Dekabrın ortasını da adladıq. Azərbaycanda, əsasən də Abşeronda hələ ki, qışın səs-sorağı hiss edilmir. Səhərlər ayaz olsa da, günortalara günəş saçır və mülayim bir hava müşahidə edilir. Düzdür, qışın əsər - əlamətləri görünməsə də, mən bahalı neftin qoxusunu artıq hiss edirəm. Bahalıq Azərbaycanı mühasirəyə alıb (hər halda məmurlar TV-lərdən bunu belə izah edirlər ki, bəs xaricdə hər şey bahalaşdığından bunun qarşısının alınması müşküldür).

Özü də bahalı neft 2011-ci ilin astanasında nəinki Bakının mərkəzində, ətraf rayonlarda da özünü göstərməyə başlayıb. Niyə də olmasın! Bir il əvvəl 2010-cu ilin büdcəsi parlamentdə təsdiq edilərkən dövlət büdcəsinin gəlirləri 1 barel üçün $45 dollardan hesablanmışdı, ancaq dünya bazarındakı spekulyativ əməllərin nəticəsi olaraq neftin birja qiyməti elə hey artdı və nəticədə hökumətimiz cari ilin büdcə gəlirlərinə yayın cırhacırında yenidən baxaraq 1 barel “qara qızılımızın” qiymətini $60-dək yüksəltdi. Ancaq Avropaya, Şimali Amerikaya bu il görünməmiş qış gəldi – qızınmaq üçün tələbat dəfələrlə artdı. Hətta dekabrın 2-də Avropaya gətirilən sıxılmış qazın qiyməti (1000 m3-u üçün $336) son il yarımda ilk dəfə olaraq “Qazprom” qazından (1000 m3 üçün $307) baha satılmağa başladı. Əgər noyabr ayını yekunlarına görə, London birjasında Brent markalı neftin 1 barelinin orta qiyməti $86 olmuşdusa, dekabrın ilk yarısının yekunları olaraq neftin orta qiyməti $92-ni keçdi.
Baş nazir Artur Rasi-zadənin ölkədəki proseslərə təsiri elə bir aşağı səviyyədədir ki, Wikileaks saytında Azərbaycanla bağlı qalaq-qalaq yazılar verilsə də, bircə dəfə də olsun onun adına rast gəlinmir


NEFT DOLLARLARININ YAĞIŞI

Bütün bunlara baxmayaraq hökumətimizin kefi yuxarıdı. Onun xərcləmələr üzrə strateqləri gələn ili səbirsizliklə gözləyirlər. Çünki bahalı neft zamanı xərcləmələr üçün münbit şərait yaranır: ağla gələn və gəlməyən layihələr (məsələn, Bakı bulvarı yanından və Şıx zonasından Əhmədliyə pullu avtomagistral çəkmək) ortaya çıxır. Bəs necə, sadəcə internetdə bir balaca axtarış etmək kifayətdir ki, Bakıda yaxın müddətdə həyata keçiriləcək meqalayihələrlə tanış olasan.

Bunlardan birinə artıq başlanılıb – “Qış Bulvarı” deyilən yerin sökülməsi gecə-gündüz dayanmadan həyata keçirilir, gələn ilin başlanmasını gözləmədən ilkin işlərə Dərnəgül şosesində də start verilib. Gələn il həmin ərazi, məncə Bakının passionarlıq episentri – yəni hadisələrin aktivlik dinamikasının yüksək olduğu yer - olmalıdır. Çünki minlərlə ticarət obyekti və yüzlərlə “kupçası” olmayan həyət evi (ola bilsin hətta sənədləri qaydasında olan bir neçə çoxmərtəbəli bina da) sökülməlidir ki, Əzizbəyov dairəsi ilə 20 yanvar dairəsini birləşdirən magistral yenidən qurulsun. Azərbaycanda isə hökumətlə rəiyyət arasında qalmaqallar da həmişə bu məsələlərin həlli zamanı ortaya çıxır (sadəcə yada salın Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə ünvanlanan mülkiyyət haqları ilə bağlı yüzlərlə şikayəti).

Bundan başqa, 2011-də paytaxtda üç yeni 5 ulduzlu otel və analoqu olmayan bir istirahət obyektinin (Baku Flame – yəni Bakı Məşəli) istifadəyə verilməsi gözlənilir. Sonuncunun həqiqətən analoqu yoxdur, məhz buna görə də Discovery kanalının “Mega Construction” (“Meqa tikililər”) verilişinin çəkiliş qrupu onun ərsəyə gəlməsini özünün proqramlarına daxil edib. Həmçinin, gələn il Naftalan şəhərinin yenidən qurulmasından sonra təqdimatı keçirilməlidir (deyilənə görə, Naftalanda 5 korpusdan ibarət regionda adla çağırılası bir sanatoriya kompleksi tikilməkdədir).

Təbii ki, bütün bu kimi layihələr Azərbaycanda dövlət investisiyaları xətti ilə həyata keçirilir. Çünki bu məmləkətdə gözə görünən möhtəşəm nə varsa dövlətin adı ilə bağlı olmalıdır. Əslində belə də olmalıdır, çünki özəl sektor adətən liberal iqtisadiyyat üzərində qurulan dövlətlərdə gözə görünür. Yoxsa Səudiyyə Ərəbistanında, Küveytdə, lap elə FİFA-2022-yə ev sahibi edəcək Qətərdə hansısa tanınan özəl şirkətin adını xatırlayırsınızmı? Heç azad iqtisadi zonaları ilə ad çıxarmış Ərəb Əmirliklərində də əmirdən başqa kimin hünəri var meqabina tiksin. Ümumiyyətlə bu tip ölkələrdə ad çıxaran şirkətlər ya dövlətə məxsus olur, ya da Kral ailəsinin üzvlərinə.

NEFT FONDUNUN “FƏXRİ TƏQAÜDÇÜLƏRİ”

Uzun sözün qısası, gələn il Azərbaycan hökuməti Dövlət Neft Fondunun xətti ilə indiyə qədər görünməmiş bir məbləğdə vəsait xərcləməyi planlaşdırır. Belə ki, Neft Fondunun Müşahidə Şurası (MŞ) özünün son iclasında 2011-ci il üçün Fondun büdcə layihəsi müzakirə olunub və təsdiq olunmaq üçün dövlət başçısına göndərilib. Əslində Fondun büdcə xərcləri Prezident administrasiyasında hazırlanır və formal müzakirə üçün MŞ təqdim edilir. Nədən formal adlandırıram, çünki MŞ-na başçılığı baş nazir Artur Rasi-zadə edir. Onun ölkədəki proseslərə təsiri elə bir aşağı səviyyədədir ki, Wikileaks saytında Azərbaycanla bağlı qalaq-qalaq yazılar verilsə də, bircə dəfə də olsun Artur müəllimin adına rast gəlinmir. İctimaiyyətin nümayəndəsi kimi isə quruma Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov daxildir. Kərimov cəmiyyətin yadında onunla qalıb ki, vaxtilə o “Akademkitab”ın hüquqlarını qorumaqda deputat Rafael Hüseynovdan necə çəkindiyini hətta KİV nümayəndələrinə özü bildirmişdi. MŞ-da həmçinin iqtisadi siyasət üzrə dövlət müşaviri Vahid Axundov təmsil olunur. Onu yerli TV-lərdə nə vaxt göründüyümü xatırlaya bilmirəm, ancaq bircə onu dəqiq bilirəm ki, Azərbaycanın neft gəlhagəli (2005-dən start götürüb) başlayandan Vahid müəllimdən səs-soraq yoxdur.

Bir sözlə,2011-də Neft Fondunun gəlirlərinin 9,13 mlrd manat, xərclərinin isə 6,89 mlrd manat məbləğində müəyyən edilməsi proqnozlaşdırılıb. Ancaq oxucuların nəzərinə çatdırım ki, bütün bu haqq-hesabı yuxarılarda neftin 1 barelinin illik orta qiymətinin $60 olması ilə aparıblar. Ona görə də rəsmi proqnozlara görə neft gəlirlərinin 75,5%-i xərclənməlidir. Reallıq isə tamam başqa cür ola bilər. Yaddan çıxarmayaq ki, Neft Fondunun icraçı direktoru Şahmar Mövsumov parlamentdə çıxış edərkən bəyan etmişdi ki, indiyə qədər Fonda daxil olan vəsaitlərin yalnız yarısı xərclənib, baxmayaraq ki, 2004-cü ilin sentyabrında Fondun əsasnaməsinə edilən dəyişikliyə görə, gələcək nəsillərə 25%-dən az olmayan vəsait saxlanmalıdır.

MƏNİM ÖZƏL STATİSTİKAM

Bir məsələni diqqətinizə çatdırım ki, Bloomberg agentliyinin yaydığı məlumatlara əsasən, dünyanın ilk onluğuna daxil olan neft hasilatçı-şirkətləri 2011-ci il üçün büdcə xərclərini 1 barel üçün $72,73-dən hesablayıblar. Bunu əldə əsas tutaraq gələn il üçün Neft Fondunun daxilolmalarını hesablamağa çalışaq. Fondun gəlirlərinin 96%-i mənfəət nefti və qazı hesabına formalaşır ki, bunun da əsas hissəsi “Azəri-Çıraq-Günəşli” yataqlarının payına düşür.

Neft Fondundan xərcləmələr (mlrd manatla)
2006 0,998
2007 1,061
2008 4,292
2009 5,294
2010 6,428
2011 (proqnoz) 6,890

Gələn il ACG üzrə ən yaxşı halda 310 mln barel neftin ixracı mümkündür ki, bu da edir $22,5 mlrd. AÇG üzrə xərclər $3 mlrd səviyyəsində gözlənilir (Chirag Oil Project layihəsi üzrə tikinti və qazma işlərinin genişlənməsi ilə əlaqədar konsortsiumun xərcləri cari illə müqayisədə $1 mlrd artmalıdır). Bundan əlavə neftin nəql xərcləri $1,5 mlrd ətrafında olacaq. Bu xərcləri gələn gəlirdən çıxsaq ACG üzrə ümumi mənfəət $18 mlrd edir ki, bunun da 20%-i şirkətlərə çatır və Neft Fonduna köçürülən Azərbaycanın mənfəət neftinin qiyməti $14,4 mlrd olur. Əgər nəzərə alsaq ki, Neft Fonduna həmçinin Bakı-Tbilisi-Ceyhan kəmərinin idarə edilməsindən ($200 milyondan çox), Fondun vəsaitlərinin idarə edilməsindən (ola bilsin $500 milyonu ötsün) və təqribən $200 milyon vəsait də digər PSA müqavilələrin həyata keçməsindən daxil ola bilər, onda ümumi gəlirlər $15,3-ə çatar. Bu isə manatla hazırkı kurs hesabı ilə 12,24 mlrd manat edər, yəni proqnozlaşdırıldığından 34% artıq olar. Xərcləmələrin gəlirlərə olan nisbəti isə 56% ətrafında bərqərar olar, necə deyərlər hələ ki, gəlirin yarısı “yeyilər”.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.