Radikallar

Təqribən on il əvvəl Erix Maria Remarkın maraqlı bir əsərini oxumuşdum – «Üç dost». Kitab birinci və ikinci dünya müharibələri arasındakı dövrdə hər cür çətinliklərdən keçən Almaniyada insanların üzləşdikləri sınaqları ətraflı təsvir edirdi. Adi vaxtlarda normal əxlaq, davranış və temperament sahibi olan insanlar çətinliklər artdıqca... dəyişirdilər, bəzən sınırdılar.

ONLAR DANİMARKADA DOĞULUB YAŞASAYDILAR…

Bir neçə il öncə isə dostlarımdan biri Azərbaycanda konyukturaya qulluq edən adamlardan birinə maraqlı bir ad – «şərti əxlaqlı adam» adı verməklə həmin kitabı bir daha yadıma saldı. O deyirdi ki, Azərbaycanda bir xeyli adam şərti olaraq əxlaqlı, vicdanlı adamlardır. Bir çox adamları nümunə gətirərək iddia edirdi ki, o şəxslər, məsələn, Danimarkada anadan olub, orada da yaşasaydılar çox dürüst, vicdanlı, işgüzar və cəmiyyətə faydalı vətəndaşlar olardılar.

Azərbaycan siyasi spektri hazırda nə sağdadır, nə solda. Bütövlükdə cəmiyyət öz yolunu azmış kimi görünür. Cəmiyyəti saxlayan heç bir müsbət dəyərə ciddi münasibət müşahidə olunmur
«HAKİMİYYƏTƏ GƏLİN, SİZİ DƏ BELƏ QORUYAQ»


Fəqət Azərbaycan bambaşqa məkandır. Bu ölkədə vicdanlı olmağın, əxlaqlı yaşamağın bir bədəli var. Hər kəs bu bədəli ödəyə bilmir və bir çoxu cəmiyyətə hakim kəsilən konyukturaya boyun əyir. Belə adamları tanımaq çətin deyil. Televizorda dili topuq vura-vura yaltaqlanan adamlardır onlar. Yaxud qəzet səhifələrində avtoritarizmi müdafiə etmək üçün ümummilli məsələləri, bəzən hətta fəlsəfi məsələləri üzlərinə tutub öz mövqelərini qorumağa cəhd edənlərdir belə adamlar. Gündəlik həyatda isə belələri «insaflı rüşvət» alanlardır, «hakimiyyətə gəlin, sizi də belə qoruyaq», deyə-deyə demokratik düşüncəli insanları mitinqlər vaxtı həbs edən polis işçiləridir, «mənlik deyil, bacarırsansa, yuxarılarla özün danış» deyib qərar vermək məsuliyyətini öz çiyinlərindən atan çinovniklərdir. Bu adamlar sanki öz hazırkı mövqelərini öz içlərində hələ də var olan əxlaq kompası ilə barışdırmağa cəhd edirlər.

KONFORMİST ÇOXLUQ VƏ RADİKAL AZLIQ

Şərti əxlaqlılıq cəmiyyətimizi xəstələndirən problemin yalnız bir hissəsidir. Problemin əhəmiyyətli hissəsi cəmiyyətdəki konformist əksəriyyətlə radikal azlığın təmaslarıdır. Əxlaq pozuntularının adi həyat normasına çevrildiyi bu ölkədə radikal bir azlıq var ki, şeyləri öz adı ilə çağırır. Onlara hər cür epitetlər qoşurlar. «Bolşevik», «dağıdıcı», «tərbiyəsiz», «böyük-kiçik yerini bilməyən» adlandırılan bu adamlar ölkəni qaniçən inqilaba sürükləməkdə ittiham olunurlar. Ancaq məhz bu adamların boynuna belə bir yük düşüb ki, indiki Azərbaycan cəmiyyətini düşdüyü bataqlıqdan çıxarsınlar. Onlar özlərini «əyri güzgülər krallığında» anlayışları qaytarıb yerinə qoymaq istəyənlər kimi görürlər və nə vaxtsa cəmiyyət onların arxasınca getsə, Azərbaycanda rüşvətxorluq, yerlibazlıq, ədalətsizlik, oğurluq, yaltaqlıq, saxtakarlıq, qorxaqlıq və s. bu kimi hallar cəmiyyətin adi həyat norması olmayacaqlar. Hələliksə...

AMERİKANIN SAĞI-SOLU…

Radikalların cəmiyyətdəki rolunu görmək üçün ABŞ siyasi tarixi çox maraqlı nümunələr verir. Sabit demokratik siyasi sistemdə sol və sağda radikal qütblər közərsə də, cəmiyyət adətən «mainstream» – orta yol deyilən bir xətt üzrə gedir. Lakin bəzən cəmiyyət bütövlükdə həddən ziyadə ya sağa, ya da sola meyl edir. Məsələn, Con Kennedinin qətlindən sonrakı dövrdə ABŞ cəmiyyəti bütövlükdə solda idi və hətta respublikaçı müxalifət də solçu dəyərlərə birbaşa hücum etməyə cəsarət etməyərək sağa doğru ürkək meyllənmələr edirdi. Con Kennedinin özü isə hakimiyyətə radikal solçu kimi gəlmişdi çünki ondan əvvəlki siyasi mühit bütövlükdə mühafizəkar idi. Ronald Reyqanın dövründə isə əksinə, Amerika siyasi sistemi bütövlükdə sağa meyllənmişdi. Reyqanın özü isə həmin o meyllənməni mümkün etmiş radikal idi. Həmin dövrdə Barak Obama tipli demokrat heç demokratların öz arasında dəstək tapa bilməyəcəkdi. Çox güman ki, ona kommunist deyəcəkdilər və o, fikirlərinə az qulaq asılan bir radikal olacaqdı. Lakin radikalların bir önəmli funkiyası var - cəmiyyət bütövlükdə hansısa bir ifrata meyllənəndə onu normal inkişaf məcrasına qaytarmaq. 60-cı illərin Amerikasında Martin Lüter Kinq radikal idi, 80-ci illərdə Ronald Reyqan radikal idi, indi isə Barak Obamaya radikal deyirlər.

«BU MÖVZUDA TƏMKİNLƏ DANIŞMAQ İSTƏMİRƏM!»


Bu da Amerika siyasi tarixindən sonuncu nümunə: «Bu mövzuda mən təmkinlə fikirləşmək, danışmaq, yaxud yazmaq istəmirəm. Yox! Yox! Evi od tutub yanan adama deyin ki, təmkinlə həyəcan zəngini çalsın; ona deyin ki, təmkinliklə öz arvadını onu zorlayanın əlindən alsın; anaya deyin ki, oda düşmüş uşağını tədricən alovdan çıxarsın; amma məni indiki mövzu kimi məsələdə təmkinli olmağa çağırmayın. Mən tam ciddiyəm, ikibaşlı danışmayacağam və bəhanə axtarmayacağam. Bir addım da geri çəkilməyəcəyəm və özümü eşitdirəcəyəm».

Bu radikal sözləri Uilyam Lloyd Qarrison 1831-ci ildə «Liberator» jurnalında dərc etdiyi «Xalqa» məqaləsində yazıb. Üstündə radikallıq etdiyi mövzu isə Amerikanın qaradərili əhalisinin köləliyidir.

AZƏRBAYCAN NƏ SAĞDADIR, NƏ SOLDA

Azərbaycan siyasi spektri hazırda nə sağdadır, nə solda. Bütövlükdə cəmiyyət öz yolunu azmış kimi görünür. Cəmiyyəti saxlayan heç bir müsbət dəyərə ciddi münasibət müşahidə olunmur. Bu dəyərləri ciddi qəbul edib haqq-ədalət tələb edənlər, onun uğrunda hər kəslə münasibəti korlamağa hazır olanlar isə Azərbaycanın indiki standartları ilə radikallardır. Onlara «mədəni olun», «səviyyəni qoruyun», «sivil davranın» deyənlər isə vaxtilə Uilyam Qarrisona və Martin Lüter Kinqə eyni sözləri ABŞ-da demiş adamların əkiz azərbaycanlı qardaşlarıdır.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.