Siyasi islahatlar niyə ləngiyir?

Hüseynbala Səlimov

Prinsipcə, heç nə səbəbsiz olmur, o cümlədən də siyasi hadisələr. Amma bəri başdan qeyd edək ki, burada, bəlkə də, «əsas» sözünü yazmaq daha düzgün olardı, çünki siyasətdə bir qayda olaraq hər hansı hadisənin baş verməsini və yaxud verməməsini əsaslandırmaq üçün səbəblərdən daha çox «əsas»lar gətirilir – səbəblər siyasətçilərin ifasında və leksikonunda obyektiv və subyektiv səbəblərə bölünür ki, bunların da hansının daha düzgün olduğunu aydınlaşdırmaq hamıya nəsib olmur. Ölkədə islahatlar, xüsusən də siyasi islahatlar niyə ləngiyir? Niyə bu qədər müxtəlif və daimi səylərə baxmayaraq, siyasi həyatda ancaq geriləmə müşahidə olunur?

KEÇİD DÖVRÜ BİTMƏYİBMİ?


İlham Əliyev bir dəfə çıxışında dedi ki, ölkədə keçid dövrü artıq bitib. Keçid dövrü isə həm iqtisadi, həm də siyasi sahəni əhatə etməli idi. Əgər keçid dövrü bitibsə, bu, o deməkdir ki, iqtisadiyyatın və siyasətin yeni sistemə keçidi üçün zəruri olan institusional islahatlar aparlıb, müvafiq qanunlar qəbul edilib, özəlləşdirmə həyata keçirilib, hakimiyyət bölgüsü təsbit olunub, müstəqil məhkəmə hakimiyyəti və qanunvericilik orqanı yaradılıb və ölkə artıq yeni siyasi – iqtisadi sistemdə yaşayır. Amma bütün bunlar nə dərəcədə realdır? Keçid dövrünün müəyyən nəticələri olmalı idi – ölkədə «orta sinif» formalaşmalı və
Almaniyanın kansleri A.Merkel dedi ki, demokratiyasız modernləşmə olmur. Güman ki, bu irad Azərbaycana da aiddir, çünki siyasət, hüquq və idarəetmə baxımından bu ölkədə orijinal heç nə yoxdur, hamısı Rusiyanın uğursuz «surəti»dir
çoxpartiyalı siyasi sistem yaranmalı idi.

Bu gün tam əminliklə demək olar ki, bu iki meyarın hər ikisi ilə bağlı çox ciddi problemlər var - «orta sinif» yoxdur, əllidən çox siyasi partiyanın qeydə alınması isə reallıqda nə siyasi plüralizmə, nə də çoxpartiyalılığa dəlalət etmir. Ölkədəki iqtisadi və siyasi sistem sanki bir-birini «tamamlayır», sərvət bölgüsündə o qədər əhəmiyyətli yer tutmayan xırda sahibkarlıq kimi hakimiyyət bölügüsündə heç biri payı olmayan, siyasətə real təsiri olmayan və hakimiyyətdə təmsil olunmayan xırda partiyalar ölkəni bürüyüb. Amma yenə də iqtisadiyyatda nəsə var. Siyasətdə tamam «səhralıq»dır, «səhra»da isə ancaq xırda kollar bitir – Azərbaycanın xırda partiyaları kimi.

SİYASİ İSLAHATLARLA BAĞLI İLHAM ƏLİYEVİN ARQUMENTİ

Bu yaxınlarda İlham Əliyev dedi ki, siyasi islahatlar heç vaxt iqtisadi iqtisadi islahatları ötməməli, sürət baxımından onları keçməməlidir, əvvəlcə iqtisadi islahatlar, daha sonra isə siyasi islahatlar aparılmalıdır. Bəli, bazar iqtisadiyyatına malik olan ölkələrin sayı demokratik ölkələrdən çoxdur – ölkələrin heç də hamısında hələ demokratik və plüralist siyasi sistem formalaşmayıb. Amma Azərbaycanda normal iqtisadi sistemin də formalaşmasını sübut edən ciddi dəlillər yoxdur – təbii sərvətlərin satışı əsasında formalaşan iqtisadi sistemin yaratdığı dirçəliş effekti müvəqqəti xarakter daşıyır, büdcə indi əsasən neftdən gələn gəlirlər hesabına örtülür.

Bəli, istənilən nəzəriyyəçi deyə bilər ki, demokratik siyasi sistemin iqtisadi bazisi olmalıdır. Amma bu gün ölkədə azad iqtisadi zümrə və yaxud sinif formalaşıbmı?

Hətta qonşu Gürcüstanda belə iqtisadiyyat Azərbaycan iqtisadiyyatından qat – qat şəffafdır. Orada milyonçular, multi – milyonçular, milyardçılar formalaşıb və bu proses aşkar xarakter daşıyır. Azərbaycanda isə ancaq xaricədə yaşayan və bilavasitə ölkəyə heç bir dəxli olmayan azərbaycanlıların sərvətindən danışmaq dəbdədir. Bu isə ancaq olsa – olsa qürur yarada bilər, ölkənin iqtisadi inkişafına onların heç bir dəxli yoxdur.

MODERNLƏŞMƏ DEMOKRATİKLƏŞMƏNİ NƏZƏRDƏ TUTMURMU?

İndi bir siyasi dəb yaranıb. Rusiyada hər hansı bir ideoloji tezis meyadana çıxırsa dərhal onu Azərbaycanda dövriyyəyə buraxırlar. «Məsuliyyətli demokratiya», «suveren demokratiya», «effektiv dövlətçilik» - bütün bunlar son illərdə Azərbaycanda geniş istifadə olunan ideoloji tezislərin heç də tam siyahısı deyil. İndi təzə bir «ideoloji ustanovka» meydana çıxıb – modernləşmə, hökumət adamları öz çıxışlarında, yazılarında, yeri gəldi – gədmədi, bundan geniş istifadə edirlər. Amma bu yaxınlarda Rusiyaya səfər edən Almaniyanın kansleri A.Merkel dedi ki, demokratiyasız modernləşmə olmur. Güman ki, bu irad Azərbaycana da aiddir, çünki siyasət, hüquq və idarəetmə baxımından bu ölkədə orijinal heç nə yoxdur, hamısı Rusiyanın uğursuz «surəti»dir.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.