«Ha qadan alım, rus ayısı»

Rusiya prezidenti Dmitri Medvedev Azərbaycana növbəti səfərini etdi. Bu səfər Azərbaycan siyasi elitasında xüsusi gərginliyin yaşanması fonunda baş tutdu. Belə ki, səfərdən az öncə Rusiya Ermənistandakı hərbi bazası barədə rəsmi Yerevanla xüsusi bir saziş imzaladı. Ermənistanın həmin sənədə verdiyi qiymət bu idi ki, erməni hərbi qüvvələrinə qarşı kim hücum etsə, qarşısında Rusiyanı görəcək. Rusiya bu bəyanatı heç bir formada təkzib etmədi.

AZƏRBAYCAN İSƏ...

Azərbaycanın indiki Rusiya siyasəti məşhur «Yarımştat» komediyasındakı bir gülməli epizodu xatırladır. O epizodda bir xeyli azərbaycanlı, aşıqlı, meyxana deyənli yığışıb bir hava fikirləşmək istəyirlər ki, sirkdəki rus ayısını Azərbaycan milli musiqisinə rəqs etdirsinlər. Aşığımız da nə qədər «rus ayısı, rus ayısı, ha qadan alım, rus ayısı» oxuyursa, xeyri yoxdur. Rus ayısı «az qalır ki, üstümüzə tullana, netu, deyir, bizdə takoy meyxana».

Sanki Rusiya Azərbaycandan qazandığı pullarla daha çox maddi imkan əldə edib Ermənistana daha çox hərbi yardım göstərir. Yəni, dolayısı ilə Rusiyadan silah alan Azərbaycan Ermənistana hərbi yardım göstərilməsində iştirak etmiş olur
Fakt budur ki, Ayaz Mütəllibov hökuməti də daxil olmaqla, bütün Azərbaycan iqtidarları arasında indiki iqtidar ən rusiyapərəstidir.

RUSİYA AZƏRBAYCANIN PULU İLƏ ERMƏNİSTANA YARDIM EDİR

BMT Azərbaycan müstəqilliyini tanıyandan bəri bu ölkə heç vaxt indiki qədər Qərbdən uzaq, Rusiyaya yaxın olmayıb. Lap elə bu yaxınlarda Azərbaycan hökuməti dünyanın bütün əsas silah istehsalçılarını basa-basa gedib Rusiya ilə 300 milyon dollarlıq müqavilə bağladı və ondan C-300 havadan müdafiə kompleksi aldı. Həmin müqavilədən dərhal sonra isə Rusiya Ermənistanla məlum hərbi müqaviləni bağlayaraq o ölkəni əmin etdi ki, Azərbaycan o ölkəyə hücum eləyəsi deyil.

Azərbaycandakı siyasi ekspertlər maraqlı bir müşahidə etdilər: Sanki Rusiya Azərbaycandan qazandığı pullarla daha çox maddi imkan əldə edib Ermənistana daha çox hərbi yardım göstərir. Yəni, dolayısı ilə Rusiyadan silah alan Azərbaycan Ermənistana hərbi yardım göstərilməsində iştirak etmiş olur.

RUSİYANI QORXUDAN NƏDİR?

Medvedevin Bakıya indiki səfəri zamanı ortada çox ümidverici vədlər, bəyanatlar səsləndirilə bilər. Amma bütün bunlar, çətin ki, Rusiyanı Ermənistanı müdafiə etmək siyasətindən çəkindirsin. Hələ Azərbaycan müstəqil olmayanda, 1950-ci illərdə sonunda Azərbaycan dilinin dövlət dili elan olunması məsələsi Kremlə gedib çıxanda, o vaxtkı sovet lideri Nikita Xruşşov Azərbaycan kommunist rəhbərlərinin üstünə çığırıb demişdi ki, bilirəm siz nə istəyirsiniz – Türkiyə ilə yaxınlaşmaq, biz buna imkan verməyəcəyik! Bu söhbət olanda Azərbaycan müstəqil deyildi, Türkiyə ilə praktiki yaxınlıq qurması sadəcə olaraq qeyri-mümkün idi. Lakin Sovet rəhbərləri Azərbaycanın Türkiyə ilə yaxınlaşma təhlükəsini real hesab edirdilər və bu qorxunu dövlət rəhbəri səviyyəsində dilə gətirirdilər. Ondan da əvvəl – 1920-ci ildə isə Zəngəzuru Azərbaycandan alıb Ermənistana vermişdilər ki, Azərbaycanın əsas hissəsinin Türkiyə ilə ərazi bağlılığını qırsınlar.

İndi XXI əsrdir. Azərbaycanın Türkiyə ilə praktiki yaxınlıq imkanları ötən əsrin 20-ci, yaxud 50-ci illərdə olduğundan xeyli çoxdur. Əminliklə demək olar ki, indiki Rusiya rəhbərliyi də Azərbaycanı regionda potensial Türkiyə müttəfiqi kimi görür və deməli, bu dövləti Cənubi Qafqazdakı strateji maraqlarına real təhlükə kimi dəyərləndirir. Azərbaycan iqtidarı nə qədər Türkiyə hökuməti ilə qovğa etsə də, nə qədər rusiyapərəst siyasət aparsa da, Rusiya siyasi elitasında bu düşüncə tərzi dəyişən deyil. Bunu Heydər Əliyev başa düşürdü. Ona görə də Qərbin fundamental dəyərlərini bölüşməsə belə, Rusiyadan uzaq dururdu, Qərbə doğru addımlar atırdı. Yəqin indiki iqtidar da nə vaxtsa bu fikrə gələcək. Hələliksə aşıqları və meyxana deyənləri ortaya atıb rus ayısını oynatmağa çalışırıq.