Siyasətçilərin pulunu kim sayacaq?

Ölkənin ən varlı insanları məmurlardır

Məşhur «Forbes» jurnalı var və vaxtaşırı o, dünyanın ən varlı adamlarının siyahısını dərc edir. Orada Bill Qeytsin adını yarı–maraq və yarı – həsədlə oxuyuruq, zənn edirik ki, bu insan dünyanın həqiqətən də ən varlı adamıdır.

Bəli, o, dünyanın ən leqal varlı adamıdır, sərvətini gizlətmir, öz vergilərini ödəyir, hətta böyük xeyriyyə işləri görür. Və ya C. Sorosun adını oxuyuruq. O da belə! Amma bir sual adamı heç vaxt tərk etmir. Özündən asılı olmadan düşünürsən ki, doğrudanmı, iş adamları dünyanın ən varlı insanlarıdır? Axı bütün dünyada qəbul olunmuş biznesdən savayı bəzi ölkələrdə bir başqa biznes də var – bu da siyasətdir.... Çox maraqlıdır, varlı müğənnilər, hətta varlı yazıçılar, sənət adamları haqda oxuyuruq. Amma siyasətçilərin sərvəti haqda heç kim yazmır. Daha doğrusu, bəzən yazırlar, amma onlar dünyasını dəyişəndə və yaxud da ki, hakimiyyətdən gedəndə. Elə bu günlərdə Misir prezidenti H.Mübarəkin sərvəti haqda yazdılar - təxminən 67 milyard dollar. Bu, Bill Qeytsin kapitalından qat - qat çoxdur. Hələ onu demirik ki, Qeyts bu sərvəti çox leqal bir yolla qazanıb, Mübarəkin belə sərvətə necə sahibi olması isə çox adam üçün sualdır. Amma təkcə Mübarəkin bu qədər sərvəti varmı? Yadıma Fələstin lideri Y.Ərəfatın ölümü düşür. O vaxt onun sərvəti haqda da yazdılar, təxminən 6 milyard dollar idi. Təsəvvür edin ki, mövcud olmayan, daha doğrusu, faktiki şəkildə o vaxt hələ mövcud olmayan ölkənin liderinin 6 milyard dollar tərtibində sərvəti vardı! Kommunist liderlərindən Çauşeskunun xarici banklardakı pulları haqda da yazmışdılar. Amma o vaxt konkret bir ədəd göstərilmədi... Bəlkə də bu məsələyə toxunmamaq olardı. Amma bir sual rahatlıq vermir. Demokratik ölkələrdə biznes adamlarının siyasətə və əksinə siyasət adamlarının biznesə yolu məhdudlaşdırıldığı bir halda necə olur ki, siyasət özü əsl biznesə çevrilir? Bu, avtoritar ölkələrdə baş verir, totalitar ölkələrdə buna bir qədər az təsadüf olunur, çünki onlarda biznes bir müstəqil sfera kimi mövcud deyil, hər şey ancaq dövlətə məxsusdur. Siyasət adamları istəsələr belə, öz nəfslərinə meydan verə bilmirlər. Amma avtoritar ölkələr tamam başqa bir şeydir, burada nə qədər istəsən öz nəfsinə meydan verə bilərsən və heç də təəccüblü deyil ki, nəzarətsiz siyasət adamları məhz elə belə də edirlər.

KİMLƏR VARLI OLMALIDIR?

İnanın, bu sual o qədər də əhəmiyyətsiz sual deyil. Məsələn, tez – tez belə fikirlər eşidirsən ki, mən professoram, amma niyə varlı deyiləm? Görək, dünyada alimlər ən varlı təbəqəyə aid edilirmi? Bütün böyük alimlərin həyat və fəaliyyətinə müraciət edə bilərsiniz, onlar nəinki varlı olmayıblar, hətta bir çox hallarda maddi çətinlik də çəkiblər. Bütün dünyada varlılar sırasında birinci yerdə iş adamları, sonra şou – biznes əhli, böyük müğənnilər, böyük aktyorlar gəlir, daha sonra varlı siyasətçilərə təsadüf etmək olur. Amma bəs Azərbaycanda vəziyyət necədir? Ölkənin ən varlı insanları məmurlardır və məmur deyəndə burada bütün dövlət qulluqçuları nəzərdə tutulur. Bunlar dövlət qulluğunu və siyasəti böyük biznesə çevirə biliblər. Amma onlarla bağlı nə «Forbes», nə də ki, başqa bir dərgi yazır, onlar haqqında elə vaxt yazmağa və danışmağa başlayırlar ki, ölkədə total bir dəyişikliklər baş verir.

ADAMLARI İŞDƏN AZAD ETMƏKLƏ KORRUPSİYA AZALIRMI?

Təəssüf ki, yox. Bir – iki prokuroru, polisi və ya başqa məmuru işdən azad etməklə korrupsiyanı cilovlamaq mümkün olsaydı, biz də buna sevinərdik. Azərbaycanda niyə korrupsiya tüğyan edir? Ona görə ki, reallıq hakimiyyət adamlarına imkan vermir ki, korrupsiyaya sistem kimi yanaşsınlar. Onun bir sistem kimi mahiyyəti budur ki, şəffaflıq yoxdur, ictimai nəzarət mövcud deyil və ən başlıcası isə bu fenomen məhz ən yüksək hakimiyyət dairələri tərəfindən stimullaşdırılır. İndi populist addımlar atılır – az qala korrupsiya ilə mübarizə aylığı keçirilir. Adamın buna populizm deməyə də dili gəlmir, çünki populizmin mayasında bir sadəlövh xeyirxahlıq cəhdi olur. Amma bu «mübarizə»də belə cəhd hiss olunurmu? Hə, bunlar populist olsaydılar heç Küveytdəki kimi pulsuz ərzaq verməsələr də, Türkmənistanda olduğu kimi qazı, işığı və suyu pulsuz etməsələr də, heç olmasa elə insanların sovetlər vaxtından banklarda qalan əmanətlərini qaytarardılar! Deməli, populist deyillər. Bəs onda nə istəyirlər? Sadəcə, günü sabah beynəlxalq təşkilatlara təqdim ediləcək hesabatlara yazmaq üçün «tədbir» keçirirlər, başqa mətləb yoxdur, mətləb elə budur.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.