Yalanla yaşamağa necə öyrəşirlər?

Müəyyən bir əzici prosesdən sonra camaat yalanla yaşamağa öyrəşir, onu qəbul edir, ancaq bu rejimin bəyənilməsi deyil

İnsan qorxanda qorxusuna haqq qazandırmağa çalışır. Öz mövqeyinin bəsit qorxu deyil, yüksək ideyalar üzərində bərqərar olduğuna həm özünü, həm də başqalarını inandırmağa çalışır. Bu prosesi «Gücsüzlərin Gücü» əsərində Vatslav Havelin təsvir edəcəyindən daha dolğun təqdim edə bilməyəcəyimi nəzərə alıb, onun bu essesindən bir parçanın tərcüməsini diqqətinizə çatdırmaq istəyirəm.

MƏMURLAR KİFAYƏT QƏDƏR GÜCSÜZDÜRLƏR, SADƏCƏ...

Məşhur Çex dissidenti, Çexoslovakiya məxməri inqilabının lideri Vatslav Havel 1978-ci ildə «Gücsüzlərin Gücü» essesi ilə dünyaya səs saldı. «Post-totalitarlıq» terminini dünyaya təqdim edən Çex dissidenti yazırdı ki, müəyyən bir əzici prosesdən sonra camaat yalanla yaşamağa öyrəşir, onu qəbul edir, ancaq bu rejimin bəyənilməsi deyil. Bütün hallarda kök qorxuya dirənir. İnsanlara zülm edən məmurlara gəlincə, onlar da kifayət qədər gücsüzdürlər, sadəcə onların vintcikləri olduqları sistem bütöv halında iri bir gücə çevrilir və vətəndaşları əzir. Vatslav Havel bu əsəri Qərbdə «bəlkə kommunist tiraniyası yerli camaatın xoşuna gəlir, əks halda xalq etirazları olardı» deyənlərə cavab kimi yazmışdı. Beləliklə, sözü verək Vatslav Havelə:

Bu şüar dükançıya imkan verir ki, öz itaətinin alçaq bünövrəsini özündən gizlətsin. Eyni zamanda bu, hakimiyyətin alçaq bünövrəsini gizlətməyə imkan verir
KARTOF-SOĞANLA GƏLƏN ŞÜARLAR


«Meyvə-tərəvəz dükanının müdiri kartof-soğanın arasında öz pəncərəsinə belə bir şüar yapışdırır: «Bütün dünyanın proletarları, birləşin!» Görən, o, bunu niyə edir? O, dünyaya bununla nə demək istəyir? Doğrudanmı, o, dünya proletarlarının birləşməsi ideyası barədə bu qədər həvəslidir? Doğrudanmı, onun bu həvəsi o qədər güclüdür ki, onda qarşısı alınmaz bir impuls yaranır ki, bu ideyasını cəmiyyətə bəyan etsin? Doğrudanmı, o, vaxt ayırıb fikirləşib ki, bu cür birlik necə baş verə bilər və onun mənası nə olar?

Fikrimcə, əminliklə demək olar ki, dükan müdirlərinin çoxu öz pəncərələrinə vurduqları şüarlar barədə düşünmürlər və həmin şüarlarla onlar heç də öz fikirlərini ifadə etmirlər. Həmin o şüar baqqaliyyə dükanına ticarət idarəsindən kartof-soğanla birgə göndərilir. O da həmin şüarı pəncərəyə ona görə vurur ki, illər boyu bu iş belə görülmüşdür, çünki hamı belə edir və çünki belə də olmalıdır. Əgər o, buna etiraz etsə, problemlər yaşana bilərdi. Ona ilişərdilər ki, pəncərələr düzgün dekorasiya edilməyib, hətta kimsə onu loyal olmamaqda ittiham edə bilərdi. O, bunu edir, çünki həyatına davam etmək üçün bunu etməlidir. Bu, ona nisbətən sakit həyat, necə deyərlər, «cəmiyyətlə harmoniyada yaşamaq» təminatı verən minlərlə detaldan biridir.

AÇMASI: MƏN İTAƏT EDİRƏM

Təbii ki, dükançı nümayiş etdirdiyi şüarın semantikasına biganədir. O, həmin şüarı pəncərəsinə ona görə vurmur ki, cəmiyyəti öz fikirləri ilə tanış etsin. Lakin bu o demək deyil ki, onun bu hərəkətinin heç bir mənası, motivi yoxdur, yaxud o şüar heç kimə heç bir fikri çatdırmır. Əslində o şüar bir işarədir və onun üstüörtülü, lakin çox aydın bir mesajı var. O fikri sözlərlə belə ifadə etmək olar:

«Mən, dükançı XY, burada yaşayıram və bilirəm ki, mən nəyi etməliyəm. Mən özümü məndən gözlənildiyi kimi aparıram. Mənə inanmaq olar və mən tənqiddən uzağam. Mən itaət edirəm və buna görə də haqqım var ki, məni rahat buraxasınız».

Təbii ki, bu mesajın ünvanlandığı tərəf də var. Mesaj yuxarılara, dükançının müdiriyyətinə ünvanlanıb və eyni zamanda müəyyən mənada bir sipər rolunu oynayıb dükanda işləyəni potensial informatorlardan qoruyur. Buna görə də şüarın kökü möhkəm şəkildə dükançının varlığına söykənir. Şüar onun vacib mənafeyini əks etdirir. Lakin o vacib mənafe nədən ibarətdir?

DÜKANÇI VƏ MƏŞƏDİ İBAD


Gəlin belə bir qeyd edək: Əgər dükançıya desəydilər ki, təqribən belə bir şüarı nümayiş etdirsin – «mən qorxuram, ona görə də itaət edirəm» – o, həmin şüarın semantikasına indiki kimi biganə olmazdı, hərçənd ki, həmin halda şüar həqiqəti əks etdirmiş olacaqdı. Dükançı öz deqradasiyasını əks etdirən o birmənalı şüarı nümayiş etdirməkdən utanıb xəcalət çəkəcəkdi. Bu da təbiidir, çünki o insandır və insanlarda ləyaqət hissi olur. Bu çətinliyi aradan qaldırmaq üçün onun loyallıq hərəkətinin ifadə olunması elə bir formada olmalıdır ki, ən azı nümayiş etdirilən mətnin özü, üzdə də olsa, bir maraq ifadə etməyən ideya bağlılığını əks etdirsin. Bu, dükançıya imkan verməlidir ki, desin: «Dünyanın proletarlarının birləşməsində nə pis iş var ki?» Beləliklə, bu şüar dükançıya imkan verir ki, öz itaətinin alçaq bünövrəsini özündən gizlətsin. Eyni zamanda bu, hakimiyyətin alçaq bünövrəsini gizlətməyə imkan verir. Bu onlara imkan verir ki, böyük görünən nəyinsə fasadı arxasında gizlənsinlər. Həmin o «nəsə» ideologiyadır».

«Gücsüzlərin Gücü» essesi çox maraqlı bir əsərdir. Bu parça həmin əsərin kiçik bir parçasıdır. Onun 1978-ci ildə təsvir etdiyi «dükançını» tanımaq üçünsə uzağa getmək lazım deyil. Həmin bizim bu məşədi ibadlar...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.