Həmrəylik də əmrlə olurmu?

Sizləri bilmirəm, hər il dekabrın 31-də mən qarışıq hisslər keçirirəm. Yeni il də məni daha əvvəlki kimi həyəcanlandırmır, çünki yaşımız artdıqca geridə qoyduqlarımız irəlidə gələnlərimizdən çox olur və biz daha çox geriyə – üzü keçmişə tərəf boylanmağa başlayırıq. Amma nə etmək olar, yeni ildə sən ən azı ona görə sevinməlisən ki, bu bayram da uşaqların sevdiyi azsaylı həqiqi bayram və şənliklərindən biridir. Lap Dostoyevski demişkən: «dünyanın ən böyük ideyası bir körpənin göz yaşlarına dəyməz». Bu fikri inkişaf etdirərək demək olar ki, bir körpənin gülüşünə bütün dünyanı, onun bütün ideyalarını düşünmədən qurban vermək olar, təki körpələr gülsün, heç vaxt ağlamasın! Ona görə deyirəm ki, Yeni İliniz Mübarək!

Amma tərəddüdlərim təkcə bununla bitmir, ona görə ki, dekabrın 31 –də biz həm də həmrəylik gününü qeyd edirik. Mənə elə gəlir ki, bu iki bayramı bir günə salmaqla çalışıblar ki, yeni ilin xoş təravəti həmrəylik bayramına da sirayət etsin, yəni azca kobud şəkildə desək, çalışıblar ki, yeni il bayramının hesabına həmrəyliyi də əsl bir bayrama çevirsinlər, çünki mənə elə gəlir ki, həmrəylik bizim üçün hələ əsl sosial və siyasi keyfiyyətə çevrilməyib. Bilirsiniz, çox qəribədir, həmrəylik haqqında eşidəndə mənim yadıma milli ideya ilə bağlı mübahisələr düşür. Əslində burada qeyri –adi heç nə yoxdur – axı həmrəylik hansısa kulinar və yaxud buna yaxın məna kəsb
Hər şeyin «ustanovka» və «direktiv» ilə tənzimləndiyinə əmin olan hökumət adamları hesab edir ki, bunun imitasiya variantını yaratmaq çox asandır, sadəcə yalanı ucadan və elə təkrar – təkrar demək lazımdır ki, o, həqiqətə bənzəsin
etmir ki, deyək ki, bəli, biz hamımız dolmanı sevirik və deməli həmrəyik! Ortalıqda daha dərin ideyalar və milli dəyərlər olmalıdır ki, bizi birləşdirmək iqtidarında olsun. O vaxt biz deyə bilərik ki, hə, biz həqiqətən də həmrəyik, çünki bizi kulinariyadan başqa da birləşdirə biləcək prinsiplər var. İndi belə prinsiplər varmı? Belə bir prinsip kimi ilk növbədə Konstitusiya çıxış edə bilərdi, amma onu xüsusən son illər elə bir vəziyyətə salıblar ki, xatırlamamaq daha yaxşı olardı. Eyni sözləri sosial siyasətlə bağlı demək olardı, əgər bizdə equalitarizm – yəni bərabərlik ideya kimi öz təsdiqini tapsaydı. Amma bizi «aşağılar»a və «yuxarılar»a bölüblər, imkansızlara və çox imkanlılara çeviriblər. Belə bir halda həmrəylik mövcud ola bilərmi?...

Bizim legitim siyasi quruluşumuz, legitim hakimiyyətimiz yox dərəcəsindədir, çünki konstitusiyada təsbit olunan siyasi sistem getdikcə arxaik bir ideyaya çevrilir, ölkə monarxiya istiqamətində geniş addımlayır, seçkilər cəmiyyəti birləşdirmir, əksinə daha da parçalayır, çünki mübahisə əsl qaliblərlə məğlublar arasında deyil, uduzdurulmuşlarla udmuşlar, hüquq ilə dəyənək arasında gedir... Hakimiyyətin legitim zor hüququ olması üçün onun özü legitim olmalıdır. Bəli, politologiyada deyilir ki, hakimiyyət legitim zor hüququ olan institutdur. Bəs hakimiyyət legitim deyilsə? Bax, nə qədər ki, bu sual mövcud olacaqsa, biz əsl həmrəylikdən danışa bilməyəcəyik...

HƏMRƏY OLA BİLMƏYƏN TƏKCƏ BİZİKMİ?


Bu günlərdə, jurnalistlərin dostu mükafatını alarkən İlham Əliyev dedi ki, ölkəmiz artıq post – sovet ölkəsi deyil, biz müstəqil bir dövlətik. Olsun. Onda bəs nə üçün bir neçə keçmiş sovet respublikası var ki, məhz onlarda oxşarlıqlar və ümumi tendensiyalar müşahidə olunur? Mərkəzi Asiya respublikaları, daha sonra Belarus, Ukrayna, Azərbaycan, Ermənistan... Buradakı siyasi sistemə hətta özəl bir ad da tapılıb – imitasiyalı demokratiya ölkələri... Bəlkə də, elə İ. Əliyev səmimi olaraq düşünür ki, demokratik şüarlar səsləndirməklə ölkə dönüb demokratik olur. Amma belə deyil – politoloqlar hər şeyi analiz edib və elə bu şüarçılığı əsas götürüb deyirlər ki, sadalanan ölkələrdə təəssüf ki, heç bir demokratiya yoxdur, hər şey imitasiyadır...

BƏLKƏ, HƏMRƏYLİYİ DƏ İMİTASİYA EDƏK?

Əslində edirik. Elə bununla məşğuluq. Hər şeyin «ustanovka» və «direktiv» ilə tənzimləndiyinə əmin olan hökumət adamları hesab edir ki, bunun imitasiya variantını yaratmaq çox asandır, sadəcə yalanı ucadan və elə təkrar – təkrar demək lazımdır ki, o, həqiqətə bənzəsin. Amma həqiqətə bənzəyirmi? Hətta xaricdə yaşayan azərbaycanlılar belə bu hakimiyyətin siyasətinin girovuna çevriliblər, onlar bu rejimə loyal münasibət bəsləyənlərə və onu sevməyən insanlara bölünüblər. İndi dünya azərbaycanlılarının iki konqresi fəaliyyət göstərir, hətta diaspor da bölünüb. Amma biz elə iddia edirik ki, həmrəyik. Nə etmək olar? Bizim də taleyimizə bu yazılıb – imitasiya etmək!

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.