200 milyon dolları daha hara sərf etmək olardı?

Azərbaycanın Belarusa görünməmiş sürətlə - «bir sutkadan da az müddət ərzində» 200 milyon dollar ödəməsi bir neçə gündür ki, əsas ictimai maraq kəsb edən mövzulardan biri kimi qalmaqdadır. Məsələ bundadır ki, bu addımı həm hüquqi, həm də iqtisadi baxımdan qiymətləndirməyə hamı çətinlik çəkir.

200 milyon dollar hansı formada ödənilib? Bunu heç kim bilmir. Təxminən 5 milyard dollardan artıq valyuta ehtiyatı olan Belarusun Azərbaycanın köməyinə nə ehtiyacı var? Bunu da heç kim bilmir.

Nəhayət, Belarusla Rusiyanın münasibətlərinin pisləşdiyi vaxtda bu addımı ilə Azərbaycan nə demək istəyir? Bunu da heç kim bilmir.

Normal dövlətdə hökumətin üç şəffaflıq pəncərəsi olur – parlament, KİV-lər və bir də müstəqil məhkəmələr.

Azərbaycanda bu üç atributun heç biri hökumətin fəaliyyətində şəffaflıq yaratmaq iqtidarında deyil. Elə bu səbəbə görə Azərbaycan sanki krallıq kimi idarə olunur – hakimiyyət hər hansı addımı ilə bağlı özünü hesabat verməyə borclu hesab etmir.

Necə olur ki, «bir sutka ərzində» Belarus üçün 200 milyon tapan hakimiyyət on yeddi ildir ki, insanların əmanətlərini qaytarmaq üçün vəsait tapa bilmir?
Xatırladaq ki, bu yaxınlarda ölkə daşqınlardan ziyan çəkmiş ərazilərə yardım üçün 300 milyon dollar vəsait ayırmışdı. Məsələyə bu aspektdən yanaşanda 200 milyon dollar o qədər də az vəsait deyil. Amma neft gəlirlərinin müvəqqəti çoxluğundan reallıq hissini itirmiş hökumət üçün bu ədədlər hər hansı məzmun kəsb etmir, onlar hara və nə qədər xərclədiklərinin fərqində deyillər. Amma fərqində olsalar xərcləmək üçün vacib ünvanlar tapmaq mümkündür.

200-300 MANATA ƏN BAHALI ŞƏHƏRDƏ

Bir dəfə bir türk jurnalisti Bakı haqqındakı təəssüratlarını qələmə almışdı. Şəhərdəki qiymətlər və bahalıq onu heyrətə gətirmişdi. Ancaq onu ən çox təəccübləndirən əhalinin 200-300 manatla bu qədər bahalı şəhərdə necə yaşaması olmuşdu.

Həqiqətən də, təəccüblüdür. Amma insanların böyük əksəriyyəti minimum tələbatlarını ödəməklə məşğuldur. Əvvəllər yoxsulluğun statistikası ilə bağlı bəzi rəqəmlər deyilirdi. Düzdür, bu ədədlər reallığı əks etdirmirdi, amma hər halda yoxsulluq bir sosial problem kimi az da olsa etiraf olunurdu. Daha belə bir statistika açıqlanmır. Bunu daha çox onunla izah edirlər ki, əhalinin yoxsul təbəqəsi sosial müavinət alır. Amma müxtəlif adamların etirafına görə bu müavinətlərin demək olar ki, yarısı məmurlar tərəfindən mənimsənilir.

İndi qəribə mənzərə yaranır. MDB məkanındakı tədqiqatlara görə Belarusda insanların əmək haqqı Azərbaycandakından daha yüksəkdir, qiymətlər də müqayisədə ucuzdur. Belə olan təqdirdə sual yaranır: Belarusun milyonlara ehtiyacı var, yoxsa Azərbaycanın?

SOVETDƏN QALMA ƏMANƏTLƏR QAYTARILACAQMI?

Bu da maraqlı problemdir və Azərbaycanda geniş müzakirə olunur. Bəzi respublikalarda artıq problem öz həllini tapıb, əhalinin əmanətləri indeksasiya olunaraq qaytarılıb.

Azərbaycanda da son vaxtlar problemlə bağlı müsbət tendensiya müşahidə olunur, ən azı problem müzakirə olunmaq mərhələsindədir. Amma digər məsələlərdə olduğu kimi burada da hələki dəqiqlik yoxdur. Nə vaxt qaytarılacaq? Nə qədər qaytarılacaq? Hələ heç kim bu sualların dəqiq cavabını bilmir. Və yenə də sual yaranır: necə olur ki, «bir sutka ərzində» Belarus üçün 200 milyon tapan hakimiyyət on yeddi ildir ki, insanların əmanətlərini qaytarmaq üçün vəsait tapa bilmir?

NANOTEXNOLOGİYALAR: EKZOTİKA, YOXSA REALLIQ?

Yox, bu, artıq ekzotika deyil – dunyada bu sahəyə ayrılan maliyyə vəsaiti 50 milyard dolları keçib. Bir çox dövlətlər ciddi şəkildə bu sahədəki elmi tədqaqatları maliyyələşdirməklə məşğuldurlar.

Azərbaycanda da məsələnin tədricən ictimailəşməsi prosesi baş verir. Müəyyən tədqiqatlar da aparılır, hətta ilk uğurlar da var. Amma bütün tədqiqatlar ancaq xarici fondların hesabına həyata keçirilir. Ölkə hələ də bu sferanı maliyyələşdirməklə bağlı ciddi planlara malik deyil. Məsələnin perspektivi ilə bağlı bircə detalı qeyd edək ki, nanotexnologiyaların tətbiqi ölkənin öz dövrünü başa vurmuş qurudakı neft yataqlarına yeni həyat vermək iqtidarındadır.

Yenə də sual yaranır: əgər 200 milyon dollar Azərbaycan üçün böyük məbləğ deyilsə, onu Belarusa yox, məhz bu sahəyə, ölkə elminin inkişafına yönəltmək daha düzgün olmazdımı?