Keçək rəsmi rəqəmlərə. Qeyd edim ki, Neft Fondu Azərbaycanda 29 dekabr 1999-cu ildə yaransa da, o, əməli fəaliyyətə yalnız 2001-ci ilin II rübündən başlayıb. Fondan vəsaitlərin xərclənməsi də öz tarixini həmin ildən götürür. Yəni neft vəsaitlərinin xərclənməsinin ilk 10 ili artıq başa çatıb. Qısacası onu demək olar ki, bu müddətdə Azərbaycan dövləti $46 mlrd-dan artıq neft gəliri əldə edib və indiyə qədər onun yarıdan çoxunu xərcləyib: 1 yanvar 2011-ci il tarixinə Neft Fondunun qalıq aktivləri $22 mlrd 766.8 mln təşkil edib.
Baxaq görək bu vəsaitlər hara xərclənib:
Azərbaycan Dövlət Neft Fondundan xərcləmələr (mln. manat): | ||
| 2001-ci ildən 1 yanvar 2011-ci ilə qədər | 2011-ci il üçün proqnoz |
qaçqınların və məcburi köçkünlərin sosial-məişət problemlərinin yaxşılaşdırılmasına | 717.8 | 110.0 |
Bakı-Tbilisi-Ceyhan neft kəmərində Azərbaycanın payının maliyyələşdirilməsi | 297.7 | - |
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin maliyyələşdirilməsi | 60.5 | 80.215 |
Samur-Abşeron suvarma sisteminin maliyyələşdirilməsi | 564.1 | 110.0 |
Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinin maliyyələşdirilməsi | 678.4 | 33.446 |
Dövlət büdcəsinə transferlər | 16 180.0 | 6 480.0 |
Azərbaycan Dövlət İnvestisiya Şirkətinin nizamnamə kapitalının maliyyələşdirilməsi | 90.0 | - |
Azərbaycan Dövlət Neft Şirkətinə əvvəllər ona çatmalı olan mənfəət neftindən gələn gəlirlərə görə ödəmələr | 87.6 | - |
2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi layihəsi | 19.8 | 15.0 |
Fondun idarəetmə xərcləri (2011-də artım yeni 23 mərtəbəli inzibati binanın tikilməsi ilə əlaqəlidir) | 10.1 | 57.494 |
Cəmi | 18 706.0 | 6 886.155 |
Neft Fondunun xərcləri 2001-ci ildə cəmi 720 min manat (hesablamalar ancaq yeni manatla göstərilib) olub və gəlirlərin heç 1%-ni də üstələmirdi. 2002-ci ildə xərclər 8.622 mln manatadək (gəlirlərin 29.2%) yüksəlməyə başladı. Bir il sonra isə artıq Fonddan 235.2 mln manat vəsait xərcləndi. 2004-cü ildə Fonddan xərcləmələr 141.623 mln manatadək azaldısa da, 2005-ci ildə 324.859 mln manat, 2006-cı ildə isə 981.376 mln manat oldu. Neft Fondunun tarixində yeganə il idi ki, onun xərcləri gəlirlərini üstələyirdi. İlk dəfə olaraq 2007-ci ildə xərcləmələr 1 milyardlıq «psixoloji həddi» aşdı - 1 mlrd 61.2 mln manat. 2008-ci ildə Fonddan xərcləmələr düz 4 dəfə artırılaraq 4 mlrd 291.8 mln manatadək artırıldı. 2009-cu il dünyada iqtisadi böhran hökm sürsə də, Fonddan xərcləmələr azalmadı və yüksəlməkdə davam etdi – 5 mlrd 294.5 mln. Ötən il isə xərcləmələrin həcmi rekord həddə çatdı – 6 mlrd 386.5 mln.
Neft Fondundan illik xərcləmələrin gəlirlərə nisbəti cədvəli
2001 | 2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 |
1% | 29.2% | 64.9% | 50.3% | 34.3% | 101.3% | 56.7% | 36.2% | 64.7% | 48.8% |
Beləliklə, Azərbaycan 2001-ci ildən 2011-ci ilədək Neft Fondundan 18 mlrd 706 mln manat vəsaiti xərcləməyə müvəffəq olub ki, bu da Neft Fonduna ümumi daxilolmaların təqribən 51%-ni təşkil edib.