəyirlər, bunun qarşısını alan isə bir nəfər adam var ki, o da həmin bu Uqo Çavezdir. Bu izah altında Uqo Çavez öz səlahiyyətlərini də, səlahiyyət müddətlərini də dəfələrlə və xeyli dərəcədə artırıb. Ölkədə bu izahatın səmimiliyinə inanan adamlar Çavez diktaturasının bazasını təşkil edir.
DİKTATURA İZAHATI: RUSİYASAYAĞI
Qonşuluqda Putin Rusiyasının avtoritarizmə qayıdışı belə bir ideoloji zəmin üzərində qurulmuşdu: Rusiyaya güclü əl lazımdır ki, ölkənin problemlərini həll etsin, yoxsa Rusiyada cinayətkarlar istədiyini edirlər, bir zaman dünyaya hökm edən ölkəyə indi heç kim hörmət etmir, federasiya subyektləri belə az qalır müstəqil olsun və s. Bu fikrə Rusiya cəmiyyətinin çoxluğu inandıqca, Rusiyada avtoritarizm möhkəm dayanmışdı. Lakin getdikcə daha çox adam bu xətti inkar etdikcə, Putinin dayaqları laxlayır.
DİKTATURA İZAHATI: TÜRKİYƏSAYAĞI
Qonşu Türkiyədə 1980-cı ildə hərbi diktatura quran Kənan Evrenin xalqa verdiyi izahat bu idi ki, solçularla sağçılar ölkəni vətəndaş müharibəsi həddinə gətiriblər, buna son qoymaq üçünsə möhkəm əl lazımdır. Evren deyirmiş ki, Türkiyə konstitusiyası elə mülki azadlıqları verir ki, o hüquqlar indiki Türkiyə üçün qədərindən artıqdır. Əhali də qəbul edirmiş bu fikri. 30 il sonra indiki Türkiyədə mülki azadlıqlara – media azadlıqlarına yeni basqılar var. Təbii ki, izahlar da yenidir – «Ergenekon», Türkiyənin yeni dünyada öz keçmiş hörmətini geri qaytarması əzmi, islam təəssübkeşliyi və s.
DİKTATURA İZAHATI: İRANSAYAĞI
Azərbaycanın digər qonşusu İranda hakimiyyətdə olan dini rejim kənar gözlərə qəribə görünə bilər, ancaq İran vətəndaşlarının uzun müddət qəbul etdiyi bir ideoloji izahat olub - təqribən belə bir hekayə: «Qərbə satılan şah rejimi onun təbii sərvətlərini dəyər-dəyməzinə Qərbdəki ağalarına satır, ölkədə isə nə əhalinin adət-ənənəsinə, nə də özünə hörmət qoymadan fironluq edir. İslam hökuməti bu xalqın keçmişinə, adətinə, ənənəsinə arxalanaraq bu oyuncaq diktatoru süpürüb atır, ölkəni müstəqil edir və Allahın yoluna qaytarıb haqqı-ədaləti bərpa edir». Əhali bu qeyd olunan, yaxud ona bənzər yarı gerçək-yarı mifik hekayəyə inandıqca, İrandakı molla rejimi bərk oturub. Bu inam sarsılanda isə, o rejim laxlamağa başlayır.
AZƏRBAYCANDA «ULU ÖNDƏR» MİFİ
Azərbaycanda demokratik hökumətin devrilməsi dövrünün özü ətrafında bir ideoloji nağıl formalaşdırılıb: 1993-cü il iyunun 15-i Azərbaycan hökumətinin rəsmi qəbul etdiyi bayramdır – Milli Qurtuluş Bayramı. 1993-cü ildə ölkə əldən gedirmiş. Bəylər – AXC-Müsavat cütlüyü ölkəni zəlil gününə qoyurmuş. Heydər Əliyevə bir qədər də gec müraciət edilsəydi, ermənilər Gəncəni, sonra isə Bakını tutacaqlarmış. Vaxtında hakimiyyətə gələn Heydər Əliyev ölkəni məhv olmaqdan qurtarır, stabilliyi bərpa edir, ölkəni inkişaf yoluna qoyur, neft kontraktları imzalayır və ermənilər üzərində bir-birinin ardınca bir neçə parlaq diplomatik qələbələr çalır. (məsələn, Lissabon sammiti).
HƏ NECƏDİR, İNANIRSINIZ BU HEKAYƏYƏ?
İnanırsınızsa, siz YAP hakimiyyətinin sosial bazasını təşkil edirsiniz. Bu hekayəyə inanan adamlar nə qədər çoxdursa, Əliyevlərin hökmranlığı bir o qədər möhkəmdir. Reallıqda, 1995-ci ildən sonra bu hekayəyə özünün ilkin versiyasında inanan adamların çoxluq təşkil etdiyini güman etmək çətindir. Amma bu xəttin daha az faizli konsentratına – Əliyev rejiminin Azərbaycana sabitlik gətirdiyinə və Ermənistanla münaqişə davam etdikcə, ölkədə müharibə dövrü rejiminə zərurətin olmasına inam daha uzunömürlü olub və daha çox adamı özünə inandırıb.
Məsələn, müxalifəti sabitliyi pozmaqda ittiham edirlər. Amma eyni məntiqlə demək olar ki, hakimiyyətə gələnə qədər Azərbaycanda stabilliyi pozan qüvvələrdən biri və birincisi elə Heydər Əliyevin özü idi. Demək olar ki, haqqında danışılan Ermənistan-Azərbaycan münaqişəsi indiyə-qədər həll olunmamış qalır. Lakin insanlar mifə inandıqdan sonra bütün bu arqumentlərin yalnız bir əhəmiyyəti var – deyilən mifi dağıtmaq işində sadəcə bir mərmi rolu oynamaq.
YENİ LİDER, YENİ MİF
2003-cü ildə İlham Əliyev hakimiyyətə gələndə, yeni bir ideoloji zəmin yaratmağa cəhd edildi. Guya yeni lider gənc, enerjili, Qərb dəyərli birisi kimi ölkəyə yeni iqtisadi və siyasi dirçəliş dalğası verəcəkmiş. Bu xətdən çox tezliklə imtina edildi. Köhnə xəttə - Heydər Əliyev xəttinə qayıdış isə artıq bir sıra problemlərlə üzləşib: Artıq 1992-1993-cü illərin hakimiyyəti ilə əhalini qorxutmaq təbliğatı 1993-1999-cu illərdə olduğu qədər effektiv deyil. «Yaxın vaxtlarda müharibə edib torpaqları geri qaytaracağıq» şüarı da 18 ildir ki, itirilmiş torpaqların qaytarılması üçün heç nə etməyən hökumətin dilindən səslənəndə, əvvəlki cazibəsini itirmiş olur. Üzərində təbliğat aparılan «sabitlik» də əvvəlki səviyyədə deyil. Məmur dərəbəyiliyini Azərbaycan hökumətinin özü etiraf etməyə başlayandan sonra məmurlar insanları intihar həddinə gətirdiklərinə görə məsuliyyətə cəlb edildiyi ölkədə nə sabitlik? Beləcə «Ulu öndər» mifi öz ideoloji funksiyasını itirmiş kimi görünür. İdeologiyasız idarəçilik isə xalqın iradəsi əleyhinə, sırf zora söykənmiş bir diktator dirənişidir. Bu yerdə isə fransız diplomatı Taleyranın Napoleona söylədiyi bir fikir yada düşür: «Süngü ilə çox şeyi etmək olar, amma onun üstündə oturmaq olmaz».
SİYASİ DETERMİNİZMİN PUÇLUĞU
Yuxarıdakı fikirlərdən Azərbaycanda avtoritarizmin çökməsinin labüdlüyü qənaətinə gəlmək reallığın təhrif edilməsi olardı. Siyasət tamamən insan fəaliyyəti sahəsidir. Burada heç nə «avtomatik», «labüd şəkildə» olmur. Sadəcə, müəyyən siyasi şərtlərin mövcudluğu siyasi hərəkət olarsa, onun uğur ehtimalını ya artırır, ya da azaldır. Sırf nəzəri baxımdan ideologiyasız diktatura da ömrünü uzada bilər - əhali o rejimi ciddi sınaqlara çəkmirsə. Uzun müddət diktatura hökumətinə qarşı kimsə etirazını səsləndirməyəndə, «bunlarla bacarmaq mümkün deyil» qorxusunun özü bir ideoloji bazaya çevrilir. Məsələn, kim iddia edə bilər ki, 41 il Liviyada diktatorluq edən Müəmmər Qəddafini hakimiyyətə gətirən ideoloji səbəblər aradan qalxmamışdı? Amma adam hakimiyyətdə idi və hələ ki, dirəniş göstərir.
Dini kitablarda Süleyman peyğəmbərin ölümünə dair ibrətamiz hekayə var. Həzrəti Süleyman öz taxtındaca dünyasını dəyişibmiş, əsasına söykənmiş formada. Heç kim cürət edib şaha yaxınlaşa bilmirmiş ki, müəyyən edə ki, şah diridir, ya yox. Şahın ölümünü əhaliyə bir ağacqurdu xəbər verir. Ağacqurdu Süleyman şahın söykəndiyi taxta əsanın içinə girib onu içəridən yeyir və günlərin bir günü əsa şahın ağırlığına tab gətirməyib qırılır və şahın əsaya söykənmiş cəsədi yerə yıxılır.
İdeologiyasız diktaturalar avtopilot rejimində öz dövranlarını sürürlər. Əllərindəki əsa qırılanacan öz ölümlərini belə gizlədə bilərlər. Amma, müqəvva ilə ölkəni idarə etmək metodu hələ icad olunmayıb, son nəticədə azacıq da olsa, hərəkət edə bilən canlı məxluq ortalığa çıxmalıdır.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.