Azərbaycanda niyə tələbə hərəkatı yaranmır?

Dəyişikliklərin aparıcı qüvvəsi artıq tələbələr hesab olunur

Ötən əsrin 60-сı illəri, Fransa. Sorbonnanın tələbələrinin etirazları Fransanı silkələyir, hökumət istefa verməyə məcbur olur, hakimiyyət dəyişir. Siyasət və sosiologiya ilə məşğul olanlar öz nəzəriyyələrinə yenidən baxmalı olurlar və bundan sonra sosial dəyişikliklərin aparıcı qüvvəsi əvvəllər olduğu kimi lümpen proletariat deyil, artıq tələbələr hesab olunmağa başlayır. Hətta ən konservativ sosialist ölkəsində, SSRİ-də A.Saxarov oxşar fikirlər söyləməyə başlayır və buna görə hakimiyyətin qəzəbinə tuş gəlir. O hadisələrdən indi yarım əsr vaxt keçib. Bu müddət ərzində universitetlərin ölkələrin həyatında rolu ilə bağlı mübahisələr və fikirlər səngiməyib. Qeyd edək ki, Şərqdə də bunun analogiyaları olsa da, universitetlər tipik Qərb fenomenidir. Bununla razılaşmamaq çox çətindir və mübahisəlidir, çünki Avropada tarixi bir neçə yüz ili adlayan universitet olsa da, Şərqdə belə mərkəzlərə təsadüf olunmur. Bu yazıda təbii ki, məqsəd Qərb universitetlərinin tarixini araşdırmaq deyil, bunun üçün hətta silsilə verilişlər də kifayət etməz. Sadəcə, Azərbaycanda bu ənənələrin necə formalaşması, necə deyərlər, prosesin özü daha çox maraq kəsb edir. Bəri başdan bir detalı qeyd edək. Buralarda universitetlər elə bir böyük tarixə malik deyillər. Ona görə də tələbə hərəkatına bir qədər fərqli prizmadan baxmaq lazımdır.

UNİVERSİTETLƏRİN MUXTARİYYƏTİ VARMI?

Avtonomluq Azərbaycan universitetləri üçün hələ xəyaldır. Burada təhsil və yaşayış qaydalarına tələbələrin təsiri bəlkə orta məktəblərdə olduğundan da azdır. Elə orta məktəblərdə də valideynlərin məktəb həyatına təsiri maliyyə yardımı ilə məhdudlaşır. Tələbələr fənləri seçmirlər, tədris prosesinə demək olar ki, müdaxilə edə bilmirlər. Ölkədə universitet şəhərcikləri yoxdur. Məhz bu səbəbdən hansısa muxtariyyətdən danışmaq hələ tezdir. Hər şey, hətta universitetlərin girişində kimlərin büstlərinin qoyulacağı ancaq «yuxarı»lar tərəfindən müəyyən edilir. Universitetlərin avtonomluğu tələbələrin azad və müstəqil olması üçün əsas şərtdir. Nəinki dövlət və hətta özəl universitetlər də dövlətin ideoloji təsirindən azad deyillər. Universitetlər beyin mərkəzinə çevrilə bilmirlər. Qərb universitetləri həmişə orada tədris edən müəllim və professorları ilə məşhur olub. Filan universitetdə fəlsəfədən kim mühazirə oxuyur? Belə suallar Azərbaycanda hələ ki heç bir məzmun kəsb etmir, zira bir vaxtlar insanlar fəlsəfəni öyrənmək üçün alman, fizikanı öyrənmək üçün isə ingilis universitetlərinə üz tuturdular. Kembric, Kopenhagen, Qettingen – bu şəhərlər bir vaxt fizikanın vətəni hesab edilirdi. İndi də belə universitet mərkəzləri var. Amma Azərbaycanın təhsil sahəsində strateji planlaşdırma təcrübəsi yoxdur,
Gənclərin Neft Akademiyası qarşısında etiraz aksiyası, 23 noyabr 2010
bəzi tələbələr oxumaq üçün sadəcə xaricə göndərilir və elə bununla da iş bitmiş hesab olunur. Təbii ki, belə bir şəraitdə tələbələrin öncül qrup kimi formalaşması həmişə mübahisəli olacaq.

BƏLKƏ FƏRDİYYƏTÇİLİK MANE OLUR?

Siyasi və ictimai fəallıq assosiativ məşğuliyyətdir, təkbaşına siyasətlə və ya ictimai fəaliyyətlə məşğul olmaq bir qədər müşküldür. Düzdür, A.Soljenitsın deyirdi ki, insan istəsə, hətta tək əldən də səs çıxar. Bilirsiniz, Azərbayсanda təşkilatların yaranması mexanizminin özü çox maraqlıdır – elə bil insanlar üçün təşkilat yaradılmır, əvvəlcə təşkilat yaradılır, sonra ona üzvlər axtarılır. Bu gün ölkədə ictimai birliklər kifayət qədərdir. Amma onların heç biri ciddi təsirə malik deyil. Bazar iqtisadiyyatı şəraitində assosiativ birliklər kimi önə həmkarlar təşkilatları çıxır. Amma bu məsələ Azərbaycanın ən ağrılı yeridir. Bəli, formal olaraq onlar var, amma reallıqda isə yoxdurlar. Tələbələr də bu baxımdan istisnalıq təşkil etmirlər, əsl həmkarlar hərəkatı hələ tələbələrin sırasına yol tapmayıb. Bəlkə elə buna görə tələbələrin çoxu mürəkkəb bir durumda öz yolunu hələ də tapa bilmir?
.
MÜQAVİLƏ MƏDƏNİYYƏTİ

Niyə görə bizim Konstitusiya və qanunlar işlək deyil? Səbəb çox sadədir. O bəlkə də mübahisəli görünəcək, amma səbəb budur ki, tutaq ki, ali qanunun bir tərəfində güс – dövlət dayanır, o biri tərəfində isə güс yoxdur, cəmiyyət zəifdir. Elə dövlətin özü də mahiyyətcə ictimai müqavilənin bir forması kimi nəzərdə tutulmalıdır, o, anсaq cəmiyyətin ona könüllü şəkildə güzəşt etdiyi səlahiyyətlər çərçivəsində fəaliyyət göstərməlidir. Nə qədər ki, sahibkar ilə işçi, tələbə ilə müdiriyyət, cəmiyyətlə dövlət arasında müqavilə mədəniyyət səviyyəsinə qalxmayacaq, müqavilə mədəniyyəti formalaşmayacaq, o vaxta qədər hansı hüquqların və onların necə qorunması məsələsi də mübahisəli olacaq. Müqavilə bir qayda olaraq bərabər tərəflər arasında formalaşır. Elə ən qəliz məsələ də budur ki, özümüzü bərabər hesab etsək də, real həyatda belə deyil – dövlət cəmiyyəti, sahibkar işçini, müdiriyyət tələbəni bərabər bir tərəf hesab etmir. Ona görə də bütün sahələrdə anсaq öhdəliklər var, hüquqlar isə yoxdur.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.