Neft gəlirlərinin gətirdiyi bəla

Cari ilin gəlişi Azərbaycan üçün bir sıra problemlərlə yadda qaldı: qışda havalar ötən illərlə müqayisədə nisbətən soyuq keçdi, nəinki regionlar, hətta paytaxt Bakı və Abşeron yarlmadası da enerji böhranı ilə üzləşdilər, cənub və qərb bölgədəkilər isə bir-neçə dəfə güçlü küləyin həmləsindən sonra günlərlə elektrik enerjisi üzünə həsrət qalmalı oldular. Yazda daşqınlar Aran bölgəsinə sarsıdıcı ziyan vurdu, yayda isə anomal istilər yaşandı.

«ŞTATDANKƏNAR HADİSƏLƏR»


Ancaq bütün bu kimi «ştatdankənar hadisələr» Azərbaycan hökumətinin həmişəki əhval-ruhiyyəsinə təsir etmək güçündə olmadı. Ona görə ki, çöldə fəlakət olsa da, işəridə hökumətin kefi kökdür. Çünki dünyada maliyyə böhranı hələ də tüğyan etsə də, birjalarda neftin qiyməti əməlli-başlı yüksək həddədir və bunun nəticəsi kimi Azərbaycan hökumətini yenə də insan yaşayışının keyfiyyət baxımından yaxşılaşdırılması deyil, neftdən gələn gəlirlərin tələm-tələsik xərclənməsi düşündürür. Əks halda Neft Fondundan bu il təkcə budcəyə $7,3 milyard vəsaitin ayrılmasını necə izah etmək olar?

Bu pulların əsas mənimsəmə istiqaməri isə dövlət xətti ilə həyata keşirilən investisiya layihələridir. Yəni tikməkdir. Ancaq tikmək üçün gərək iqtisadi cəhətdən əsaslandırılmış layihə ortaya qoyasan. Bunun üçün isə azad düşüncəyə malik insanlarla işbirliyi gərəkdir. Hansı hökumət buna gedib, özündən sonra gələcək nəsillərə nəsə saxlaya bilib. Əks halda yediyini yeyib, yemədiyini də ona-buna bəxş edib. Tarix bunu artıq sübut edib.

Demək, dediyimiz iqtisadi cəhətdən əsaslandırılmış və cəmiyyət üçün son dərəcə zəruri olan layihəni təqdim edə biləcək qurumlar olmayanda gündəmə həqiqətən analoqu olmayan layihələr (Bakı buxtası üzərindən pullu körpü, Bakıdan Qazağa qiyməti 3,5 milyarda sürətli dəmiryolu, günaşırı dəyişdirilməsi tələb olunan bahalı bayraq, dövlət hesabına 15,5 min km məsafəyə uçacaq «Boeing – 787» təyyarələri sifariş etmək, 9 mərtəbəli «Amay» tipli ticarətsiz qalan obyektlər, şəhər tikililərini qaşımaq və sair) gəlir.

Dövlət Neft Fondunun son 5 ildə gəlirləri (min manatla):
2006985 938,7
2007 1 886 164,8
2008 11 864 700,0
2009 8 176 700,0
2010-nun I yarısında6 089 300,0 (illik 12 milyard manatdan çox olması güman edilir)

Azərbaycan isə yeni dövrə qədəm qoyur. Neft gəlirləri milyardlarladır (2008-ci ildə $14,4 milyard, 2009-cu ildə $10 milyarddan artıq, cari il üçün real olaraq $15 milyarddan artıq), yəni xərcləmək, özü də böyük həcmlərdə xərcləmək günün tələbinə çevrilir. Fikir verirsinizmi Azərbaycan hökümətinin iclaslarına: çıxış edənlərin hamısı xərclənən vəsaitlərdən danışır, elə hər il imzalanan yeni-yeni Dövlət Proqramlarında da 4-5 illik dövr üçün milyardlarla vəsaitin ayrılması əsas məsələ kimi ictimaiyyətə təqdim edilir.

NƏTİCƏ:

Bu gün sadə Azərbaycan vətəndaşının başlıca problemləri isə aşağıdakılardaır:

Yeni tikilən binaların illərlə qazsız qalması heç bir məmuru narahat etmir
- minimal tələbatını ödəmək üçün az qala «daşdan çıxan» çörək pulu qazanmaq (faktiki olaraq əhali təqaüd və müavinətlə yaşamaq iqtidarında deyil, özəl sektorun ticarət və xidmət sahəsində iş saatı bəzən 12 saatı da keçir, haqqı ödənilən 1 aylıq məziniyyət orta Azərbaycanlı üçün fövgəladə səadətdir, $15 milyardlıq budcəsi olan dövlətdə orta əməkhaqqı 300 manatdan bir qədər çox olsa da, hələ neçə faiz işləyənin bu məbləğdə rəsmi pul qazanması sirr olaraq qalmaqdadır);

- ölkədə tibbi xidmətlərin bahalığı ucbatından əksər əhalinin ondan istifadə etmək imkanı yoxdur, Azərbaycanda dərmanın qiyməti qonşu ölkələrlə müqayisədə bəzən dəfələrlə bahadır;

- dövlərin təhsil xərclərini 1,5 milyarda qədər qaldırmasına baxmayaraq, yenə də təhsildə rüşvət ən ağrılı problem kimi gündəmdədir, yuxarı sinif şagirdlərinin əksəriyyəti orta bilik əldə etmək üçün pullu repetitor xidmətlərindən istifadə etmək məcburiyyətindədirlər, Bakıda illik haqqı 8-10 min manata çatan özəl orta məktəblər fəaliyyətə başlayıblar, ölkədə müəllimlərin əməkhaqqı kasıb Gürcüstandan aşağıdır;

- qışda mənzillərin qızdırılması, yayda isə su problemi 2010-cu il Azərbaycan paytaxtının reallığıdır;

- korrupsiya artıq adiləşib, ona görə ki, dövlət onunla mübarizəni reallıqda dayandırıb (vəziyyət o dərəcəyə çatlb ki, Azərbaycan vətəndaşı Gürcüstana gedərkən yol polisinin nəvazişini və xidməti vəzifəsinə daxil olan hansısa təmənnasız köməyi görəndə az qalır «havalansın»);

- Bakı şəhərində yeni tikilən binaların illərlə qazsız qalması heç bir məmuru narahat etmir, ona görə ki, «qaz vurub qazan doldurmaq» məsəli məhz Odlar Diyarında aktualdır (dünyanın yəqin ki, heç bir qaz ölkəsində öz vətəndaşlarının qaz təminatı məsələsində Azərbaycandakı kimi problemlər yaşanılmır);

- Azərbaycanda qanunla ev tikmək nə qədər qəlizdirsə, qanunla ev yıxmaq (o cümlədən sökmək) bir o qədər sadədir (bunun üçün sadəcə sosial problemləri əks etdirən gündəlik TV süjetlərə baxmaq kifayətdir) və sair.

P.S. Əgər 100 il əvvəl «Molla Nəsrəddin»in yazdıqları bu gün də aktualdırsa, onda Azərbaycanın inkişafı nədədir?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir