Misir piramidalarından uzun bayraq dirəklərinə uzanan yol

Dövlət bayrağı meydanı

Dövlətlərin yaranması nəzəriyyəsi çox maraqlı sahədir. Tarixi çox-çox qədimlərə gedib çıxdığından dövlətin necə yaranması nəzəriyyələri üzərində alimlər indiyəcən baş sındırırlar, müxtəlif nəzəriyyələr irəli sürürlər və insafən onların hamısı da kifayət qədər məntiqli görünür.

Dövlətin yaranması məsələsinə işıq salan ideyalardan biri «hidravlik nəzəriyyə»dir. Bu nəzəriyyəyə görə iri suvarma sistemlərinin tikilməsi və saxlanması tələb olunan ərazilərdə dövlətlər elə bu iri nəhəng projelərin əsasında yaranıblar. Nəhəng layihələr xeyli dərəcədə mərkəzləşmiş dövlət tələb edib və bu yolla təşəkkül tapan dövlət də mahiyyəti etibarilə öz sakinlərini əzib qul edən bir dövlət aparatı yaradıb.

TONLARLA AĞIRLIĞI OLAN SAL DAŞLARI BİR-BİRİNİN ÜSTÜNƏ NECƏ DÜZÜB O PİRAMİDALARI TİKİBLƏR


Bu fikir ilk dəfə 1957-ci ildə Karl Uitfogelin «Oriental Despotizm» kitabında ifadə olunub. Məni həmişə düşündürən sual isə o olub ki, doğrudanmı təkcə iqtisadi-sosial zərurət insanların Misir fironlarının zülmünə tam təslimini təmin edə bilib. Misir fironları öz əhalisini itaətdə saxlamaq üçün daha nələr ediblər? Camaat nə fikirləşib?

Yada Misir piramidaları düşür – nəhəng, heç bir praktiki əhəmiyyət daşımayan, səhrada saysız-hesabsız insan zəhməti və qanı hesabına başa gələn piramidalar. Qərb alimləri indiyəcən cavab tapa bilmirlər ki, tonlarla ağırlığı olan sal daşları bir-birinin üstünə necə düzüb o piramidaları tikiblər. Yəni ancaq insan əməyi buna bəs edərmi? Bəs bütün bu işin mənası nədir? Səhrada dağ tikmək, özü də o boyda qurbanlar hesabına, kimin nəyinə lazımdır?

Əhalini qorxutmaq. Öz nəhəngliyini insanlara göstərib, onlara bir növ mesaj vermək: Dövlət nəhəngdir. Dövlət güclüdür. İnsansa, o əzəmətin qarşısında cılızdır, acizdir və itaətə məhkumdur. Bəlkə də başqa izahatlar da tapmaq olardı, lakin bu versiyanın gücünü sonrakı istibdadların davranışı da kifayət qədər təsdiqləyir.

STALİN VƏ NKVD NÜMUNƏSİ

«Bir də mənə deməyin ki, hansısa bir adam bu boyda nəhəng bir qüvvənin qarşısında təslim olmaqdan imtina edir»
SSRİ-də 30-cu illətin repressiyaları zamanı NKVD-dən Stalinə müraciət ediblərmiş ki, istintaq altında olan yüksək rütbəli kommunist məmurlarından biri öz günahını boynuna almaqdan imtina edir. Stalin iş üzrə məsul müstəntiqi yanına çağırıb soruşubmuş ki, ölkə nə qədər polad istehsal edir, ölkənin nə qədər tankı və təyyarəsi var, ildə nə qədər bina tikilir və s. Çaş-baş qalmış müstəntiq bu statistik suallara bir-təhər cavab verəndən sonra Stalin deyibmiş ki, gedin işləyin və bir də mənə deməyin ki, hansısa bir adam bu boyda nəhəng bir qüvvənin qarşısında təslim olmaqdan imtina edir.

SSRİ-dəki kommunist rejimi sonralar da öz əhalisi qarşısında «dovşanı araba ilə tutan» dövlət imicini saxlamağa xüsusi diqqət yetirirdi.

HİTLERİN PLANI

Stalinin faşist həmkarı Hitler isə Berlinin girəcəyində güclü əzələli insanları əks etdirən nəhəng heykəllər qoymağı planlaşdırırmış. Bu layihənin mənası ondan ibarət imiş ki, faşist Almaniyası bütün dünyanı fəth edəndən sonra imperiya mərkəzinə gətiriləcək dünya xalqlarından ibarət kölələr onları fəth etmiş dövlətin nəhəngliyini gösünlər və həmin əzəmət qarşısında öz acizliklərini hiss etsinlər.

Nəhəng despotizmlər dövrü arxada qalıb. Həmin sıranın «sonuncu Mogikanı» Çin də modernləşməyə çalışır, ölkədə əhəmiyyətli islahatlar həyata keçirir. O despotizmlərin imitasiyası isə hələ də yaşayır.

KONDİSİONERLİ ŞƏHƏR


Səhrada süni çəmənliklər salmağa ağlagəlməz vəsait xərcləyən Birləşmiş Ərəb Əmirlikləri, dünyanın ən dəbdəbəli mehmanxanalarını tikmiş Küveyt, Astana yaxınlığında üstüörtülü və kondisionerli şəhər(!) salmaq layihəsinə baş vurmuş (layihənin adı Batıqaydır) və dünyanın ən hündür əyləncə mərkəzini tikməyə çalışan (150 metrlik tavanı olan bu layihə Xan Şatır Əyləncə Mərkəzi adlanır) Qazaxıstan və... dünyanın ən uzun bayraq dirəyini ucaltmış Azərbaycan qədim Misir piramidaları ənənələrini imitsiya etməkdədirlər.

İnsaf naminə gərək Türkmənistanı da yada salaq: Bu ölkə minlərlə kilometr uzunluğu olan kanallar qazdırıb ölkənin tam ortasında «Qızıl Əsr Gölü» saldırmağa çalışır və bu işə təqribən 20 milyard dollar vəsait sərf etməyi planlaşdırır.

BU LAYİHƏLƏRİN ONLARI HƏYATA KEÇİRƏN HÖKUMƏTLƏR ÜÇÜN VACİB BİR FUNKSİYASI VAR

Sırf praktiki baxımdan mənası heç olmayan (uzun bayraq dirəyi) və mənası məsrəfini üstələməyən (kondisionerli şəhər, əyləncə mərkəzləri) bu layihələrin onları həyata keçirən hökumətlər üçün vacib bir funksiyası var: Özlərini xalqa əzəmətli göstərib onu itaətə məcbur etmək istəyirlər. Lakin gərək iki məsələdə insaflı olaq:

Azərbaycanın təntənə ilə açılışını etdiyi bayraq meydançası isə bir gün sonra problemlə üzləşdi – bayraq cırıq-cırıq oldu
Bir – Misir də, SSRİ də, faşist Almaniyası da nəhəng layihələri keyfiyyətlə həyata keçirirdilər və o layihələrin bəziləri indinin özündə də duruş gətirib. Misirdə Sfinksi top atəşinə tutan Napoleon onun ancaq burnunu zədələyə bilmişdi. Azərbaycanın təntənə ilə açılışını etdiyi bayraq meydançası isə bir gün sonra problemlə üzləşdi – bayraq cırıq-cırıq oldu. Azərbaycan və onunla eyni yolu gedən ərəb dövlətləri, Türkmənistan və Qazaxıstandakı layihələrdən külli miqdarda pul oğurlanması faktları dünya mediasında və beynəlxalq hesabatlarda göz deşir. Qədim Misiri bilmirəm, amma Stalin SSRİ-si və Hitler Almaniyası öz nəhəng layihələrini korrupsiyadan uzaq saxlaya bilirdilər. Gördükləri işin keyfiyyətinə də bu amil az təsir etmirdi.

AZƏRBAYCANIN «ƏZƏMƏT SAÇAN» PROJELƏRİ KİMƏ NƏYİ SÜBUT EDİR?


İki – nəhəng layihələri ilə tarixdə iz buraxmış iri despotizmlər öz dövrlərinin ən güclü dövlətləri sırasında olublar. İnsanları qul etmək bahasına əllərində topladığı güclə doğrudan da nəhəng və qorxulu bir imperiya qurmuşdular. Onları imitasiya edən ərəb əmirlikləri, Qazaxıstan, Türkmənistan və Azərbaycana gəlincə... Bu dövlətlər çox kiçik dövlətlərdir (Qazaxıstanın ərazisi iri olsa da, cəmi 15 milyon əhalisi var). Bu cür dövlətlərin əzəmətə iddiası kifayət qədər gülünc görünür.

Başqa dövlətləri bir kənara qoyub, Azərbaycana baxaq. Torpaqları 20 ilə yaxındır ki, kiçik bir dövlət olan Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycanın «əzəmət saçan» projeləri kimə nəyi sübut edir? Ermənistan bir tərəfə, yəni Azərbaycan vətəndaşlarının özləri iri və bahalı olimpiya mərkəzləri, 40-a yaxın Heydər Əliyev muzeyi tikmiş və ən nəhayət, dünyanın ən uzun bayraq dirəyini qaldırmış hökumətimizi əzəmətli hesab edirmi?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.