İt dondurması

Adı çox gözəldir, deyilmi?

Başlığı yox, dondurmanı deyirəm.

«Marojna»nı sözlüyünüzdən çıxarın. Dilinizi dondurmaya kökləyin. Özü də, 1 avqust -- Azərbaycan dili günü ərəfəsidir, axı...
Zarafat bir yana, yazının başlığına fikir verməyin, dondurma sözünü çox bəyənirəm. Dadı da gözəldir, adı da. Dondurma yayın rəmzidir, deyilmi? Yay onsuz təsəvvür olunmaz. Adamı sərinləşdirir, kefini kökəldir.

YA DONDURMA YE, YA DA SEVGİLİNLƏ OL— EYNİ ŞEYDİR?!

Hətta son araşdırmalara görə, dondurma xoşbəxlik mənbəyi - antidepressantdır. Həmin araşdırmaya inansaq, dondurma yeyən adam sevdiyi musiqini dinləyən, kompliment eşidən, sevgilisi ilə görüşən şəxs qədər xoş duyğular yaşayır.

DONDURMA QAYĞISIZ İLLƏRƏ APARIR...

Britaniya alimlərinin fikrincə, şokoladlı dondurma adamda daha yüksək əhval oyadır. Nədən? Axı şokolad özü də xoşbəxtlik hormonu yaradır, ondan. Düzünə qalsa, dondurmanın söylədiyim özəlliyini onun tərkibinə deyil, yeyildiyi zaman insanın keçirdiyi hisslərə bağlayanlar da var. Guya dondurma yeyən adam uşaqlığına qayıdır, atalı-analı günlərini xatırlayır...Və onda xoşbəxt zamanlarının duyğuları baş qaldırır.

Ağlabatandır, deyilmi? Onu da bilirəm ki, dondurma barədə bu sözləri oxuyarkən fikriniz başlığa ilişib qalıb.

İT DONDURMASI ARTIQ GERÇƏKLİKDİR!

Məsələ burasındadır ki, ötən ay iyulun axırlarında it dondurmasının Londonda satışa çıxarılacağı xəbəri yayılmışdı. Bu zaman Belçika itləri artıq xeyli vaxt idi ki, dondurmanın dadını çıxarırdılar. Qiyməti? 6 öyünü (porsiyası) 5 avroya!

Londonda hələ yayın başlanğıcında istilər başlayanda, heyvan hüquqlarının müdafiəçiləri şəhər parklarında itləri günvurmadan qorumaq üçün pulsuz dondurma paylamışdılar. 2 növdə - biri toyuq dadı verirmiş, o biri isə ingilis peçenyesinin tamını.
Bilirəm, ürəyinizdən nə keçir. Üstünü vurmayın.

İTLƏR DƏ DONDURMA SEVİRMİŞLƏR!

Hə, deyilənə görə, itlər də eynən bizim kimi dondurmanı xoşlayıblar. Daha bilmirəm, bu onlarda depressiyanı azaldacaqmı, əsəbləri sakitləşdirəcəkmi? (Əsəbi sakit it kimə lazımdır? Onda o it olmaz ki?)

Hə, deyilənə görə, itlər də eynən bizim kimi dondurmanı xoşlayıblar. Daha bilmirəm, bu onlarda depressiyanı azaldacaqmı, əsəbləri sakitləşdirəcəkmi? (Əsəbi sakit it kimə lazımdır? Onda o it olmaz ki?)
Bir şey yəqindir ki, hələ dondurma yemək itləri qayğısız illərə aparmaq kimi hislər yaşatmayacaq. Çünki onlar bu işə təzə başlayıblar. Gərək bir neçə il keçsin, dondurma yeyən indiki küçüklər böyüsün, it olsunlar. O vaxt dondurma onlarda bizdəki duyğuları oyadacaq...

AY KİŞİ, YEMƏ!

O gün marketdə alış-veriş edirdim. Bir ahıl kişi dondurma qutusunun ağzını açıb ləzzətlə seçim edirdi. Əlini birinə uzatdı, qiymətini soruşdu, 60 qəpikdir-dedilər, tez yerinə qoydu. Satıcı ürəklə «40 qəpikliyi də var» dedi. «Elə isə, gəl göstər, hansıdır»—cavabı gəldi...

- Ay kişi, yemə!-demək istədim. Deyəmmədim. Amma alıcı və satıcıya elə baxdım ki, ikisi də geri qanrılıb təəccüblə məni süzdülər. Ürəyimdəki söz az qala pırtlayıb bayıra çıxmışdı.

- Ay kişi, ay kasıb kişi, alma onu, yemə!

- Ölkənin dondurma bazarında nələr olub bitdiyindən xəbərin yoxdurmu - demək istədim.

- Məhv edilən tonlarla dondurmanın aqibətindən soraq almamısanmı - sualı keçdi ürəyimdən.

- Tutulanlardan, vaxtı keçmiş malların üstünün silinməsindən xəbərsizsənmi - sözləri keçdi içimdən.

- Üstəlik, dükanı süzüb, içilən suların, saxta duzların nələr törətdiyini bilmirsənmi - qışqırmaq istədim.

Deyəmmədim...

İTLƏRİN KEFİ 99 VURACAQ...

Hə, it dondurmaları xüsusi furqonlu avtomobildə satılacaq. Adı da K 99 olacaq. Yəni itlərin kefi 99 vuracaq!

Bir də, ən gülməlisini deyim - toyuq və ya donuz əti tamı verən dondurma üstü biskvitli sümüklə örtüləcək. Yəni itlər dondurma yeyərkən də sevimli sümüklərindən ayrı düşməyəcəklər.

Bax, onda xəyallar da olacaq!

Xoşbəxt zamanların duyğuları da!

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.