2010-cu ilin enerjili hadisələri

Neft hasilatı 51 milyon tonu ötdü

2010-cu ili Azərbaycanın neft və qaz sektoru üçün «gəlhagəlli illərdən» adlandırsaq heç yanılmarıq. Ötən il Azərbaycanın neft sənayesi bir neçə rekorda imza atdı.

İlk dəfə olaraq neft hasilatı 51 milyon tonu ötdü və Azərbaycanın mənfəət neftinin və qazının 1 illik gəlirləri $16 mlrd-a çatdı. Buna qədər ən çox gəlir 2008-də qeydə alınmışdı - $14.4 mlrd. Nəticədə ilin sonuna Neft Fonduna son 11 ildə gələn gəlirlərin həcmi $46.4 mlrd., buradan xərclənən vəsaitin miqdarı isə - $23.1 mlrd. oldu.

İndi isə gəlin baxaq, görək 2010 doğrudan da nə ilə yadda qaldı.

İRANA QAZ SATIŞI

İl başlayar-başlamaz Azərbaycan Dövlət Neft Şirkəti İranla qaz alqı-satqısına dair müqavilə imzaladı.

Əslində, hələ 2006-cı ilin noyabrından başlayaraq Azərbaycandan İrana qaz gedirdi. Ancaq builkindən fərqli olaraq qaz «mübadilə müqaviləsi» (swap) əsasında həyata keçirilirdi. Yəni İran hüquqi baxımdan Azərbaycan qazının alıcısı rolunda iştirak etmirdi. Yeni müqavilə isə artıq kommersiya tiplidir və İrana 100 mln kubmetr qazın satışına hesablanıb. Düzdür, ötən ildə bu müqaviləni texniki məsələlər ucbatından (Hacıqabul-Astara qaz kəmərinin modernləşdirilməsi hələ ki, tam başa çatmayıb) həyata keçirmək mümkün olmadı, ancaq razılaşma qüvvədədir.

«ÇIRAQ» YATAĞINA XARİCİ SƏRMAYƏ HALALLIĞI

2010-cu ilin martında Azərbaycan hökuməti «Azəri-Çıraq-Günəşli» müqavilə sahəsində növbəti hasilat platformasının («Çıraq» yatağında) ərsəyə gəlməsi üçün 2013-cü ilin III rübünədək xarici şirkətlərin $6 mlrd sərmayə qoymasına icazə verdilər.

Bu sanksiyalaşdırma nəticəsində, artıq sentyabr ayından genişmiqyaslı tikinti işlərinə başlanıldı. Layihənin əhəmiyyəti ondadır ki, yeni hasilat platforması «Çıraq» və dərinsulu «Günəşli» yataqlarının «əlçatmaz» məhsuldar qatlarından neft hasil etməyə və müqavilə sahəsindən 2015-ci ildən başlayaraq əlavə olaraq gündə 183 min barel neft (ildə 9 mln tona yaxın) hasil etməyə imkan verəcək. Azərbaycan isə əvəzsiz olaraq gündə 4.2 mln kubmetr və ya ildə 1.5 mlrd kubmetr qaz alacaq.

ALMANLAR «NAXÇIVAN»DA

Abdullah Gül İstanbulda İlham Əliyevi qəbul edir, 7 iyun 2010
Martın 10-da Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Almaniyanın RWE şirkəti arasında Xəzərin dərinsulu hissəsində yerləşən «Naxçıvan» strukturunun birgə işlənməsinə dair Memorandum imzalandı. Yerli geoloqlar hesab edirlər ki, «Naxçıvan»da çox güman ki, gələcəkdə qaz layları aşkarlanacaq.

SOCAR QAZAXISTANIN «SAQQIZINI OĞURLAYIR»

May ayında SOCAR-ın Gürcüstanda yerləşən Kulevi terminalından ilk dəfə olaraq Qazaxıstanın xam nefti dünya bazarlarına çıxarılmağa başladı. Bunun özəlliyi ondadır ki, həmin neftin sahibi ABŞ-ın «Chevron» şirkətidir. Başqa bir tərəfdən, Qazaxıstanın dövlət şirkəti «Kazmunayqaz»a məxsus Gürcüstanda neft terminalı artıq mövcuddur – Batumidə onlar 5 ildir ki, fəaliyyətdədirlər. Ancaq buna baxmayaraq, «Tengiz» yatağından çıxarılan neft dünya bazarına Azərbaycan terminalı vasitəsilə ixrac edilir. Hər şeydən göründüyü kimi, SOCAR-ın kommersiya təklifləri qarşısında rəsmi Astananın təsiri belə Amerika şirkətini yolundan döndərə bilməyib.

TÜRKİYƏ İLƏ GƏRGİNLİYƏ SON QOYULDU

İlin ən yadda qalan enerji hadisəsi isə, heç şübhəsiz, iyunun 7-də baş verdi: həmin gün İstanbulda rəsmi Bakı və Ankara Azərbaycan qazı ilə bağlı paket sazişlərinə dair bir sıra memorandum və deklarasiyalar imzaladılar. Bununla da tarixi əhəmiyyət kəsb edən gələcək layihələrin gerçəkləşdirilməsi üçün bir növ «yaşıl işıq» yandırılmış oldu. Nəticədə, Türkiyə tərəfi yeni formula ilə Azərbaycan qazının alınmasına razı oldu, Azərbaycan tərəfi isə öz qazının Türkiyə sərhədlərində üçüncü tərəflərə satışına imkan qazandı.

BP-i İLƏ 7 MİN METR DƏRİNLİYƏ

İyulda SOCAR BP şirkəti ilə Xəzərin 550-650 metr dərinliyində yerləşən «Şəfəq» və «Asiman» strukturlarının birgə işlənməsinə dair Hasilatın pay bölgüsü sazişi (PSA) imzaladı. Burada yerin 7000-7300 metr dərinliyindən qaz çıxarılması ehtimal olunur. Bu ehtimalın yaxın 5 ildə gerçəkləşəcəyi kifayət qədər real görünür.

TÜRKMƏNİSTAN VƏ XƏZƏRİN STATUSU


Elə həmin ay qazla bağlı maraqlı bir hadisə də diqqəti cəlb etdi. Qəflətən Bakıya səfər edən İtaliyanın ENI korporasiyasının prezidenti Paolo Skoroni İlham Əliyevlə görüşündə bildirdi ki, onlar Xəzərin hüquqi statusunun həllini gözləmədən Türkmənistan qazının tankerlərlə Azərbaycan üzərindən daşınması layihəsi üzərində işləyirlər.

Rəsmi Bakı bu təklifi «maraqlı» kimi qiymətləndirib, layihənin hərtərəfli işlənməsini məsləhət bildi. Bu layihə ABŞ Dövlət Departamentinin Xəzər regionu üzrə nümayəndəsi Riçard Morninqstar tərəfindən də dəstəkləndi.

Necə deyərlər, Azərbaycanın tranzit ölkə kimi regionda rolu artıq danılmaz bir faktora çevrilirdi.

İyul ayından Türkmənistan neftinin dünya bazarlarına Bakı-Tiflis-Ceyhan boru kəməri ilə daşınmasına başlanılıb
Bunun daha bir təsdiqi də Türkmənistanla bağlı idi.

SENSASİYA

Mən onu ilin sensasiyası adlandırardım, çünki rəsmi Aşqabad düz 1 il idi ki, Azərbaycanı Beynəlxalq Arbitraj Məhkəməsi ilə hədələdiyi bir zaman baş vermişdi. Ancaq bu xəbər avqustda ictimaiyyətə bəlli oldu.

BP şirkəti 2010-cu ilin I yarısı üçün Azərbaycandakı fəaliyyəti ilə bağlı ictimaiyyətə açıqlamasında bildirdi ki, sən demə, iyul ayından Türkmənistan neftinin dünya bazarlarına Bakı-Tiflis-Ceyhan boru kəməri ilə daşınmasına başlanılıb.

Sonradan məlum oldu ki, neftin hüquqi sahibi mərkəzi ofisi Cenevrədə olan «SOCAR Trading» şirkətidir (SOCAR-ın törəmə şirkəti). Bu şirkət Xəzərin türkmən hissəsində neft hasilatı ilə məşğul olan 2 şirkətdən – Malayziyanın «Petronas» və Britaniya-Ərəb birgə müəssisəsi sayılan «Dragon Oil»dan – nefti alır və öz tankerləri ilə Bakıya daşıyır, sonra Səngəçaldan onu Azərbaycanın əsas ixrac neft kəmərinə vurur.

Rusiyanın bu hadisəyə münasibəti də maraqlı idi. Moskvanın enerji saytlarının birində Xəzər regionu üzrə ekspert Əjdər Qurd (onu ruslar əsasən Kurdov kimi təqdim edirlər, əslində Əjdər bir türkmən dissidentidir) bunu təqribən belə qiymətləndirmişdi: belə bir şey adamın yuxusuna da gəlməzdi, ancaq reallıq budur ki, Oğuz ölkələrini (Türkmənistan, Azərbaycan və Türkiyə) birləşdirən irimiqyaslı iqtisadi layihə bir gerçəklikdir.

İlkin olaraq BTC ilə gündəlik daşınan türkmən neftinin həcmi 40 min bareli belə təşkil etməsə də, indi artıq 50 min bareli ötüb (illik hesabla 2.5 mln ton).

GÜRCÜSTAN-RUMINİYA TANDEMİ İLƏ BİRGƏ

Sentyabrın enerji hadisələri içərisində isə qaz 1 nömrəli mövzuya çevrildi: Bakıda II Beynəlxalq qaz konfransı çərçivəsində Azərbaycan, Gürcüstan və Rumıniya dövlət başçılarının iştirakı ilə AGRI layihəsi üzrə Memorandum imzalandı. Macarıstanın Baş naziri isə bu mərasimdə müşahidəçi statusunda iştirak etdi. Bu layihənin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan qazının dünya bazarlarına tankerlərlə daşınmasını gündəmə gətirir. Belə olan halda isə Azərbaycanın «böyük qazının» dünya bazarlarına çıxarılması ərəfəsində (2017-ci ildən sonra) rəsmi Bakının alıcılarla çevik alış-veriş etməsi daha da artır. Hələlik layihə ekspertlər səviyyəsində öyrənilmə səviyyəsindədir.

AZƏRBAYCANIN SORĞUSUNA 20 ÖLKƏ CAVAB VERİR

Oktyabrda mətbuata sızam məlumatlardan isə belə bəlli oldu ki, Azərbaycan hökumətinin 2010-nun yayında qaz satışına dair sorğusuna (bunu tenderlə qarışdırmayın) nə az, nə çox, düz 20 xarici şirkət cavab verib. «Şah-dəniz» yatağının «Mərhələ-2» layihəsi çərçivəsində satılması planlaşdırılan 16 mlrd kubmetr qaz üçün 20 şirkətin müraciət etməsi doğrudan da necə bir amansız rəqabətin gedəcəyindən xəbər verir. Yəqin, buna görədir ki, regional və dünya mətbuatında Azərbaycanla bağlı bu qədər sensasiyalı materiallar gündəmə gəlir...

AŞQABADDAN DAHA BİR GÖZLƏNİLMƏZ ADDIM

Bakıda Xəzəryanı dövlət başçılarının III zirvə toplantısı
Noyabrın 18-də Bakıda Xəzəryanı dövlət başçılarının III zirvə toplantısı keçirildi və əvvəllər olduğu kimi, Xəzərin hüquqi statusu həll edilməsə də, sensasiyalı çıxışlar da oldu: məsələn, Qazaxıstan prezidenti Xəzərdə 5 illiyinə nərə balığı tutulmasını yasaq etmək təklifi ilə çıxış etdi (qəbuledilməz təklifdir – onun reallaşdığı təqdirdə Bakı şadlıq evləri və restoranları camaatdan pulu «kilkə» ilə çıxarmalı olacaqdılar), Türkmənistan prezidenti Berdıməhəmmədov isə «Transxəzər» boru kəmərlərinin çəkilişinin bütün sahil boyu ölkələrə deyil, boru xəttinin keçəcəyi dövlətlərə şamil olunması təklifini verdi. Baxın, sonuncu təklifi heç kəs rəsmi Aşqabaddan gözləmirdi, çünki hamıya bəllidir ki, «Transxəzər» boru xətti deyəndə, Türkmənistan-Azərbaycan qaz kəməri gündəmdədir (Qazaxıstan-Azərbaycan neft kəməri uzaq perspektivin layihəsidir və ola bilsin ki, heç reallaşmasın), bu iki ölkə arasında münasibətlər isə müstəqillik illərində lap Dədə Qorqud dastanındakı türk xanları səviyyəsindədir.

DİVERSİFİKASİYANIN KONTURLARI BELƏDİR

Beləcə, ilin son ayına qədəm qoyuruq. Bəlli olur ki, BP və SOCAR Bakı-Tiflis-Ərzurum qaz kəmərinə paralel olaraq Azərbaycan hissəsində ikinci bir boru xətti çəkmək planı ortaya qoyublar və məqsəd illik gücü 30 mlrd kubmetrdən az olmayan bir ixrac sistemi yaratmaqdır. Deməli, rəsmi Bakının 2011-ci ildən Rusiyaya qaz ixracını iki dəfə artırmaq istəyi də yaxın perspektivdə Moskvanı sakitləşdirməkdən başqa bir şey deyilmiş. Çünki, Qərb istiqamətində infrastruktur genişləndirilirsə, daha buna nə şərh! Ancaq bu o demək deyil ki, Azərbaycan qazı «Nabucco» üçün nəzərdə tutulub. Axı İlham Əliyev «yumurtaları bir səbətə yığan» siyasətçilərdən deyil? Məncə elə buna görə də Avropa İttifaqı ilin sonunda narahat olmağa başlayıb ki, Qoca Dünyanın (yəni Avropanın) hazırda Azərbaycan qazına yönəlmiş 4 layihəsi gündəmdədir: «Nabucco», ITGI (Türkiyə-Yunanıstan-İtaliya ), TAP (Yunanıstan-Albaniya-İtaliya) və AGRI (tankerlərlə Qara dəniz üzərindən Rumıniyaya daşınma). Yəni, faktiki olaraq Avropada Azərbaycandan qaz idxalına görə bir müxtəliflik mövcuddur və bu layihələr arasında hazırda ciddi rəqabət var. Bununla belə? rəsmi Bakı Qərbi daha da «qıcıqlandırmağa» meyllilik siyasəti ortaya qoyub. Məsələn, ilin sonuna doğru SOCAR prezidenti bəyan edib ki, 2012-ci ildən Türkiyə üzərindən Azərbaycan qazı Suriyaya axmağa başlayacaq və 2016-cı ilədək onun həcmləri 2 dəfə artırılacaq. Bundan başqa, Azərbaycan qazının Suriyadan İordaniyaya nəqli də gündəmdədir (bu ölkələrin son vaxtlar Misirlə siyasətlərində bir soyuqluq müşahidə edilir – rəsmi Qahirə getdikcə daha çox ABŞ-ın forpostuna meyllənməkdədir, ona görə də Suriya Misir qazından azad olmaq siyasətini gündəmə gətirib).

İLİN DAHA BİR XOŞ XƏBƏRİ

İlin son «şad xəbəri» isə Türkiyənin «Şah-dəniz» qazının idxalına görə 2008-ci ilin 15 aprelindən sonra yaranmış qiymət fərqinə görə Azərbaycana olan borcunun ödənməsi oldu. Bu nə az, nə çox $1 mlrd oldu, 2011-ci ilin əvvəlində isə yerdə qalan hissə - $400 mln-a yaxın vəsait ödənəcək.

Beləliklə, 2011-ci il daha maraqlı olmalıdır, çünki Azərbaycanın qəbul edəcəyi qərarlar daha çox regional siyasətin müəyyənləşdirilməsinə yönəlmiş olacaq.