Mənzilləri genişləndirin!!!

Sevda İsmayıllı

Builki Mətbuat Bayramı gözəl bir xəbərlə yadda qaldı. Axır ki, ölkə prezidenti iyulun 22-də mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə sərəncam imzaladı.

ÜRƏKDƏ İMZALANAN SƏRƏNCAM...

Sizə bir sirr açımmı? Belə bir sərəncamı mən uzun illər öncə ürəyimdə imzalamışdım. Hər dəfə müxtəlif redaksiyalarda çalışan çarəsiz, evsiz-eşiksiz, aldığı ayın başına yetməyən həmkarlarımızı görəndə elə öz gəncliyimi xatırlayır, onlara necə kömək göstərməyin yollarını arayırdım. Hətta «Can Bakı»nın bir neçə sayını bu mövzuya həsr etdiyimizi xatırlayıram.

Bir dəfə dözməyib ürəyimdən keçənləri həmkarım Fərəh Sabirqızına açdım: «Kaş mənim imkanım olaydı, bütün evsiz jurnalistləri bir binada cəmləyə biləydim! Böyük bir bina tikdirərdim öz xərcimə, hamınıza orda mənzil verərdim. Ən əsası, ayrıca iş otağınız olardı. Uşaqlarınız ayrıca otaqda yatardılar...».

XOŞBƏXTLİK!!!


«Eh, ay Sevda xanım, - demişdi Fərəhciyim - kaş hamı sizin kimi ürəyiyumşaq olaydı. Bu işi etməli olanların heç yadına da düşmür jurnalistlərin halı. Nə qoyub, nə axtarırsınız?».

Oldu! Yada düşdü! Zərdabi günü evsiz-eşiksiz həmkarlarımız sevindilər! Ümidləndilər! Hərəkətləndilər! Yazıb-pozdular...
Nə gözəl! Mən də dincəldim. Ürəyimdə verdiyim sərəncam ölkə başçısı səviyyəsində açıqlandı.

Bir ay keçdi. Artıq yer seçmə başlanıb («Yeni Müsavat»). Bu ərazi Dövlət Neft Şirkətinindir. Ərizə yazılacaq. Sonra bina tikiləcək yer müəyyənləşəcək. Və daha bir əlavə bilgi: Bina 16 mərtəbəli olacaq. Bir bloklu inşa ediləcək. Hər mərtəbədə 4 və 5 mənzil olacaq. Bütün mənzillər 2 və 3 otaqlı olacaq. Sahəsi...2 otaqlı - 50, 3 otaqlılar isə 75 kv.m. olacaq...

NİYƏ BELƏ AZ?

Lap Sovetlərdəki kimi. Gir və allaha şükr edərək yaşa. Bəs jurnalistin kabineti olmasın? Yaradıcı adamın öz otağı olmalıdır axı. Üstəlik, yaxşı olmazdımı ki, bu otaqlar bir az geniş—heç olmasa, 100 kv.m. olaydı? İndi kim belə kiçik evlər tikir?

Cənablar! Lütfən, öz yaşadığınız mənzillərə baxın. Hələ villalara, dəbdəbəli malikanələrə, adı bəlli mülklərə, Elminin dırmaşdığı saraya demirəm...
İnsafınız olsun. Bəlkə də bu əsrdə yeganə olacaq əməlinizi niyə belə kiçildirsiniz?

MƏNZİLLƏRİ GENİŞLƏNDİRİN!

Bəs jurnalistin kabineti olmasın? Yaradıcı adamın öz otağı olmalıdır axı. Üstəlik, yaxşı olmazdımı ki, bu otaqlar bir az geniş—heç olmasa, 100 kv.m. olaydı? İndi kim belə kiçik evlər tikir?
Onların sonradan ev almaq imkanı olmayacaq. Bunu öz təcrübəmizə əsaslanaraq deyirəm. Nə qədər yüksək maaş alsa da, kənarda qonorarla işləsə də - Azərbaycan jurnalisti öz əməyinə mənzil sahibi ola bilməyəcək!

Bunun üçün o, gərək bütün ömrünü sərf etsin.

Yaxşı yeməsin, geyinməsin, dincəlməsin.

Arzularını ürəyində basdırsın! Bəlkə bu minvalla 20-30-40 ildən sonra əlində mənzilə yetəcək parası ola...20-30-40 ildən sonra isə çox gec olacaq, çox gec!
Odur ki, lütfən, mənzilləri genişləndirin, hətta ora bir kabinet də əlavə edin.

MƏN İSTƏYİRƏM Kİ...

Leylalar, Günellər, Ayxanlar, Humaylar, Gülnazlar, Fidanlar, Muradlar kirayə, şəraitsiz, nəm, daracaq evlərdə böyüməsinlər.

Onların öz otağı olsun.

Kompyuterlərini qoymağa öz küncləri olsun.

Yanına gələn dostunu öz otağında qarşılasın.

Uşaqlar gecələr ata-analarının mənzil həsrətli söhbətlərini eşidərək yuxlamasınlar.

Qoy gözütox böyüsünlər.

Bir yaşlı balaca Murad heç olmasa məktəbə gedəndə öz otağında yatsın.

Mən nə istəyirəm ki?

Onlara şəkli qəzetləri, saytları bəzəyən mülkləri verin- demirəm ki?..

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.