Konstitusiyanı kim yozur: məhkəmə, yoxsa MSK?

Söhbət sərbəst toplaşmaq və bir də seçki hüququndan gedir. Bəli, zahirən hər şey aydındır.

Belə ki, vətəndaşların sərbəst toplaşmaq hüququ da demokratik seçki hüququ kimi əsas konstitusion hüquqlardan biri hesab edilir. Elə bu səbəbdən onlar bir–birilə şərtlənmir və biri–birindən heç də asılı deyil.

Təsadüfi deyil ki, Strasburq Məhkəməsi də seçki hüququnun pozulmasına bir hal, sərbəst toplaşmaq hüququnun pozulmasına isə tamam başqa hal kimi yanaşır.

Amma nə edəsən ki, bu hüquqlar beynəlxalq konvensiyalar və yerli Konstitusiya baxımından qətiyyən şərtlənməsə də, bəzi dövlət məmurları onları çox böyük məharətlə şərtləndirirlər.

MİTİNQİ ANCAQ SEÇKİNİN TƏBLİĞAT DÖVRÜNDƏ KEÇİRMƏK OLAR?

Aydın olsun deyə, məsələnin detallarını açıqlayaq. AXCP – Müsavat bloku bu ayın 10 - da mitinq keçirməyi planlaşdırırdı. Amma MSK sədri Məzahir Pənahov bildirdi, oktyabrın 15 - nə qədər heç bir mitinq keçirilə bilməz, çünki bu müddətə qədər heç bir təbliğat və təşviqatdan söhbət gedə bilməz və əgər blok bununla razılaşmayıb mitinqini keçirərsə, onda MSK tərəfindən cəzalandırılacaq.

Tutaq ki, Azərbaycan fəvvarələrin sayına görə lap İslandiyanı da keçdi. Bunun nəyəsə təsiri olacaqmı?
Beləliklə, müxalifət blokunun mitinq keçirmək qərarı MSK tərəfindən, idmanda deyildiyi kimi, elə «blok»la da qarşılandı. Belə çıxır ki, təbliğatlarını aparmaq üçün partiyaların sərəncamında cəmi 23 gün olacaq. Bu, cəmi üç həftə deməkdir. Təbii, partiyalar heç də hər gün seçki mitinqləri keçirə bilməzlər və bu müddət ərzində onlar cəmi üç dəfə mitinq keçirmək imkanına malik olacaqlar. Beş il ərzində, əslində isə yeddi il ərzində mitinq keçirmək imkanı olmayan siyasi partiyalar üç dəfə mitinq keçirməklə nəyə nail olacaqlar?

Üstəlik, təminat varmı ki, bu mitinqləri şəhərin əlverişli və gur yerlərində keçirməyə icazə verəcəklər? Yox, belə təminat yoxdur, çox güman ki, elə ünvanlar göstərəcəklər ki, bu ünvanlarda mitinq keçirməyin faydası olmayacaq. Bu, hələ hamısı deyil. Konstitusiyaya görə Ali Qanunun yozumu ilə Konstitusiya Məhkəməsi məşğul olur. MSK isə uzağı «Seçki Məcəlləsi»nə əsaslanaraq nəsə iddia edə bilər. Hüquq baxımından hansı daha üstündür: Konstitusiya, yoxsa «Seçki Məcəlləsi»?

Avtobuslar müxalifətçiləri mitinqdən uzaqlaşdırmaq, iqtidar tədbirlərində isə adamları mitinqə daşımaq üçün sitifadə olunur
Bəli, formal olaraq Əsas Qanun bütün məcəllələrdən üstündür, ancaq formal olaraq. Üstəlik, blok ayın 10 – da keçirmək niyyətində olduğu mitinqi özünün sıradan olan, bu vaxta qədər keçirmək istədiyi, amma nail ola bilmədiyi adi mitinqlərdən biri kimi də təqdim edə bilər. Bu halda MSK nə deyəcək? Məsələ bundadır ki, indi seçki dövrüdür və bu dövrə təsadüf olunan bütün aksiyalar seçki ilə bağlı aksiyalar kimi qəbul olunur və şübhəsiz ki, bu, MSK –nın sərəncamına müəyyən dəlillər verir. Bu isə o deməkdir ki, böyük ehtimalla blok özünün oktyabrın 10-a nəzərdə tutulan mitinqini keçirə bilməyəcək. Çox güman ki, şəhər rəhbərliyi də bunu əsas gətirərək kütləvi aksiyaya icazə verməyəcək.

MUSİQİLİ ALOVLAR VƏ FƏVVARƏLƏR ÖLKƏSİ

Bir azdan ölkədə hər şey musiqi altında rəqs edəcək. Ola bilsin, bu yaxın vaxtlarda seçkiyə də keçmişdə olduğu kimi musiqi sədaları altında rəqs edə – edə gedəcəyik. Bu minvalla dünyanın ən xoşbəxt seçkisi Azərbaycanda keçiriləcək, nə olsun ki, insanlara imza vərəqələrini vermirlər, nə olsun ki, seçkiləri saxtalaşdırırlar!

Fikirləşəcəksiniz ki, bunu niyə dedim? Görən, bu haradan ağlıma gəldi? Məsələ bundadır ki, musiqili fəvvarələr artıq elə bir yenilik deyil. Amma musiqili alovlar əsl yenilikdir. Tezliklə bu da olacaq – Əzizbəyov metrosu yaxınlığında yeni park salınacaq və burada əsl musiqili alovlar quraşdırılacaq. Bax, belə.

Amma burada yadıma başqa bir diyar düşür. İslandiyaya qeyzerlər vətəni deyirlər – bu diyarda yerin altından isti sular, əsl təbii fəvvarələr fontan vurur.

Tutaq ki, Azərbaycan fəvvarələrin sayına görə lap İslandiyanı da keçdi. Bunun nəyəsə təsiri olacaqmı? Bəlkə, Azərbaycanda keçirilən seçkilər ABŞ Dövlət Departamentinin, beynəlxalq təşkilatların hesabatlarında ən demokratik seçki kimi qeyd olunacaq?

Bəlkə, uzaq İngiltərədən, yaxud Fransadan bura demokratiyanı və seçki keçirməyi öyrənməyə gələcəklər? Bəlkə, bütün bunlardansa insanlara vaxtında imza vərəqələrini vermək, ya seçki təbliğatını aparmaq üçün şərait yaratmaq, ya da kütləvi aksiyalar keçirməyə imkan vermək daha yaxşı olardı? Onda hər şey, hətta seçki də adama musiqili görünərdi...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir