49 illik hərbi saziş təhlükəlidir, yoxsa bir günlüyünə açılan sərhəd?

Tutaq ki, Türkiyə-Ermənistan sərhədi bir günlüyünə açıldı. Bu halda Azərbaycan hakimiyyətinin iki reaksiyası mümkündür:

Rusiya ilə Ermənistan arasında imzalanan hərbi anlaşmaya rəsmi Bakının münasibəti sərtliyi ilə seçilmədi. Uzaqbaşı onu dedilər ki, Azərbaycan torpaqlarını işğal edən dövlətlə imzalanan hərbi saziş Rusiyanın vasitəçiliyini şübhə altına ala bilər.

Ancaq iqtidar təmsilçilərindən heç kəs demədi ki, bu əməlinə görə, yəni Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsizliyini itirdiyi üçün Moskvanın vasitəçiliyindən imtina etmək lazımdır. Əksinə Rusiya prezidenti Dmitri Medvedevin sentyabrda Bakıya səfərini gözləməyi lazım bilənlər tapıldı. Sanki Medvedev Bakıda Ermənistanla imzaladığı sazişdən imtina edəcəkmiş və ya Gümrüdəki hərbi bazadakı silahların Ermənistanın xidmətində dayanmayacağını vəd verəcəkmiş.

ANKARANI ƏVVƏLCƏDƏN XƏBƏRDAR EDİRLƏR, KREMLƏ İSƏ SÖZLƏRİNİ SONRA DEYİRLƏR

Rusiyanın ünvanına ifadələrini seçməkdə diqqətli olan rəsmilərimiz söhbət Azərbaycanın strateji müttəfiqi Türkiyəyə gələndə isə sağa-sola açıqlamalar verməkdən çəkinmirlər. NATO sentyabrda Ermənistanda təlimlər keçirəcək və həmin təlimlərə yüklərin bir hissəsinin Türkiyə üzərindən daşınması planlaşdırılıb.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bununla bağlı olaraq fikrini çox qəti şəkildə ifadə edib: «Türkiyə Ermənistanla sərhədi nəinki birgünlük, hətta bir saatlıq da açmamalıdır».

HANSI TƏHLÜKƏLİDİR?

Mübariz Qurbanlı
Mübariz Qurbanlının fikrincə, bir günlük və ya bir saatlıq sərhədin açılması gələcəkdə davamlı hal ala bilər. Prezident Administrasiyasının ictimai-siyasət şöbəsinin müdiri Əli Həsənov da təxminən eyni mövqedən çıxış edib.

Türkiyə-Ermənistan sərhədinin açılmasının işğalçı rejiminin bir az daha əl-qolunun açılmasına imkan verəcəyini və bunun Ermənistanın danışıqlarda daha da qeyri-konstruktiv mövqeyə yuvarlanmasına səbəb olacağını deyən Əli Həsənov rəsmi Bakının mövqeyini Türkiyə rəsmilərinin diqqətinə çatdırıldığını vurğulayıb.

Görəsən, Azərbaycan üçün Ermənistanın müdafiəsini və bu dövlətə yeni silahların verilməsini təmin edən Rusiya ilə imzalanan saziş daha təhlükəlidir, yoxsa Türkiyə-Ermənistan sərhədinin bir günlüyə açılması?

Sülh danışıqlarında Ermənistanı qeyri-konstruktiv mövqeyə 49 illiyinə uzanan hərbi saziş yuvarlandırar, yoxsa bir günlüyünə açılan sərhəd?

Daha bir sual: Ermənistanla sərhədin bir günlüyünə açılmasını mənfi qarşılayacağını əvvəlcədən Türkiyə rəsmilərinin diqqətinə çatdıran rəsmi Bakı nədən imzalanacağı əvvəlcədən bəlli olan Rusiya-Ermənistan hərbi sazişinə mənfi münasibət bəslədiyini Kremlin diqqətinə çatdırmayıb?

RƏSMİ BAKININ SƏRHƏDİN AÇILMASINA REAKSİYASI NECƏ OLACAQ?


Göründüyü kimi, Türkiyə-Ermənistan sərhədinin bir günlüyünə açılması ehtimalı rəsmi Bakını daha çox narahat edib.

Təsadüfi deyil ki, Türkiyə prezidenti Abdulla Gülə Bakıdakı mətbuat konfransında ilk verilən sual məhz NATO təlimləri dolayısı ilə Ermənistanla sərhədin açılıb-acılmaması ilə bağlı idi.

Abdullah Gülün suala ümumi sözlərlə cavab verməsi və bir neçə gün sonra Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıçın müsahibəsində «Türkiyə-Ermənistan sərhədinin istisna hal kimi müvəqqəti olaraq açılması ehtiyat variant olaraq dəyərləndirilir» deməsi hər halda ondan xəbər verir ki, Ankara NATO təlimləri çərçivəsində Ermənistanla qısa müddətə sərhədi aça bilər.

İlham Əliyev Abdullah Gullə görüşür - 16 avqust 2010
Tutaq ki, Türkiyə-Ermənistan sərhədi bir günlüyünə açıldı.

RƏSMİ BAKI TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRƏ XƏLƏL GƏTİRƏN ADDIMLARDAN ÇƏKİNMƏLİDİR


Bu halda Azərbaycan hakimiyyətinin iki reaksiyası mümkündür: rəsmi Bakı ya Ankaranın bu qərarına sərt mövqe nümayiş etdirəcək, ya da soyuqqanlı davranaraq Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Türkiyə-Ermənistan sərhədinin açılmasının davamlı hala gəlməyəcəyinə dair açıqlama verəcək.

Sərt mövqe Türkiyə-Azərbaycan münasibətlərinin yenidən ötən ilki gərginliyə sürüklənməsi demək olacaq ki, bu da yalnız Rusiya ilə Ermənistanın maraqlarına uyğundur.

Onsuz da Azərbaycan artan Rusiya-Ermənistan hərbi tandeminə qarşı təklənib, üstəgəl tək strateji müttəfiqi olan Türkiyə ilə də münasibətləri gərginləşdirməyə rəvac versə, vəziyyətimiz daha ağırlaşacaq.

Odur ki, məntiqlə rəsmi Bakı Türkiyə ilə münasibətlərə xələl gətirən addımlardan çəkinməlidir. Ancaq bunun üçün məntiqin özünə üstünlük verilməlidir.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.