Demokratik mübarizənin məntiqi

Mübarizə mübarizədir, fərqi yoxdur hansı məsələ üstündə gedir, yaxud qarşıduran tərəflər kimdir. Qalib gəlmək istəyən tərəf qətiyyət, rəqibin basqılarına səbrlə sinə gərmək və sonadək ardıcıllıq nümayiş etdirməlidir.

Amma o da var ki, Azərbaycandakı mübarizə şərtlərinin öz özəllikləri var.

İki siyasi liderin sitatı ilə vəziyyətə aydınlıq gətirməyə çalışaq:

1. Musa peyğəmbər yəhudiləri səhrada 40 gəzdirəndən sonra bütün o regionda yeganə yeri tapdı ki, orada neft olmasın (İsrailin baş naziri Qolda Meyr).
İnsafən demokratik qüvvələr ciddidən-ciddiyə döyüşəndə ortada nailiyyətlər də olur. Son iki ay ərzində müxalifət altı etiraz aksiyası keçirib. Artıq Bakı Şəhər İcra Hakimiyyətinin qadağasının əvvəlki nüfuzu yoxdur

2. Əgər cəhənnəmin içi il yeriyirsənsə, addımlarını yavaşıtma, yoluna davam et (Britaniya baş naziri Uinston Çörçil).

Birinci sitat Azərbaycanın problemlərinin qaynağına işarə edirsə, ikinci sitat çıxış yolu təklifidir.

KLİNTONUN SƏFƏRİNDƏ NƏYİ QABARDAQ?

Hillari Klintonun Azərbaycana səfərini bir xeyli baxış bucağından şərh etmək olar:

«Bakıya gəldi, dedi ki, 18 il ərzində ölkə inkişaf edib» də demək olar, Heydər Əliyevin məzarı üstünə gül qoymaqdan imtina etməsini də qabartmaq olar;

«Ukrayna və Gürcüstandan fərqli olaraq Azərbaycanda müxalifət liderləri ilə görüşmədi», «demokratiyanın uzun bir yol olduğunu vurğuladı» da demək olar, «Azərbaycanda demokratiya ABŞ üçün əsas prioretlərdəndir dedi» də demək olar.

NƏ ŞİŞ YANSIN NƏ KABAB

Reallıq isə budur ki, ABŞ dövlət katibi Azərbaycanda avtoritarizmi açıq dəstəkləyəcək bir səviyyəyə düşə bilməzdi və düşmədi də, lakin demokratik düşərgənin hazırkı qüvvəsinin ölkədə hakimiyyəti dəyişmək üçün yetərli olmadığını görübən Əliyev hökumətinə açıq müharibə də elan edə bilməzdi və bunu zatən etmədi də. Səfər «nə şiş yansın, nə kabab» ruhunda keçdi. Bəs elə isə bu səfərdən nə nəticə hasil olur?

MÜXALİFƏT İSTƏDİYİNİ EDİR

Sualın cavabını Çörçil verib: Çətindir, ağırdır, amma yola davam etməkdən başqa çarə yoxdur. İnsafən demokratik qüvvələr ciddidən-ciddiyə döyüşəndə ortada nailiyyətlər də olur. Son iki ay ərzində müxalifət altı etiraz aksiyası keçirib. Artıq Bakı Şəhər İcra Hakimiyyətinin qadağasının əvvəlki nüfuzu yoxdur. Müxalifət istədiyi yerdə, istədiyi vaxt öz etiraz aksiyalarını təyin edir və keçirir. Bu nümayişləri dağıdırlar, insanları həbs edirlər, amma bir anlığa indiki vəziyyəti məsələn 2007, 2008, yaxud lap elə 2009-cu illə müqayisə edin. Fərq ortadadır.

17 İLİN SÜSTLÜYÜNÜ 2 AYA ARADAN QALDIRMAQ

Hələ ki, müxalif düşərgənin aksiyaları cəmiyyətin siyasi süst hissəsini prosesə cəlb edə bilməyib.

Lakin nəzərə alsaq ki, bu süstlük 17 ilin süstlüyüdür və müxalifət cəmi iki aydır ki, indiki aktivliklə işləyir, bunu da başa düşmək olar. Demokratik qüvvələr öz mübarizələrində, öz aksiyalarında ardıcıl olduqca daha çox insanın proseslərə qoşulması sadəcə bir zaman məsələsidir. Hələliksə... Çörçilin sitatına bir daha nəzər salmaq pis olmaz: Əgər cəhənnəmin içi ilə yeriyirsənsə, addımlarını yavaşıtma, yoluna davam et.