Yeni siyasi situasiya nə vaxt yetişəcək?

İki gün keçəcək, seçki də bitəcək. Sonra nə olacaq? On illərin labirintini dəf etmək mümkün olacaqmı? Hər məntəqəyə orta hesabla doqquz müşahidəçi düşür. Bu isə hər milyon azərbaycanlıdan biri deməkdir. Bəli, milyondan bir nəfər. Nəyisə dəyişmək mümkün olacaqmı? Əməllərimiz bir yana, təəssüf ki, fikirlərimizin, bəli, sap kimi dolaşmış fikirlərimizin labirintinə düşmüşük, hey axtarırıq sapın ucunu tapa bilmirik ki, bilmirik. Gümanlar, fərziyyələr və bir də adamın heç özünü qane etməyən, özünü belə razı salmaq iqtidarında olmayan tələsik nəticələr. Əslində hər şey gün kimi aydındır. İllik iş planını icra hakimiyyətilə razılaşdırmaq məcburiyyətində qalan parlament ölkənin siyasi həyatında hansı çəkiyə malikdir ki, ora seçilmiş beş –on müstəqil və ya müxalif deputatın da müəyyən siyasi çəkisi olsun? Qərəz, durduğumuz yerdə saymaqla məşğuluq, elə zənn edirik ki, irəliləməsək də, irəli getməsək də, geriləmirik də. Zənnimiz bizi aldatmırsa böyük şeydir. Amma reallıq nə deyir? Aldatmırmı? Təəssüf, birmənalı şəkildə, dəqiq deyə bilmirəm. Niyə? Ona görə ki, hökm vermək asandır, çətini əməl sahibi olmaqdır. Bəli, «əməl sahibi» - dedim, yadıma kiçik bir detal düşdü. Bir fikir var, heç mənə rahatlıq vermir, çalışıram unudum, amma heç özümdən asılı olmadan düşür yadıma. «Polis rejimi ilə mübarizə xüsusi keyfiyyətlər, peşəcə inqilabçı olan adamlar tələb edir». Kimindir? Köhnə siyasət adamlarından birinin fikridir. A. Kamyu həmin adam haqqında yazırdı: «...O, bilirdi ki, İsa peyğəmbərin moizələrinə arxalanaraq inqilabi hakimiyyəti bərqərar etmək mümkün deyil». Düz edirdi, ya səhv yoldaydı? Bunu bilmirəm – belə halda sözü tarixə verirlər, tarix isə öz nəticələri ilə tələsmir...

BİZ ÖZ TAMAŞAMIZI OYNAYIRIQMI?
Bəlkə də artıq on ildən çoxdur ki, çöldə, meydanda tamam başqa havadır, biz isə «Heyvagülü» oynamaqda davam edirik


Bax, elə bununla bağlı da məndə şübhələr yaranıb. Bu vaxtacan çox giley – güzar etmişik – «dramaturgiya»nın zəifliyindən, dramaturqun bir şey ərsəyə gətirə bilməməsindən, rejissorun uğursuz quruluşundan... Təkcə özümüzə toxunmamışıq. Bircə dəfə olsun belə düşünməmişik ki, bəlkə, bu tamaşa və bu rollar heç bizlik deyil? Bəlkə biz çox istedadsız aktyorlarıq? Bilirsiniz, bu nəyə bənzəyir? Deyir, «sən nə çalırsan, çal, mən «Heyvagülü» oynayacam». Bəlkə də artıq on ildən çoxdur ki, çöldə, meydanda tamam başqa havadır, biz isə «Heyvagülü» oynamaqda davam edirik. Sözlərim sizə qəribə – filan gəlməsin. Bəlkə də mən mətləbin ətrafında fırlanıram, heç mətləbi demirəm. Sözümün məğzi budur ki, çağdaş siyasi vəziyyət tamam başqa keyfiyyətli insanlar tələb edir. Həmin insanlar siyasi səhnəyə çıxsalar özləri mübarizə üsullarına da müəyyən korrektlər edəcəklər – bu, aydındır, ona görə də mən mübarizə üsullarının və metodlarının özlərinin böhranından danışmaq istəmirəm.

YENİ SİYASİ SİTUASİYA YARANMAYIBMI?


Əslində yeni siyasi situasiya çoxdan yaranıb. Biz isə hələ də öz «hava»mızı gözləyirik. Yeni situasiya nə göstərdi? Məlum oldu ki, indiyə qədər mövcud olan siyasi konfiqurasiya bu situasiyaya yaramır. Mən siyasi konfiqurasiya deyəndə hər şeyi – liderləri, siyasi institutları, mübarizə metod və üsullarını nəzərdə tuturam. Yaltaqlıq yolunu tutanları, hakimiyyətə bir mandata görə yarınanları demirəm, bəlkə də vaxtilə bizim sıralarımızda olan və indi siyasi səhnəni tərk edən, öz missiyalarının başa çatdığını qərara alan mübarizə yoldaşlarımız və məsləkdaşlarımız siyasətdən sakitcə aralanmaqla düzgün etdilər, bəlkə də bu, ən düzgün seçim idi.

SİYASƏTÇİ KİMİ, YOXSA VƏTƏNDAŞ KİMİ QALMAQ?


Təbii ki, sakitcə aralanmağı heç də hamı bacarmır. Həm də bir çoxunu sadə bir məsələ rahat buraxmır – bu qədər haqsızlığın baş alıb getdiyi, ölkənin müstəbidliyə yuvarlandığı bir vaxtda necə susmaq olar, necə sakitcə kənara çəkilmək olar?! Artıq bu, vicdanın səsidir. Təbii ki, onu boğmaq olmaz. Bəs çıxış yolu nədir? Vacib deyil ki, sən siyasətçi olasan, siyasi məqsədlər güdəsən, sadə, amma narahat bir vətəndaş da olmaq mümkündür. Bunu nə yasaq etmək mümkündür, nə də buna görə kimisə qınamaq. Artıq ölkədə belələrinin də sayı artmaqdadır. Onlar bilir ki, güclü siyasi dəyişiklik etmək iqtidarında deyillər, sadəcə vətəndaşlıq borcunu yerinə yetirir və bir də heç olmasa, ən elementar azadlıqların və hüquqların qalmasına çalışırlar...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.