125 nəfər 500 min nəfərdən seçilsəydi

Hakimiyyət düşərgəsində seçki ilə bağlı siyasi vurnuxmalara, həyəcanlara, deyəsən son qoyuldu, hakim Yeni Azərbaycan Partiyası özünün deputatlığa namizədlərinin siyahısının artıq hazır olduğunu bəyan etdi.

Mətbuatda bu il «seçilməyəcək» deputatların «siyahısı» dərc olunandan sonra deputatlar az qala mətbuatı təzədən kəşf etmişdilər, geniş müsahibələr dərc edilir, heç kimin tanımadığı deputatlar gördükləri «işlər»dən o ki var bəhs edirdilər. Bu çıxışların fonunda namizədlərin siyahısının harada və necə hazırlanması ilə bağlı da müəyyən qənaətlər hasil oldu, belə demək olar ki, siyahı YAP-dan daha çox Prezident Administrasiyasının məhsuludur, yəqin bundan sonra həmişə Rusiya prezident aparatının daha geniş səlahiyyət və funksiyalara malik olmasından qibtə və həsədlə danışanlar özlərini daha rahat hiss edə bilərlər, çünki Prezident Administrasiyası artıq mübaliğəsiz demək olar ki, hakimiyyətin bütün qanadlarına nəzarət və rəhbərlik edir. Təbii ki, YAP bu detalı etiraf etmir və onun üstündən sükutla keçir, amma bu, ən azı ona görə həqiqətə bənzəyir ki, hakim partiyanın sədri prezidentdir və sözsüz ki, siyahının ən azı son variantı onunla razılaşdırılır.

«Bizim 500 min nəfər üzvümüz var» deyənlərin məntiqini başa düşmək istəyirik – 9 milyon bir tərəfə, heç olmasa, 500 min nəfər sizin üçün hansısa məna və dəyər kəsb edirmi?
Amma daha çox siyahının necə tutulması məsələsi böyük maraq kəsb edir, indiki şəraitdə bu, necə deyərlər, məlum məsələdir və artıq bundan bəhs etdik. Amma YAP-ın başqa iddiaları da var. Söhbət nədən gedir?

AZƏRBAYCANDA İLKİN SEÇKİ MEXANİZMİ NİYƏ TƏTBİQ OLUNMUR?

YAP-çılar iddia edir ki, onların 500 min üzvü var, bu insanların hamısı millət vəkili olmağa layiqdir, amma cəmi 125 nəfər deputat ola bilər.

Hələlik YAP-ın 500 min üzvünün olub – olmaması məsələsini bir tərəfə qoyaq və fərz edək ki, həqiqətən də belədir. Maraq kəsb edən başqa detaldır.

Bu 500 min nəfərin rəyi nəzərə alınıbmı? Əgər alınıbsa, bu, hansı mexanizm vasitəsilə həyata keçirilib? Bax, məsələnin qaranlıq tərəfi də elə budur.

Azərbaycanda seçkilərin necə keçirilməsi təcrübəsi hamıya məlumdur – seçkilər bir qayda olaraq saxtalaşdırılır, insanların seçmək və seçilmək hüququ pozulur. Hətta artıq indididən böyük ehtimalla demək olar ki, YAP-ın tərtib etdiyi siyahı seçkidə tam «təsdiqlənəcək», vur- tut beş - on mandatla bağlı səhv olacaq ki, bu da səhv deyil, hakim partiyanın böyük və kiçik müxalifət partiyalarına hədiyyəsidir. Qərəz, sözümüz budur ki, bu ölkədə milyon insan arasında demokratik seçki keçirilmir, heç olmasa, 500 min arasında bunu edərdilər.

Belə mexanizm artıq bir dəfə tətbiq olunub – 2000-ci ildə Müsavat Partiyası ilkin seçki keçirmişdi. Təbii ki, ideal deyildi, amma ilk cəhd idi.

YAP digər insanların seçki hüququnu tanımır, heç olmasa, özünün 500 min üzvünün seçki hüququnu tanısın.

17-18-Cİ ƏSRLƏRDƏYİK
Biz demokratiyanın səviyyəsinə görə onsuz da haradasa 17-18-ci əsrlərdəyik

Qədimdə seçki ilə bağlı müəyyən senzlər tətbiq etmək praktikası olub – seçicilərə və seçilmək istəyənlərə müəyyən şərtlər şamil edilib. Bu, çoxdan olub, amma nə etmək olar – biz demokratiyanın səviyyəsinə görə onsuz da haradasa 17-18-ci əsrlərdəyik.

Başqalarını seçməyə və seçilməyə qoymurlar, heç olmasa, özününküləri bu hüquqdan məhrum etməsinlər, öz sıralarında demokratik seçki keçirsinlər! Bunu da etmək çətindirmi? 125 nəfər bir neçə milyon deyil, hətta 500 min nəfərin sırasından demokratik yolla seçilsəydi buna da sevinmək olardı – heç olmasa, bilərdik ki, bu, indi olduğu kimi beş – on nəfərin seçimi deyil, 500 min nəfərin seçimidir. Amma belədirmi? Təbii ki, yox.

Hətta 500 min nəfəri də seçki prosesinə cəlb etməkdən ehtiyat edirlər. Təqdir etmədiyimiz və haqlı olaraq qınadığımız İranda seçki məhdud dairədə keçirilir, namizədlər əvvəlcə dini şura tərəfindən seçilir, ancaq bundan sonra ümumi seçkiyə buraxılır. Amma sonrakı prosesdə seçki saxtalaşdırılmır. Ümumiyyətlə, bülletenləri saxtalaşdırmaq, onları düzgün saymamaq təcrübəsi ən geridə qalmış, özünü əziyyətə salmaq istəməyən, cəmiyyətlə heç hesablaşmaq istəməyən məmurların idarə etdikləri ölkələrdə baş verir.

Tarixi təcrübədə demokratiyanın qismən mədhdudlaşdırılması praktikası olub və indi də var. Belə bir nümunələrdən birini qeyd etdik. Amma belə ölkələrdə hansısa siyasi partiyaların və ya namizədlərin seçkidə iştirakına yasaq qoyurlar, daha bülletenləri saxtalaşdırmır, onları sayanda «səhv» etmirlər.

Bütün bunları niyə deyirik? Biz irəliyə getməkdənsə, geri qaytmalıyıqmı? Yox, bir daha yox, bu, sadə bir ironiyadır! Sadəcə, «bizim 500 min nəfər üzvümüz var» deyənlərin məntiqini başa düşmək istəyirik – 9 milyon bir tərəfə, heç olmasa, 500 min nəfər sizin üçün hansısa məna və dəyər kəsb edirmi?