«Ay... Kopoyoğlu Sudya»

«Neftçi»-«Paxtakor» oyunu, 1978-ci il

Sovet dövründə vətənpərvərliyin az-az işartıları özünü futbolda göstərirdi. Futbolumuz da ki, daha çox bizi məyus edirdi, nəinki əksinə. Uzaq keçmişdə bir dəfə SSRİ birinciliyində üçüncü yeri qazanmışdı «Neftçi». Sonrakı dövrlər bir növ məğlubiyyət erasını təşkil edirdi. Məndən yaşca böyüklər bir hadisəni dönə-dönə xatırlayırdılar: «Neftçi»nin oyununu şərh edən futbol mütəxəssisimiz hakim «Neftçi»nin qapısına 11 metrlik cərimə zərbəsi təyin edəndə, dözə bilməyib qışqırmışdı: «Ay... kopoyoğlu sudya!». O dövr üçün əsl vətənpərvərlik, ən əsası isə cəsarət nümunəsi idi. Deyilənə görə, həmin o şərhçini cəzalandırmışdılar. Amma söz ağızdan çıxmışdı və əslində həmin dövrdə azərbaycanlıların baş verən proseslərə münasibətini əks etdirirdi. Münasibət isə bu idi ki, yazıq azərbaycanlıları hər yerdə sıxışdırırlar, dünya zalım dünyadır və s. Həqiqət idimi bu? Bəlkə də.

Lakin azərbaycanlıların görmədiyi, daha doğrusu, görmək istəmədiyi başqa bir reallıq da var idi. Fakt bu idi ki, «Neftçi» yaxşı komanda deyildi. Gözümü açandan uduzurdu və güclülər dəstəsindən çıxmağın sərhədində qərar tuturdu. Bəzən ona heç bu da nəsib olmurdu, birinci liqada mübarizə aparmalı olurdu. Komanda pis oynayandan sonra isə hakimin ədalətli-ədalətsiz olması onuncu dərəcəli məsələ idi. Millət isə sadəcə, günahkar axtarırdı. Pis oynanılıb uduzulan oyunların yekununda Bakıda şayiə yayılırdı ki, «Neftçi»dən kimsə oyunu satıb. Bu məqamı əks etdirən şüarımız da var idi – «Neftçi» – Alverçi!»

Bütün bu futbol tariximizin qaranlıq məqamlarını yada salmamaq da olardı. Lakin eyni düşüncə tərzi sonralar da dəfələrlə üzə çıxıb və indiyəcən Azərbaycan milli şüurunda travma təsirini göstərməkdədir. Qarabağ müharibəsini uduzanda, əksəriyyət fikir vermirdi ki, ölkədə ciddi problemlər yaşanıb – ordu quruculuğunda ermənilərlə müqayisədə gecikmişik, 1992-1993-cü illərin islahatlarını lazımi sürətlə tamamlaya bilməmişik, kommunist rejiminin tör-töküntülərini nə parlamentdən, nə də ən əsas dövlət strukturlarından təmizləyə bilməmişik, onlar da qüvvələrini bir yerə toplayıb dövlət çevrilişi yapıblar və ermənilər də sadəcə olaraq bu kataklizmlərdən istifadə edib hərbi qələbə qazanıblar. Daha cəlbedici izahat var idi:
Minsk Qrupunun həmsədrlərini söyürük. Az-qala dünyanın bütün iri dövlətlərini ikili standartlarda günahlandırırıq.
Torpaqları satıblar (bir neçə ad çəkilirdi), Rusiya da (yenə həmin o sudya söhbəti) ədalətsizcəsinə ermənilərə kömək edib və nəticədə uduzmuşuq.

İndinin özündə azərbaycanlılar 17 ildir ki, hakimiyyətdə olan, lakin düz-əməlli ordu qurub işğal altında olan torpaqları azad edə bilməmiş Azərbaycan hökumətini çox az şeydə günahlandırır. Minsk Qrupunun həmsədrlərini söyürük. Az-qala dünyanın bütün iri dövlətlərini ikili standartlarda günahlandırırıq.

Eyni məntiq demokratik mübarizədə belə özünü göstərib və göstərməkdədir. Fakt budur ki, Azərbaycan xalqı və ölkənin demokratik qüvvələri ölkədəki xoşagəlməz reallığı dəyişdirməyə çox az və çox zəif cəhdlər göstərirlər. Bütün dünyanı isə Azərbaycan demokratiyasını neftə satmaqda suçlayırıq. Görən nə vaxtacan bütün dünyaya əyri-əyri baxıb «ey, gidi dünya!» deyəcəyik? Hələ ki, sonu görünmür. Elə bil bütün xalqımız bu dünyada əcnəbi bir qonaqdır. Dünya bizi başa düşmür, biz də dünyanı.

Bu dünyanın gedişatını azərbaycanlılara bir çox mütəfəkkirlərimiz izah etməyə çalışıb. Mirzə Fətəli, Mirzə Cəlil, Məhəmməd Əmin Rəsulzadə bu sahədə çox külüng döyüblər. Bu mütəfəkkirlərin fonunda bəndənizin yaza biləcəkləri dəryada bir damladır, hələ o, da uğurlu alınsa. Amma bütün hallarda, qapıları döyməyə öz çapımda bir cəhd edəcəyəm: Dünyada ədalətsizliklər daim olub, var və olacaq. Dünya düzəni daim güclünü müdafiə edib, idmanda da, hərbdə də, siyasətdə də. Reallıqlardan illərcə şikayət etmək olar, zəncir vurub, sinə döymək olar, amma onu dəyişməyə cəhd etməyən başqasından kömək görməyəcək. Çox sadə, bəlkə də bəsit modeldir. Deyilmi?

MƏĞLUBİYYƏT SİNDROMU

Amma bu sadə həqiqəti qəbul etməməyimiz bütün Azərbaycan xalqında «məğlubiyyət sindromu» yaradıb. Sindromun izahı çox sadədir. Uğur qazanmağı yaddan çıxarmışlar sadəcə «daha ləyaqətlə» məğlub olmaq yolları axtarırlar ki, uduzandan sonra desinlər ki, «mən hər şeyi etdim, amma məndən asılı olmayan səbəblərdən uduzdum». Futbolçularımız bu məntiqlə uduzduqları oyunda özlərini rəqib meydançasında yerə vurub
«Biz yenə də seçkilərdə əlimizdən gələni edib, axırda uduzacağıq, amma günah bizdə deyil, başqasındadır»
11 metrlik cərimə təyin etməyən hakimi günahlandırmağa çalışırlar, dövlət başçılarımız Minsk Qrupu həmsədrlərini televiziya vasitəsilə ittiham edib xalqımız qarşısında özlərini təmizə çıxarmağa çalışırlar, demokratik qüvvələrin liderləri isə hər dəfə uduzulan seçkilərdən sonra inandırıcı arqumentlərlə çıxış edirlər ki, seçkilər saxtalaşdırıldı, beynəlxalq birlik zəif reaksiya verdi və s. Həqiqətdirmi bütün bunlar? Bəlkə də. Amma bu izahatlar vəziyyəti dəyişməyə kömək edirmi?

Seçkilərə iki aydan az bir müddət qalıb. Demokratik düşərgə mənsubları təqribən belə bir bəyanatla çıxış edirlər ki, onlar seçici səslərinin çoxluğunu qazanacaqlar və seçkilər saxtalaşdırılmasa, parlamentdəki yerlərin çoxluğunu əldə edəcəklər. Məgər Azərbaycanda yaşayıb məsələ barədə səmimi düşünənlərdən kiminsə şübhəsi var ki, seçkilər yenə də əvvəlki illərdəki kimi saxtalaşdırılacaq? Ən azı qeyd etdiyim bəyanatla çıxış edənlərin bu məsələdə heç bir şübhəsi yoxdur. Belə isə «seçkilər saxtalaşdırılmasa» tipli bəyanatların mənası nədir? Bu bəyanatın açması çox sadədir: «biz yenə də seçkilərdə əlimizdən gələni edib, axırda uduzacağıq, amma günah bizdə deyil, başqasındadır». Bu sətiraltı mesajı bütün Azərbaycan xalqı alır və həmin xalq... müxalifətin etiraz tədbirlərinə qoşulmur. Pis sonluğu bəlli olan döyüşə kim girər?

SİYASİ REALLIĞIN MƏNTİQİ

Nəyinsə labüdlüyünə sorğu-sualsız inamın – determinizmin əsası dəqiq elmlərin məntiqinə söykənir. Düsturlar bizə deyir ki, V= S/T, F= MG və təbiətin bu qanunlarını dəyişməkdə insan acizdir. Bu məntiqlə siyasi və sosial qanunauyğunluqları da hesablamağa çalışanlar az olmayıb. Lakin siyasət tamamən insan fəaliyyətinin məhsuludur. Gördüyümüz daşlaşmış reallıqları yaradanlar da insanlardır, onları dağıdıb yeni reallıqları yaradanlar da eləcə. Bu reallıqlara tabe olub onun oyun qaydaları ilə hərəkət də etmək olar, onu inkar edib yeni reallıqları qurmaq da olar. Bir şey var ki, oyun qaydalarını quranlarla həmin oyun qaydaları ilə oynayıb qalib gəlmək olmaz. Oyun qaydalarını inkar edib yeni reallıqlar qurmaq istəyənlərinsə bir yolu var – qalib gəlmək. Heç bir səbəbsiz, bəhanəsiz, «dünyanın bütün ədalətsizliklərinə» qarşı oynayıb qalib gəlmək.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.