Bir ölkədə ki insanları hətta ciblərindən çıxacaq pulun miqdarı belə maraqlandırmırsa, onda hansı siyasi fəallıqdan və seçici şüurundan danışmaq olar?
Azərbaycanda seçicilər üçün seçki adətən bir gün, hakim partiya üçün bir neçə ay, müxalifət üçün isə uzağı bir il olur. Kənar ölkələrdə isə bütün digər məsələlərdə olduğu kimi bu məsələlərdə də fərqli mənzərə hökm sürür – seçici seçki ilə bir neçə ay, hakimiyyət və müxalifət isə bütöv seçki dövrü qədər maraqlanır və məşğul olur. Normal ölkələrdə seçki siyasətçilərin əsas məşğuliyyətidir. Amma burada seçki vaxtı hamı bir qayda olaraq özünün yaratdığı problemləri həll etməklə məşğuldur: müxalifət seçkinin lap əvvəlində birlik formullarının axtarışını seçkinin və özünün əsas problemi kimi ortaya qoyur və bütün seçki dövründə həmin problemin uğursuz və ləng həlli ilə məşğul olur. Hakimiyyət seçkiarası dövrdəki repressiyalarının nəticələrini nisbətən yumşaltmağa çalışır və bundan seçkinin nəticələri ilə bağlı siyasi dividentlər götürməyə cəhd edir. Seçicilər isə öz biganəlikləri ucbatından dözülməz vəziyyətə gətirib çıxardıqları hakimiyyətin heç bir tələb və təsir olmadan demokratik seçki keçirəcəyinə növbəti dəfə inanaraq ya bir günlüyə seçki ilə maraqlanır, ya da heç maraqlanmır. Bəzən ölkədə seçkiyə böyük marağın olmamasını başqa ölkələrdəki vəziyyətlə müqayisə edirlər, amma bu, hədsiz dərəcədə qüsurlu müqayisədir. Əgər hakimiyyətin fəaliyyəti çox ciddi, işlək və demokratik konstitusiya ilə məhduddursa, konstitusionalizm və qanunçuluq cəmiyyətdə tam təsdiqini tapıbsa, onda kimin hakimiyyətdə olmasının o qədər də əhəmiyyəti yoxdur, çünki burada söhbət uzağı vergilərin artırılıb- azaldılmasından gedə bilər və bu halda seçki ilə maraqlanmamaq da olar. Hərçənd ki, buna rəğmən biz normal ölkələrdə seçkilərə kafi qədər marağın olduğunu görürük, əks halda, yəni həmin ölkələrdə seçicilərin fəallığı ümumiyyətlə olmasaydı və ya çox zəif olsaydı, seçkilər heç baş tutmazdı da, amma hamımız təcrübədən bilirik ki, demokratik ölkələrin hamısında istisnasız olaraq bütün hakimiyyət strukturları seçki yolu ilə formalaşır, deməli seçkidə iştirak edənlərin sayı dəyişsə də, hər halda insanlar seçki ilə maraqlanır və seçkiyə gəlirlər. Bəs Azərbaycanda vəziyyət necədir?
MENTALİTETƏ DAHA ÇOX İSTİNAD EDİLİR, NƏİNKİ KONSTİTUSİYAKonstitusiya Azərbaycanda bir o qədər də «mod»da deyil, baxmayaraq ki, o, zahirən kifayət qədər institutlaşıb, hətta ölkədə Konstitusiya Məhkəməsi də fəaliyyət göstərir. Amma ölkənin hakim zümrəsinin fəaliyyəti konstitusiya ilə məhdudlaşmır, onlar hərəkətlərində, çıxışlarında milli mentalitetə və milli «dəyərlər»ə daha çox istinad edirlər, nəinki konstitusiyaya.
Təbii ki, bu, o demək deyil ki, onların istisnasız olaraq hamısı gündəlik fəaliyyətlərində və davranışlarında hansısa formada milli mentalitetin və milli «dəyərlərin» qoyduğu sərt məhdudiyyətlərə əməl edirlər – hətta belə olsaydı belə, bunu alqışlamaq olardı, çünki ingilislər demişkən, istənilən qayda qaydasızlıqdan yaxşıdır. Mili mentalitet və milli dəyərlər onlara siyasi sipər kimi lazımdır. Məsələn, hakim dairənin nümayəndələri tez-tez deyir ki, Avropa dəyərləri bizə yaddır, bizim öz dəyərlərimiz var. Bəs görəsən Ali Qanunda hansı dəyərlər təsbit olunub? Avropa dəyərləri, yoxsa bizim milli dəyərlər? Bəlkə prezident institutu «milli» dəyərdir? Bəlkə parlament, bəlkə bələdiyyə? Axı konstitusiyada təsbit olunan dəyərlərin hamısı bu hakim dairənin həqarətlə «Avropa dəyərləri» adlandırdığı dəyərlərdir. Onda belə çıxır ki, heç konstitusiya da milli deyil, onu nəzərə almamaq da olar – etiraf edək ki, hakim partiya təcrübədə məhz belə də edir, insanların konstitusion hüquq və azadlıqları hər addım başı pozulur. Elə bu səbəbdən bu ölkədə insanlar seçki ilə daha çox maraqlanmalıdırlar, çünki onların hüquq və azadlıqlarını təmin edəcək dayanıqlı konstitusion prinsiplər yoxdur, onları idarə edənlərin heç yadına da düşmür ki, bu idarəçilik hansısa formada konstitusiya ilə məhdudlaşır.
VERGİ VERƏN MƏRD OLAR, VERMƏYƏN...Hər şey mahnıdakı kimi sadə olsaydı nə vardı ki? B.Franklin deyirdi ki, vergi və ölüm labüddür. Bu, onun təsəvvüründə vətəndaşlıq borcunu aşılayan prinsip idi. Amma elə ölkələr var ki, orada vergi tamam başqa mənada – ağırlıq və dözülməzlik mənasında ölümlə assosiasiya yaradır. Azərbaycanda vergilər hətta parlamentin də nəzarətindən çıxıb, tamamilə hökumətin yurisdiksiyasına verilib, hökumət istədiyi qədər və istədiyi vaxt onu artırır və azaldır. Bəlkə buna görə parlament seçkinə maraq azdır? Guya prezident seçkisinə maraq böyükdür? İnanın, bəlkə heç çoxları bilmir ki, vergini kim müəyyənləşdirir – parlament, yoxsa hökumət? Bir ölkədə ki insanları hətta ciblərindən çıxacaq pulun miqdarı belə maraqlandırmırsa, onda hansı siyasi fəallıqdan və seçici şüurundan danışmaq olar?