Rəşid Şerifə: ay necə çəkməli əyyam idi!

Sevda İsmayıllı

Bu yazını istirahət günündə yazmaya da bilərdim, deyilmi?

Məndən yazı istəyən yoxdu ki?

Yoxdu!

Bəs onda mənə nə düşüb ki, günün günortaüstü yemək bişirmək əvəzinə Rəşid Şerifə məktub yazıram?

Hər şey Azadlıq.orq saytına girişdən başladı.

Yemək bişirməzdən əvvəl dünyada nə var-nə yox –bilməlisən, axı...

Onda yemək daha dadlı olur.

Büdcəyə dəyişikliklərlə bağlı prezident fərmanını görən kimi oxumağa girişdim.

Yəqin hamınızın diqqəti saytımıza ilk girişdə ona yönəldi.

Büdcənin gəliri bu qədər. Xərci bu qədər.

Selə bu qədər. Müdafiəyə bu qədər.

Yola filan qədər.

Səhiyyəyə filan qədər.

Və ...elmə...bu qədər!

Ay, nə qədər güldüm...

Ay səni, Vuvuzela!

Sonuncu dəfə sənin dünya çempionatındakı zəfər yürüşünə belə gülmüşdüm! Ürəkdən...

Bir də, indi güldüm.

(Nə qədər nəşəsiz həyat keçiririk, deyilmi?).

Lətifəsi bizdən uzaq, yadıma Üzeyir bəyin adı bəlli qəhrəmanı düşdü...

Hamı ondan para istəyir.

O, deyinə-deyinə hamını razı salır. İntelligenti də, qəzetçini də, qoçunu da.

Təkcə bir nəfərdən başqa.

O bir nəfəri hamınız yaxşı tanıyırsınız.

Onun kim olduğunu deməyə ehtiyac varmı?

Bax, 3 milyon həmin bir abbası timsalındadır.

O abbasıyla o adam onsuz da neyləyəcəkdi ki?

Həyatı dəyişəcəkdi? Yox! O dövrün Bakısında bir abbasıya nə almaq olardı ki?

Ev-eşik sahibi olacaqdı? Yox! O, Bakının küçələrində gecələyirdi.

Başı saçlı olacaqdı? O da yox! O dövrdə Bakıda çətin ki, saç əkən tapılardı.

Bəs onda bütün film boyu o adam niyə bir abbasısını istəyir? Özü də, təkidlə!

Hamı da halına acımaqdansa, ona gülür...

Bu dəfə abbasını verdilər.

Di get, necə istəyirsən, yaşa...

Həyatını dəyiş! Görüm, dəyişə bilirsənmi?

Dünyaya qovuş, dünyalı ol! Ola bilərsənmi?

Ölkədə elmin bənzərsiz (qəsdən öz dilimizdə verdim) inkişafından danış. Görüm, danışa bilirsənmi?

Nə karikaturalıqdır!

Rəşid Şerifi o üzdən arzuladım.

Filana filan qədər...

İnfrastruktura filan qədər...

Bəhmənkəsə də filan qədər!

Amma hambala... pardon... bir abbası!