Azərbaycanlıların ideyası nədir?

Bahalı maşın, bahalı mənzil, bahalı paltar, bahalı mebel...

Bəlkə insanlar özlərinə lazım olanı hamıdan yaxşı bilirlər? Bəlkə onlara heç ideya bələdəçisi, carçısı lazım deyil? Ola bilər. Amma onlar özləri həyatdakı, efirdəki, mətbuatdakı boşluqdan gileylənirlər – həyat qaçdı – qovduya, efir şou–məkana, mətbuat isə primitiv xəbərçiliyə üstünlük verməyə başlayan andan sanki bir uçurum yaranıb.

Söhbət heç də totalitar sovet quruluşunda olduğu kimi kommunizmə bənzər ideyadan, «kommunizm qurucusunun əxlaq və davranış kodeksi»ndən getmir. Bəlkə bunu stimullar adlandırmaq daha düzgün olardı, bəli, məhz belə ad daha yaxşı səslənir, çünki bu ölkədə çatışmayan məhz müsbət stimullardır.

BƏS AZƏRBAYCANDA İNDİ HANSI İDEYA HÖKM SÜRÜR?


Ola bilsin, heç necə adlanmasının da fərqi yoxdur, əsas məzmundur. Amma əgər dövlət mövcuddursa müəyyən ideya da olmalıdır, çünki dövlət səfərbəredici orqandır. Ümumi halda nəzər yetirəndə dövlətin bu istiqamətdə problemi olmur, çünki o, konstitusiya və qanun zəminində səfərbər edir. Amma siyasi partiyalar, siyasi qruplar da var. Ən liberal dövlətlərin təcrübəsinə nəzər salsaq belə görərik ki, hətta bu dövlətlərdə cəmiyyət vaxtaşırı hansısa ideyaya müraciət edir. ABŞ kimi dövlətdə bir də görürsən sağçı meyllər, yaxud da solçu ovqatlar güclənir. Hollandiya, Danimarka kimi dövlətlərdə artıq post–liberal dəyərlər hökm sürməkdədir.

Bəs Azərbaycanda indi hansı ideya hökm sürür? Bəlkə də bunu ciddi sosioloji araşdırmalar əsasında nəzərdən keçirmək daha düzgün olardı, amma bunsuz da müəyyən fikirlər və müşahidələr səsləndirmək mümkündür.

İSTEHLAKÇILIQ – BU ÖLKƏNİN İDEYASI BUDUR


Sovet quruluşunun dağılması ilə əsl istehlakçı inqilab baş verdi. Sovetlər totalitar və militarist dövlət idi, yaxşı nə vardısa dövlət və ordu üçün edilir, ən adi istehlakçı tələblər belə ödənilmirdi, xaricdə istehsal edilən, ən adi insanların geyindiyi paltar belə «homosovetikus» üçün qeyri–adi və həm də əlçatmaz idi. Bu səbəbdən istehlak sahəsində inqilab müəyyən mənada labüd idi.

Amma bu inqilab təsirsiz ötüşmədi, o, özünəməxsus psixologiya yaratdı. İndi orta statistik azərbaycanlı nəyin bahasına olursa–olsun uşağı üçün diplom almağa çalışır. O, hətta xaricdə insanların bir o qədər də həvəs göstərmədiyi, ekoloji cəhətdən ziyanlı, bəlkə də istifadə üçün yararsız, baha qiymətli maşınlar alır.

Bir adamın neçə maşını ola bilər? İndi bu sualın da birmənalı cavabı yoxdur – baxır həmin adamın imkanlarına
İş o yerə çatıb ki, bir çox telekanallar yerli «estrada ulduzları»nın maşınlarını nümayiş etdirməklə məşğuldur. Bir adamın neçə maşını ola bilər? İndi bu sualın da birmənalı cavabı yoxdur – baxır həmin adamın imkanlarına. Bəs bir adamın neçə evi ola bilər? Deyəcəksiniz ki, yəqin bir. Amma Azərbaycanda belə deyil, tikinti vüsət alandan sonra insanlar acgözlüklə mənzil almağa başladılar, kim nə qədər bacarırdısa o qədər aldı.

İndi orta statistik «yeni azərbaycanlı» ancaq istehlak etmək və yenə də istehlak etmək arzusu ilə yaşayır – bahalı maşın, bahalı mənzil, bahalı paltar, bahalı mebel. Diqqət edin. Biz yaxşı və yaxud da əla demirik, bahalı deyirik, çünki bu cəmiyyətin insanları malların və xidmətlərin məhz bu tərəfinə diqqət yetirir. İndi «qızıl gənclik» deyilən bir təbəqə formalaşır, bunlar yüksək məmurların övladlarıdır. Ara–bir onların «həyatı» haqda mətbuata informasiya sızır – inanın, bəlkə də dünyanın ən varlı insanlarının övladları özlərinə belə ərköyünlüyü rəva bilmirlər.

İSTEHSALÇI CƏMİYYƏT – BUNA ÇOX QALIBMI?

Qənaətcillik bəlkə kapitalizmin ən ümdə xüsusiyyətidir. Azərbaycanda isə bu hələ modda deyil. «Görməmiş» istehlakçılıq psixologiyaları korlamaqda davam edir. Təbii ki, cəmiyyət əbədi olaraq bu durumda qala bilməz. Çində iqtisadi inqilab niyə baş verdi? Qıtlıq istehsal etməyi, istehsalçılığı sözün əsl mənasında millətin və hər bir insanın ideyasına çevirdi. İsrail dünyada elmi nəşrlərin sayına görə ilk yerlərdən birini tutur. ABŞ Nobel mükafatı laureatlarının sayına görə liderdir. Niyə görə? Ona görə ki, bu ölkələrdə elm, bilik istehsal etmək əsl milli ideyaya çevrilib, onlar artıq texnologiya da istehsal etmirlər, bilavasitə bilik istehsalı ilə məşğuldurlar.

Azərbaycan da istehlakçılıq yuxusundan oyanmalı və dünyaya baxmalıdır. Necə istehsalçı cəmiyyətə çevrilməli? Nə istehsal etməli? Nefti satıb bahalı maşınlar alan bu ölkə neft qurtarandan sonra nə edəcək? Bunlar heç də ritorik suallar deyil, əsl milli problemlərdir, bəli, problemlər...