Şıx-Əli Qurbanovu kim öldürdü?

Şıx-Əli Qurbanov
20-ci əsrin 25-ci ilinin 16 avqustunda Azərbaycanın 2 önəmli şəhərində -- Bakıda və Şəkidə iki ana oğul dünyaya gətirdi. Bəxtiyar və Şıx-Əli adlandırılan bu oğullar gələcəkdə Vətənin milli düşüncəsinin oyanmasında çox önəmli rol oynayacaqdılar. Biri görkəmli şair kimi uzun bir ömür yaşayacaq, hətta ölkəsinin müstəqilliyini də görəcək, o biri isə həm yazıçılıq, həm də vəzifə dolanbaclarıyla irəliləyərkən, cəmi 42 yaşında dünyayla vidalaşacaqdı...

Bazar günü efirə gedəcək «İz» proqramı birinciyə--Bəxtiyar Vahabzadəyə həsr olunduğundan, ikincini--Şıx-Əli Qurbanovu bu yazıda anmaq qərarına gəldik...

NüSRƏDDİN MÜƏLLİMİN TƏLƏBƏ YOLDAŞI...

Şıx-Əli Qurbanovu orta məktəbin aşağı siniflərindən tanıyırdım. Məsələ burasındadır ki, mənim Azərbaycan dili müəllimim, həm də məktəbimizin dərs hissə müdiri olan Nüsrəddin Mansurov Şıx-Əli müəllimlə Pedaqoji İnstitutda bir qrupda oxumuşdu. Və mən Nüsrəddin müəllimdən təkcə dilimizin qrammatikası barədə bilgilər yox, həm də həyat dərsləri alaraq böyüyürdüm. Onun dilindən Şıx-Əlinin adı düşmürdü. Adam da öz tələbə yoldaşını bu qədər sevər, ona bu dərəcədə tapınardımı? Ağızdolusu onun bədii istedadından, elmi uğurlarından, Vətən sevgisindən, müharibədə qazandığı medallardan danışardı. «O, bilirsiniz, necə oğuldur?!» --deyə təkrarlayırdı. Bakıya tətilə gedəndə, mütləq tələbə dostuna baş çəkər, qayıdarkən çoxlu söz sovqatı gətirərdi.

BAKI QOXULU MÜƏLLİMƏ

Onu da deyim ki, Nüsrəddin müəllimin həyat yoldaşı bakılı qızı -- Sonaxanımdı. Uşaqsız olsalar da, bir-birlərini çox sevən, baş-başa verib çalışan bu cütlük hamımızın sevimlisiydi. Məktəbimizin rus dili müəllimi olan Sonaxanım ömür yoldaşıyla hər tətildə Bakıya--ailəsinə baş çəkməyə gedərdi. Biz uşaqlar da onların gəlişini səbirsizliklə gözlərdik. Qayıdarkən müəllimlərimiz həm dostlarından, həm də əlçatmaz Bakıdan uzun-uzadı danışardılar. Şəhərin gözəlliyindən, tarixi məkanlarından, teatrlarından söz açardılar. Və bir də Sonaxanımdan həmişə Bakı qoxusu gələrdi. Bu nə ətir idi bilmirəm, amma uzaq kənddə yaşayan bir qızcığaz üçün bu yeniliyin, bilinməzliyin, can atdığı sirli həyatın qoxusu olmalıydı.

«MİLYONÇUNUN DİLƏNÇİ OĞLU»...

Və günlərin birində müəllimimizin tələbə yoldaşının adı qəzetlərdə, radioda, televiziyada sıx-sıx hallanmağa başladı. Musiqili Komediya Teatrının ən baxımlı tamaşalarından olan «Milyonçunun dilənçi oğlu» operettasının libretto müəllifi kimi. Beləcə, Şıx-Əli müəllim get-gedə bizim də əziz adamımıza çevrilməyə başladı. Günlərin birində Nüsrəddin müəllim sevinə-sevinə onun Mərkəzi Komitənin ideoloji işlər üzrə katibi vəzifəsinə irəli çəkildiyini bildirdi.

1967-Cİ İLİN NOVRUZU...

Bu Novruz heç əvvəlkilərə bənzəmirdi.

Bu nə möcüzə idi?

İndiyədək qorxa-qorxa keçirdiyimiz bu əziz bayram birdən-birə dünyaya açılmışdı. Qəzetlər, TV, radio bayramın təbliğatçısına çevrilmişdi. Televiziyadan Bahar qız, Novruz baba, Keçəl, Kosa boylanırdı. Bahar qız hətta faytonda Bakını gəzirdi, Qız qalasının önündə dayanırdı. Camaat xoşbəxtcəsinə onu seyr edirdi.

Hər şey ağlasığmaz idi.

Mən uşaqlıqda Novruzda yandırılan tonqalların söndürüldüyünün dəfələrlə şahidi olmuşdum.

Ona baxa-baxa bu bayramın hökumətin deyil, bizim olduğunu içimdə qətiləşdirmişdim.

Odur ki, bu ilin Novruzu qəlbimə əbədi köçdü.

Şıx-Əli Qurbanovun adıyla birgə.

Hamı deyirdi ki, Novruzun belə azad keçirilməsinin səbəbkarı odur.

Qaldı Nüsrəddin müəllimə, onun nə qədər qürrələndiyini deməyə gərək varmı?

1967-Cİ İLİN MAYI...

Şıx-Əli Qurbanovu öldürdülər! Bu xəbər bizə çatanda, mən 7-ci sinfi bitirirdim--mayın 24-ü idi. Xəbər elə belə də camaat arasında yayıldı. Qəzetlərdə çıxan rəsmi versiya--onun dişinin, nə bilim, hansısa şok yaratması heç kəsin ağlına batmadı.

Hamı bu fikrə gəlmişdi ki, onu öldürüblər. Onu milli oyanışa xidmət etdiyinə, lap elə Novruza görə məhv ediblər.

Qəzetlər Şıx-Əli müəllimin iri şəkillərini, bioqrafiyasını, ölümün ekspertiza rəyini, nekroloqları səhifə-səhifə tirajlayırdı. Amma orda yazılanlara heç kəs inanmırdı.

İnanmasam da, mən o qəzetin birində -- «Kommunist» qəzetində çıxan yazıları Şıx-Əli müəllimin iri şəkliylə birgə illərlə dəftər-kitablarımın arasında qoruyub saxladım. Üç il sonra onu özümlə Şıx-Əli müəllimin Bakısına da gətirdim...

67-ci ilin qəmli mayı isə yaddaşıma əbədi köçdü. Adətən, yasəmənlərlə, qızılgüllərlə süslənən mayın son məktəb günləri də çox soyuq, təntənəsiz bitdi.
Nüsrəddin müəllimin nələr çəkdiyini deməyə gərək varmı?

BİR HƏYAT İTİRDİK BİR DİŞİN ÜSTƏ...

Ölümündən həmən sonra «N.H» imzalı şairə mənsubluğu bildirilən bir şeir dillərdə dolaşmağa başladı. Şeir onun ölümünə səbəb olan diş həkiminə müraciətlə yazılmışdı:

Bir həyat itirdik bir dişin üstə,
Tutsun bu nifrətim, bu dərdim səni.
Tapsaydım, çeynərdim lap dişim üstə--
32 yerə bölərdim səni...

Yaddaşımda qalan daha bir misra:

Biz Nərimanovu 25-də,
67-də itirdik bir də...

Və daha biri:

Aman! Bu sözümü bir duya bilin,
Fəxri Xiyabanmı son təsəllimiz?
Ağıllı başları qoruya bilin,
Zərərli başların əvəzinə siz!

AĞILLI BAŞLARI QORUYA BİLİN?!

Üstündən az qala yarım əsr keçib. Nə dəyişib?

Biz ağıllı başlarımızı qoruya bilirikmi?

Yoxsa əksinə, onların məhvinə çalışırıq?

Yerli-yersiz, onların qəlbini qırırıq. Ölümə bir az da yaxınlaşdırırıq.

ŞIXƏLİ QURBANOVU KİM ÖLDÜRDÜ?

Bir adammı? Quruluşmu? Bəlkə rəhmətlik İsmayıl Şıxlı demiş, «sapı özümüzdən olanlar»?

Sizdən soruşuram -- 42 yaşın tamamında o böyük ürəkli kişini -- neçə-neçə əsərlər, şeirlər, mahnılar müəllifini, üstəlik, Mərkəzi Komitənin katibini kim öldürə bilərdi?

Bu sualı sizə 1967-ci ilin mayında əlində yasəməni, qızılgülü solmuş məktəbli qızcığaz vermir.

Dərddən dəliyə dönən sevimli müəllimlərini ovundurmaq üçün söz tapa bilməyən zəif qızcığaz demir...

Onu kim öldürdü?

43 ildir ki, bu sualın cavabını gözləyirəm...

Yoxsa məzuniyyətimi bir yana qoyub, Şıx-Əli müəllimin avqustun 16-da tamamlanacaq 85 yaşını, heç olmasa, bir yazı ilə yad edim-- deyərdimmi?..