Astananın astanasındakı ümidlər...

Astanada ATƏT–in zirvə toplantısında iştirak etmək İlham Əliyev üçün çox güman ki, bütün hallarda faydasız ötüşməyəcək - Bakıda tikilmiş bir neçə körpünü və keçidi az qala əsrin tikintisi kimi qiymətləndirən prezidentin əsl tikinti ilə yaxından tanış olmaq və bu təcrübəni öyrənmək imkanı olacaq. Bir sözlə, bu səfər tipik Şərq ölkəsinin prezidenti üçün yeni siyasi təcrübə, bilik vəd etməsə də, sırf texnokratik baxımdan «qeyri – siyasi modernləşmə» həvəskarlarını Mərkəzi Asiyanın ən böyük dövlətində maraqlandıra biləcək detallar hər halda tapılacaq. Amma Astana tədbiri tamam başqa aspektdən maraq kəsb edir. Bu tədbir çərçivəsində Dağlıq Qarabağla bağlı müəyyən sənədin imzalanacağına ümid edilir. Məsələ bundadır ki, bu zaman anı indi bir aşırım rolunu oynayır – ya hansısa sənəd imzalanacaq, ya da ki, məsələ təzədən sərhəd və məhdudiyyət bilməyən zamanın öhdəsinə buraxılacaq, bu, isə hər gün pozulan atəşkəs rejimi, canlı və cansız itkilər, silahlanma və hərbi ritorikaların davamlı yarışı deməkdir. Ermənistanın prezidenti NATO –nun Lissabon sammitinə gəlmədi. Bu detal artıq müəyyən nəticələr üçün bir əsas verir, amma tələsmək lazım deyil, rusların bir məsəlində deyildiyi kimi: şeytan nə ilə zarafat etmir ki!.. Bu proses həm də D. Medvedevin sülhpərvər missiyasının bir sınağı olacaq. Amma biz bilmirik, Medvedev həqiqətən də sülh çələngini öz başına qoymaq istəyirmi? Vaxtilə rusların Kozırev soyadlı bir naziri vardı. O, hər dəfə görüş ərəfəsində Azərbaycanın və Ermənistanın heyətini yorğun baxışları ilə süzüb: « bir razılığa gəlin, uşaqlar» - deyirdi. Amma o vaxtdan on beş ildən artıq bir zaman keçsə də hələ də razılıq yox, daha çox anlaşılmazlıq var.
Toplantı ərəfəsində bizim sərəncamımızda olan yeganə detal kəskin hərbi ritorikalardır, bunlar hər iki tərəfdən səslənir


KİM GÜZƏŞT ETMƏLİDİR?


Növbə Ermənistanındır. Madrid prinsiplərini qəbul etmiş Azərbaycan artıq güzəşt limitini tükəndirib. Azərbaycan Dağlıq Qarabağda referenduma, bu bölgənin yekun statusunun müzakirəsinə hazır olması haqda, danışıqlarda irəliləyiş olacağı təqdirdə Ermənistanla Türkiyənin yaxınlaşmasına mane olmayacağı haqda bəyanatlar səsləndirib. Bütün bu prosesin sözdən əmələ keçməsi, həyata vəsiqə alması üçün Ermənistanın bir neçə, daha doğrusu, beş ətraf rayonu boşaltması kifayətdir. Amma bu beş rayonun qaytarılması indi əsl müşkülə çevrilib – əvvəllər güman edilirdi ki, beş rayon diplomatik danışıqlarda «siyasi torq» elementi kimi çıxış edəcək və belə də oldu, indi Ermənistan açıq şəkildə ətraf rayonların qaytarılmasını Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə şərtləndirir. Azərbaycan üçün bu rayonların boşaldılması həm siyasi, həm də dövləti əhəmiyyət kəsb edir – on yeddi il davam edən siyasət nəsə bir nəticə verməlidir, həm də beş rayonu hərbsiz qaytarmaq Azərbaycan üçün özünün canlı qüvvəsini, texnikasını qorumaq, münaqişənin coğrafiyasını öz xeyrinə dəyişmək deməkdir.

HƏRBİ RİTORİKALARIN YARIŞI


Toplantı ərəfəsində bizim sərəncamımızda olan yeganə detal kəskin hərbi ritorikalardır, bunlar hər iki tərəfdən səslənir. Amma coğrafi ünvan birdir – hətta Ermənistan prezidenti özünün hərbi bəyanatlarını Azərbaycanın işğal olunmuş ərazilərində səsləndirir. Bəzən diplomatlar ictimai ovqata sakit bir ton vermək üçün kəskin bəyanatlarla çıxış edirlər, belə hallar olur. İndi də belə ümidlərə qapılmaq olar. Amma tarixdə çox nadir hallarda sülhə yollar kəskin hərbi bəyanatlarla açılır, bir çox hallarda məhz kəskin bəyanatların havasını beyinlərdən barıt tüstüsü qovur...

ATƏT-İN ZİRVƏ TOPLANTILARININ ACI TƏCRÜBƏSİ


«ATƏT-in Lissabon sammiti Azərbaycan üçün çox uğurlu olmuşdu» - bunu demək üçün ölkədə ictimai rəy, nəzarət tamam yox səviyyəsində olmalıdır və təsəvvür edin ki, indi belə bir bəyanatlar səslənir, çünki onları təftiş edən və analiz edən auditoriya yoxdur. Ona görə də Astana sammiti hakimiyyət üçün elə bir təlaş yaratmır – bunlar məğlubiyyəti də tam qələbə kimi qələmə verməyə alışıblar. Düzdür, əvvəldə qeyd etdiyimiz kimi, zaman sərhəd bilmir, zamanı sərhədlər ayırmır, amma dövlətlərin sərhədi olur, dövlətləri sərhədlər ayırır. Həqiqəti bu gün demə, sabah demə... Amma bir gün bunun da sonu olacaq və sən həqiqəti deməli olacaqsan, onda artıq bəlkə də gec olacaq...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.