KULTUROLOJİ HAŞİYƏ
Azərbaycanda başqa uluslarda olduğu kimi milli psixologiyanı çoxlu qəliblər biçimə salır, yönəldir. Bunlardan birini «mənəvi vaizlik» adlandırardım. Bu qəlib lap əskilərdə formalaşıb, Nizami və Füzuli isə onlara öz təpərlərini veriblər. Qəlib belə bir idealı olabilən sayır ki, yüksək əxlaqı, mənəviyyatı yüksək sayda tirajlaşdırmaq olar, yəni elə bir toplum mümkündür ki, orada çoxluq yüksək və ya dərin əxlaqa çatsın. Bu deyimdə «yüksək» əxlaqın pisliklərdən aşırı arınması deməkdir. «Dərin» isə bu əxlaqın rasta çıxan problemləri yaxşının xeyrinə dibindən çözməsidir. Kommunizm ideyası belə tirajlaşdırmanın mümkün olmasına söykənirdi. Bütün Sovet propoqandası da onun üstündə qurulmuşdu ki, yüksək və dərin əxlaqı geniş tirajlaşdırmaq olar. İdealizm yaxşı nəsnədir. Ancaq, məncə, bu idealizm ayağa dolaşan, gözlərə pərdə çəkən idealizmdir.
MƏSƏLƏDƏ SOKRATDAN GƏLƏN PARADOKS
Bu paradoks belə idi: sən bilməlisən ki, masa nədir, necədir və ondan sonra masa düzəldə bilərsən. Bəs, sən əgər «yaxşılıq» («xeyirxahlıq») nədiri bilmirsənsə, necə əxlaqlı davrana bilərsən, «gözəllik» anlayışını bilmirsənsə, necə sənətdə gözəl nəsnələr yapa bilərsən? Paradoks ondadır ki, min illərdir, milyonlarla insanlar əxlaqın anlayışlarını (kateqoriyalarını) bilmədən yaxşı insan kimi davrana bilərlər.
YAXŞINI BİLMƏDƏN NECƏ YAXŞI OLMAQ OLAR?
Məncə, həmin milyonlarla insan təqlidin, yamsılamanın gücünə əxlaqın kateqoriyalarını bilmədən da yaxşı davrana biliblər. Deyirlər, insan başqalarını yamsılamağı bacaran varlıqdır. Bax, bu da əxlaqı bilməyən insanın dadına çatır. Sən görürsən ki, atan özünü çətinliyə salsa da darda olana əl tutur. Bunu yamsılayırsan, olursan atan kimi yaxşılıq etmiş insan. Ola bilər ki, sənin atan bu yaxşılığı Qurani-Kərimdən, hədislərdən, əxlaq kitablarından aldığı ideyalarla içində əsaslandırıb edir. Sən isə bütün bunlarsız üzdə olanları yamsılamaqla edirsən. Deməli, atanda əl tutmaqla bağlı dərin və yüksək əxlaq olur, səndə isə üzünü köçürmə əxlaqı.
HANSI ƏXLAQ TİRAJLANA BİLƏR?
Milyonlarla insanın dərin əxlaqı mənimsəməsi üçün yüzlərlə düşüncə-duyğu ilişgiləri onda kəsişib düyünləşməlidirlər: Allah vergisi, düşüncə mədəniyyəti, oxu zənginliyi, təcrübə və s. Ancaq bu olanmı şeydir?! Milyonlarla üçün olammmaz bir şeydir. Ancaq o biri yandan əxlaq, axı, birgəyaşayışın çox önəmli qarantıdır.
Bax, insanlıq əxlaqın gərəkliyini bilib, dərin və yüksək əxlaqın yayılmasını mümkün görməyəndə üzündən köçürmə əxlaqın yamsılama yolu ilə tirajlaşdırmasını tapıb. Beləliklə, əsl əxlaqı tiraşladırmaq olmaz. Tirajlaşdırmaq olar yamsılama əxlaqı.
ELİTA VAR, ANCAQ...
Toplumda yaxşını, yaxşı olmağı modaya, dəbə çevirəndə onun tirajlaşması üçün stimul yaranır. Bu dünyada yaxşı olmaq, düz adam olmaq çox vaxt sərfəli deyil. Dövlət və Elita elə mühit yaradanda ki, yaxşı olmağı sərfəli edən hallar artsın, bu, yaxşının tirajlanmasına öz stimulunu verir. O ki qaldı elita adamlarına, – yüksək görəvlilərə, seçmə intellektuallara, ulduzlara, deputatlara, - onlar topluma əxlaq örnəkləri göstərəndə bu əxlaqi davranışları modaya çevirirlər. Bir sözlə, Elita cəmiyyəti güclü, yaraşıqlı, təmiz havalı edən davranışları göstərə-göstərə dəbə çevirməlidir ki, adamlar onları yamsılasınlar. Elita cəmiyyətdə əxlaqi və başqa tipli dəblərin təsisçisi olmalıdır. Məncə, Milli Məclis üçün iddialı olanların xeylisi bilmir ki, onlar həm də Elitaya girmək iddasındadırlar və bunun üçün topluma gərəkən düşüncələrin, danışıqların modasının yaranmasında iştirak etməlidirlər.
İndi deyə bilərik ki, bizdə Elita var, ancaq bu Elitanın bir kəsiyi, yəni seçilmişlik, adi adamlar dünyasından yuxarı mərtəbələrə qalxmışlıq var. Bizdə Elitanın əsl Elita olması üçün gərəkən ikinci cəhət yoxdur. Bu Elita Azərbaycanı ağılca, iqtisadiyyatca, mənəviyyatca, etiketə görə güclü edən sifətlərin modaya çevrilməsini təsis edən Elita deyil.