Mərhəmət ancaq Ramazanda olmamalıdır

Ayların sultanı, mərhəmət və şəfqət ayı adlanan Ramazan başa çatdı

Müqəddəs Ramazan ayında aparıcı qəzetlərdən birini «Bakıda Yezid peyda olub» başlığı ilə çıxmağa nə məcbur etdi?

Tikintidə çalışan zavallı fəhlələr mübarək Ramazan bayramının gəlişini niyə belə səbrsizliklə gözləyirdilər?

Onları buna vadar edən təkcə yay fəslində orucluğun bir qədər ağır keçməsi idimi? İnsanlar bazarlardan niyə qaçaq düşmüşdülər?

Valideynlər yeni dərs ilinin gəlişindən niyə sevinmədilər?

Daşqına məruz qalan ərazilərin əhalisi niyə belə gözəl ayda etiraz aksiyaları keçirməyə məcbur oldular?..

Suallar, suallar...

Onların hamısının cavabı var, hətta sıralamaq da olar: şəhərdə suyun olmaması, maaşların verilməməsi, bahalıq və məmurların etinasızlığı – bəli, cavablar bunlardır.

Bütün bunlar onu göstərir ki, mərhəmət və şəfqət hissləri hələ də səlahiyyət və imkan sahiblərinin ürəklərinə yol tapmayıb və bu ürəklərin belə hisslərdən nə vaxt işıqlanacağı bəlli deyil, çünki hətta işıq da bütün zülmətləri yarmaq iqtidarında deyil.

Üstəlik, sadalanan problemlər ictimai dərdlərin siyahısını tam tükəndirmir.

İNSANLAR NİYƏ QIŞIN GƏLMƏSİNİ İSTƏMİR?


Bu il yay çox qızmar keçdi, o qədər qızmar ki, hətta istini sevənlər belə qışın tez gəlməsini arzuladılar. Amma bəzi rayonlarda adamlar möhkəm istilərə baxmayaraq yenə də payızın və qışın gəlməsini istəmirlər, çünki ötən qışda qazsız qalaraq o qədər zillət çəkiblər ki, bunun yenidən təkarlanmasını əsla arzulamırlar.

Ötən yay bu rayonlarda odun əsl strateji məhsula çevrilmişdi, qiyməti bir tərəfə, tapmaq müşkül idi. Bunlar elə rayonlar idi ki, hələ ötən əsrin 80-ci illərində tamamilə qazlaşdırılmışdı. İndi isə ölkə ildən–ilə qaz ixracını artırır, «Qazprom»la gündə bir saziş imzalayırlar, amma Bakının vur–tut yüz kilometrliyində insanlar qazın olmamasından əziyyət çəkir, elə bu səbəbdən də qışın gəlməsini istəmirlər.

Qanunlar və dini ayinlər iqtidar-müxalifət tanımır, adamları «aşağı təbəqələr», «idarə olunanlar» və «yuxarılar», «idarə edənlər»ə bölmür. Necə deyərlər, tanrı qarşısında insanlar eynidirlər...
Qışa münasibət elə Bakıda da belədir, hətta bakılılar arasında belə bir deyim var: «Bakıya qış yaraşmır». Səbəb də çox sadədir: kiçik şaxtada yollar buz tutur, qışa hazır olmayan avtomobillərin hərəkəti dayanır, enerji xətlərinin həddən çox yüklənməsi nəticəsində enerji verilməsində böyük fasilələr yaranır, hətta metroda belə qatarlar dayanır. Cənubi Qafqazın «lider ölkəsi»nin klimatik problemləri təxminən bu cürdür.

500 MİN İŞ YERİ, YOXSA 500 MİN YAP ÜZVÜ?

Nə qədər qəribə olsa da və ənənəvi sosiloji təhlillərlə bir qədər uyuşmasa da, insanlar seçkini də səbrsizliklə gözləyirdilər, xüsusən də bölgələrdə. Bu da səbəbsiz deyil, səbəb işsizlikdir. Xüsusən də bölgələrdə işsizlik çox yüksək səviyyədədir, ona görə də oralarda seçkiyə «maraq böyükdür».

Yox, insanları kimin və necə seçiləcəyi bir o qədər də maraqlandırmır. Məsələ bundadır ki, əvvəllər hakimiyyət seçki dövründə öz təbliğatı üçün az da olsa iş yerlərinin açılmasına start verirdi, hətta bəzən o qədər ifarata varırdı ki, artıq işləyən müəssisələrin yeni iş yeri kimi təzədən açılışını keçirirdi.

İndi ölkədə bir neçə iri iqtisadi layihə var ki, hamı onların tez işə düşməsini gözləyir. Bunlardan biri bp-yə məxsus idi, amma deyəsən, uzaq Meksika körfəzində baş verən qəza ucbatından şirkətə dəyən ziyan bu layihənin tez başlanmasına imkan vermədi. Bundan başqa, yeni liman və dəniz üzərindən körpü tikməklə bağlı layihələr var. Amma çətin ki, onlar builki seçkidə işə düşə, çünki seçki prosesi artıq başlayıb və vur–tut cəmi iki ay çəkəcək.

Burada kiçik bir detalı da qeyd etmək istəyirik. Ötən seçki müddətində İlham Əliyev iddia edirdi ki, beş ildə 500 min iş yeri açıb. İndi məlum olur ki, YAP-ın 500 min üzvü var. Maraqlıdır, bu müddət ərzində İlham Əliyev nə ilə məşğul olub? İş yerlərinin açılması ilə, yoxsa YAP-ın üzvlərinin sayının artırılması ilə? Və hansı məlumat daha doğrudur – 500 min iş yerinin açılışı, yoxsa YAP-ın üzvlərinin sayının 500 min nəfərə çatması? Bəlkə əslində heç biri doğru deyil?

KİÇİK SÖZARDI


Ayların sultanı, mərhəmət və şəfqət ayı adlanan Ramazan başa çatdı. Amma mərhəmət hissi elə hissdir ki, o, təkcə bir ay ərzində insana xas olmamalıdır, insan təbiət etibarı ilə mərhəmətli olmalıdır, bu, heç də mövsümi xarakter daşımamalıdır. Bir də, qanunlar və dini ayinlər iqtidar-müxalifət tanımır, adamları «aşağı təbəqələr», «idarə olunanlar» və «yuxarılar», «idarə edənlər»ə bölmür. Necə deyərlər, tanrı qarşısında insanlar eynidirlər.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələrdir.